Dünən dünyanın gözü bir anlıq Kiyevdən Bakıya, döyüş meydanından futbol meydanına yönəldi. “Qarabağ” – “Marsel” oyununda yaşanan hadisə dünyanın bir çox aparıcı media orqanları tərəfindən işıqlandırıldı. Çünki ədalətsizliyin baş alıb getdiyi dünyada, Qurban Qurbanov ədalət nümunəsi göstərmək qərarına gəldi dünyaya.
Və qınandı da buna görə... Təəssüf, bir insanın ədalətli olmaq niyyəti, əli əyriliklə, fırıldaqçılıqla deyil, dürüstcəsinə uğur qazanmaq istəyi bəzilərinə xoş getmədi. Qələbə qazanmaq üçün bütün vasitələrin keçərli olduğunu düşünən qisim üçün sərf eləməyəndə ədalətli olmağın gərəksizliyi arqument kimi səslənməyə başladı. Bəli, məhz sərf eləməyəndə! Çünki gündəlik həyatımızda çoxlarının ədalətsizlikdən gileyləndiyi, dürüstlüyün vacibliyini israr etdiyi halda, sərf eləməyəndə susmağı üstün tutması acı mənzərədi.
“Qarabağ”a qarşı çox haqsızlıqlar olub bu illər ərzində. Elə Qurban Qurbanovun şəxsinə qarşı da az haqsızlıqlar olmayıb. Amma bu o demək deyil ki, haqqın tapdanıbsa, sən də kiminsə haqqına girməklə doğru edirsən.
Açığı, oxşar vəziyyətdə bir çox məşqçilər susmağı, əllə vurulan qola qəbullanmağı üstün tutardı. Yeri gəlmişkən, Xorxe Sampaoli də oyundan sonra etiraf edib ki, hakimin qərarının dəyişməsinə razı olmazdı və qolu qeyd edərdi. Qurban Qurbanov isə ən çətinini etdi, ədalətli olmağı üstün tutdu. Hərçənd, 34-cü dəqiqədə hesab bərabərləşsəydi, “Qarabağ” oyunun gedişini də, yekun nəticəni də dəyişmək üçün imkan qazanardı. Amma Qurban Qurbanov istəmədi, bu cür istəmədi.
Həm Marseldə, həm də Bakıdakı oyunda yekun nəticə fərdlərə görə oldu. Bizdə fərdi səhvlər, onlarda fərdi ustalıq. “Marsel”in baş məşqçisi də hər iki oyunda “Qarabağ”ın daha yaxşı oynadığını, amma nəticəni fərdi ustalıq hesabına qazandıqlarını etiraf etməsi həm də Qurban Qurbanovun məşçqi kimi ortaya qoyduğu işə verilən qiymət idi. “Qarabağ”ı hər iki oyuna yaxşı hazırlayan təcrübəli mütəxəssisin əlinin altında daha səviyyəli futbolçuların olmamağı məğlubiyyətə səbəb oldu. “Qarabağ” məğlub oldu, amma Qurban Qurbanov meydanı qalib kimi tərk etdi. “Qarabağ” – “Marsel” oyunu onun, ədalətin təntənəsi oldu.
Emin ABBASOV
P.S. Son vaxtlar ortaya belə bir fikir atılmağa başlayıb ki, Qurban Qurbanovun tərifə ehtiyacı yoxdur. Əlbəttə, Qurbanovun tərifə heç bir ehtiyacı yoxdur, amma tərif olunmağa haqqı var. Belə hiss olunur ki, onun ictimaiyyət arasında nüfuzunun artması, haqqında tez-tez tərifi fikirlər səslənməsi kimlərisə çox narahat edir. Dünənki hadisə bir daha göstərdi ki, Qurban Qurbanov bu cəmiyyətdə tərifə haqq eləyən adamdı. Ehtiyacı olsa da, olmasa da!
saytlarin hazirlanmasi