Elvin Bədəlov: "Yaxşı konsentrasiya olmuşduq deyə, qol buraxmadıq" - MÜSAHİBƏ

13:45 - 22 İyul 2021

“Sumqayıt” və milli komandamızın müdafiəçisi Elvin Bədəlov Sportal.az saytına müsahibə verib:


- “Çukariçki”yə qarşı matç haqda təəssüratın necədi?
- Matç gözlədiyim kimi çətin alındı. Axı biz 100 faiz hazır deyilik. Yeni mövsümdə ilk rəsmi oyunumuzu keçirirdik. Ancaq ciddi hazırlaşmışdıq. Əsas odur ki, bizə lazım olan nəticəni qazandıq. Oyundan-oyuna artıracağıq. Ümid edirəm ki, cavab matçında qələbə qazana biləcəyik.

 

- Bütün oyunu müdafiə olunmaqla keçirdiniz. Necə alındı ki, qol buraxmadınız?
- “Çukariçki” yaxşı, cəld komandadı. Oyunboyu yaxşı konsentrasiya olmuşduq. Ona görə də qol buraxmadıq. Yaxşı formada olmasaq da, sona qədər mübarizəmizi apardıq. 

 

- Serb klubunu bu cür güclü gözləyirdiniz? Maraqlıdı, onlar çempionatımızdakı hansı komandaya bənzəyirdi?
- Oyundan əvvəl rəqibi yaxşı analiz etmişdik. Əvvəl gördüyümüzü, oyunda da gördük. Məncə, çempionatımızda “Çukariçki”yə bənzəyən komanda yoxdu. Onlar daha çox cinahlardan oynayır, cərimə meydançasına asmalar edirlər. Künc zərbələrinə də çox önəm verirlər. Bu da balkan ölkələri klublarına xas olan oyun stilidi. Hansı ki, bizim klublarda yoxdu.

 

- “Sumqayıt”ın cavab matçı öncəsi şansları nə qədərdi? Azərbaycandakı matçda daha çox hücum edə biləcəksiniz?
- Sumqayıtda bizim şansımız olacaq. Çünki öz azarkeşlərimiz qarşısında oynayacağıq. Onlar bizim üçün darıxıb, biz də onlar üçün. Azarkeşlər bizi irəliyə səsləyəcək və belədə biz daha çox hücum edəcəyik. Evdə qol vurub, mərhələ keçəcəyimizə ümidliyik.

 

- “Çukariçki”ni keçsəniz, böyük uğur, böyük sürpriz hesab olunacaq?
- “Çukariçki” səddini keçsək, klub üçün böyük uğur hesab olunacaq. “Sumqayıt” beynəlxalq arenada tarix yazmış olacağıq. Əmin olun ki, bunun həyata keçməsi üçün əlimizdən gələni edəcəyik.

Xəbər xətti