"Aşdod"un baş məşqçisi: "Cavab oyununda hər iki komanda hücumameyilli oynayacaq"

22:18 - 22 İyul 2021

Konfrans Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ” – “Aşdod” matçından sonra təşkil olunan mətbuat konfransında öncə İsrail təmsilçisinin baş məşqçisi Ben Şimon iştirak edib. 

 

Sportal.az xəbər verir ki, Şimon matçla bağlı bunları deyib: “Müdafiədən danışmaq istəyirəm, yaxşı müdafiə olunduq. Hesab bizi qane edir. Cütün taleyi ikinci oyuna qalır. Aşdodda hər şey sıfırdan başlayacaq. Çox keyfiyyətli komandaya qarşı oynayırdıq. Meydanın ot örtüyü bərbad idi. İsraildə bu cür meydançalar yoxdu. Meydanda daha yaxşıdı.

 

- “Qarabağ” sizi nə ilə təəccübləndirdi?
- “Qarabağ”ın “Makkabi” ilə oyunundan bu yana üç oyununu izləmişdik. Avstriyadakı toplanışdakı matçlarını da görmüşdük. Bu gün topla yaxşı davransalar da, müdafiə xəttimizi keçməkdə çətinlik çəkdilər. Bizim də əsas hədəfimiz bu cür idi.

 

- İsraildəki matçda hansı komanda daha çox riskə gedəcək?
- Həqiqətən də bugünkü oyun cütün taleyini 50/50-ə endirdi. Hər şey ikinci oyunda həll olunacaq. Cavab oyununda “Qarabağ”ın keyfiyyətinə uyğun oyun quracağıq. Nəticənin necə olacağını isə Allah bilir. Bugünki oyunda müdafiəyəmeyilli oldusa, cavab oyununda hər iki komanda hücumameyilli oynayacaq. Son dəqiqələrdə hücumameyilli oynadıq ki, bəlkə nəyisə dəyişək. 14 ildən sonra avrokuboklarda oynayırıq, cavan komandayıq. Ümidvaram ki, daha yaxşı nəticə olacaq.

 

- Meydançanın ot örtüyü ideal vəziyyətdə olsaydı, daha yaxşı “Aşdod” görə bilərdik? 
- Bu hər iki komandaya da təsir etdi. Mövsümün əvvəlidi. Meydança da oyunun keyfiyyətinə müəyyən qədər təsir göstərdi.

 

- Matç bitəndən sonra adətən məşqçilər bir-birilə görüşür. Qurban Qurbanov siz tərəfə gəlib görüşmək istəsə də, siz meydançaya doğru getdiniz...
- Qurban Qurbanovun məşqçi və futbolçu karyerasına bələdəm, buna da hörmətlə yanaşıram. Oyundan sonra öz oyunçularıma təşəkkür bildirmək istəyirdim, buna görə də futbolçulara doğru getdim. Ancaq mətbuat konfransından sonra Qurbanovla görüşəcəyəm. Göstərdiyiniz qonaqpərvərliyi görə təşəkkür edirəm. Formula 1 yarışlarını izləmək istəyirəm.

 

- İsrail daima Qarabağ məsələsində Azərbaycanın yanında idi. Gələcəkdə “Qarabağ” “Aşdod”la qarşılaşarsa, oyun Ağdamda keçirilməli olsa, buna necə reaksiya verərsiniz?
- İdmanı təmsil edirəm, doğulandan da sülhün tərəfdarıyam. İstəyirəm ki, “Qarabağ” öz meydanında oynasın. Amma siyasətlə futbolu qatmaq niyyətində deyiləm.

Xəbər xətti