Azərbaycan milli komandasının sabiq baş məşqçisi və AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Sportal.az saytına açıqlama verib.
Təcrübəli mütəxəsis "Neftçi" (0:1 ) və "Sumqayıt"ın (0:0) avrokubok oyunlarını dəyərləndirib:
"Neftçi" "Dinamo" ilə oyuna nisbətən "Olimpiakos"la matçda daha yaxşı təsir bağışladı, layiqli mübarizə apardı. Yunanıstan klubunun avrokuboklarda təcrübəsi var, amma oyun praktikası yoxdu, bu mövsüm rəsmi oyun keçirməyiblər. Bu baxımdan "Olimpiakos"un problemi var idi, "Neftçi" də bundan istifadə edə bildi. Gərgin matç keçdi. "Neftçi" "Olimpiakos" üçün zəif, rahat məğlub edəcəyi rəqib olmadı. Təmsilçimiz ən yaxşı oyunlarından birini oynadı.
Yunanıstan təmsilçisi təcrübəli komandadı. Harada necə oynayacağını, gücünü necə sərf edəcəyini bilir. "Olimpiakos"u keçmək mümkündür, 0:1 elə bir hesab deyil ki, hər şeyin bitdiyini düşünək. "Neftçi" rəqibin qapısına yol tapmalıdır. Amma mütəxəssis kimi baxsaq, "Olimpiakos" elə-belə rəqib deyil. Bakıda daha yaxşı oynaya da bilər.
"Olimpiakos" təlim-məşq toplanışından yeni çıxıb, ilk rəsmi oyunları idi. Bunlar futbolda önəmli amillərdir. Həm də "Neftçi"yə yuxarıdan aşağı baxırdılar. Çərçivəni gənc qapıçıya həvalə etmişdilər. Amma cavab oyununda "Neftçi"hə ciddi yanaşacaqlar.
"Sumqayıt"ın səfərdə qazandığı nəticə yaxşıdı. Amma mən Ayxan Abbasovun komandasının işinin daha çətin olacağını düşünürəm. "Çukariçki"nin göstərdiyi oyun bunu deməyə əsas verir. Yaxşı futbol oynadılar, sadəcə qol vura bilmədilər.
"Sumqayıt" cavab oyununda qələbə qazanmaq üçün hücum etməlidir. Bu zaman müdafiədə boşluqlar verməmək çox vacibdi. "Sumqayıt"ın tarixində ilk dəfə mərhələ adlamaq üçün yaxşı şansı var. Amma "Çukariçki" sıradan bir rəqib deyil. Çətin oyun olacaq. Səfərdə müdafiə olunurdular, Sumqayıtda isə hücum etmək məcburiyyətindədirlər.
Futbol elə oyundur ki, bəxtdən də çox şey asılıdı. Hər iki komandanın şansı var. "Sumqayıt"ın şansının 50/50, "Neftçi"nin isə 40/60 olduğunu düşünürəm".
saytlarin hazirlanmasi