"Çempionatın sonuna qədər hansısa klubun “Qarabağ”a çatması çətin görünür" - MÜSAHİBƏ

14:23 - 14 Mart 2022

Azərbaycanlı futbol veteranı Aslan Kərimov Sportal.az saytına müsahibə verib.

- "Qarabağ" hazırda ölkə çempionatının vahid lideridi. Bu mövsüm onlara turnir cədvəlində digər komandaların çatacağını ehtimal edirsiniz, yoxsa onlar çempion olacaq?
- Çempionatın sonuna qədər hansısa klubun “Qarabağ”a çatması çətin görünür. Bunun baş verməsindən ötrü, “Qarabağ” qarşıdakı oyunları bərbad keçirməli, rəqibləri isə xal itkisinə yol verməməlidi. Onlara çata biləcək komandaların potensialına baxsaq, hazırki vəziyyətdə bəlkə ən yaxını “Neftçi”di. Amma “Qarabağ” həmin səhvləri buraxası deyil. Hesab edirəm ki, bu gedişlə mövsümün çempionu “Qarabağ” olacaq.

- "Qarabağ"ın legionerləri Avropa klublarının diqqət mərkəzindədi. Sizcə, yayda əksər futbolçuları komandada saxlaya biləcəklər?
- Daxili çempionatda oynayarkən səni qiymətləndirə bilmir rəqiblər. Amma avrokuboklarda oynayanda, xarici klublar futbolçularını görür. Avropanın ortabab klubları qiyməti ucuz, perspektivli oyunçular axtarırlar. Belə oyunçular da “Qarabağ” kimi klublardan çıxa bilir. Bu baxımdan futbolçuların həmin klubların diqqət mərkəzində olması normaldı. 

- Hazırki heyəti saxlayıb, əlavə olaraq da hansı mövqelərə yeni transferlər edilərsə, komanda qarşıdakı mövsüm Çempionlar Liqasında qruplara qalmaq uğrunda mübarizə apara bilər?
- Daxili çempionatdakı iştirakdan söhbət gedirsə, “Qarabağ”ın o güclənməsinə ehtiyac yoxdu. Bu heyətlə də çempion ola biləcəkləri şübhəsizdi. Amma qarşıya qoyduqları vəzifədən çox şey asılıdı. Başa düşdüyüm qədərilə əslində, "Qarabağ" bu də Çempionlar Liqasında qrupuna düşmək niyyətindədi. Bunun üçün güclənməyə lazım gələcək. Mövqelərə gəldikdə, tək mən yox, futbol icitmaiyyətində olan insanlar da komandanın qol vura bilən hücumçuya ehtiyac olduğunu açıq-aşkar görür. Ola bilər ki, Çempionlar Liqasının ilkin mərhələlərində İbrahima Vadji yaxşı performans göstərsin. Amma sonrakı mərhələlər üçün, Çempionlar Liqasının qrupunda oynamaqdan ötrü Vadji kifayət deyil. Əməlli-başlı hücumçuya ehtiyacları var. Qapı mövqeyində də güclənməyə ehtiyac var. Ən azından Luka Quqeşaşvilidən daha təcrübəli, daha keyfiyyətli qapıçıya ehtiyac duyulur. Bu iki mövqe “Qarabağ”ın oyununda əsas açar mövqelərdi. Avrokuboklarda yaranan qol epizodlarından istifadə edilməməsi, qapıçı səhvləri komandanın hansı mövqelər üçün güclənməli olduğunu açıq-aşkar göstərdi. Onların yeirnə hansı səviyyədə, hansı qiymətə oyunçuların gələcəyi də maraqlıdı. Bunları öncədən bilmək çətindi. Ola bilər, başqa qapıçı gətirərlər, bundan da pis çıxar. Və ya hücumçu gətirərlər, İbrahima Vadji ondan daha keyfiyyətli olsun. Bir az lotoreya kimidi.

- "Qarabağ"ın mövsümü "qızıl dubl"la bitirmək şanslarını necə dəyərləndirirsiniz?
- Onların bunu edə biləcəyinə şübhə yoxdu. Sadəcə, kubok matçları fərqlidi. Potensialı aşağı olan klub da “Qarabağ"ı turnirdən kənarlaşdıra bilər. Bunu bir dəfə “Sumqayıt” edib. Həmin vaxtı “Qarabağ” oyunu ilə indikindən geri qalmırdı. Amma “Sumqayıt” indiki vəziyyətindən daha yaxşı durumdaydı. Doğru, düzgün seçilmiş taktiki gedişlə “Qarabağ”ı kubokda keçmək mümkündü. Amma istənilən halda “Qarabağ”ın “qızıl dubl” etməsi şübhə doğurmur. 

- "Qarabağ"ı bu mövsüm məğlub edən yeganə komanda "Səbail"di. Ağdam təmsilçisi digər matçlarda rəqiblərini məğlub etməyi bacarır. Sizcə, rəqiblər nəyə görə "Qarabağ"ın təzyiqinə tab gətirə bilmir?
- Rəqiblərinin bu təzyiqə dözə bilməməsinin səbəbləri, oyunçu potensialıdı. Məşqçilik baxımından hazırki çempionatda olan yerli məşqçilərin heç biri Qurban Qurbanovdan açıq şəkildə geri qalmır. Ayxan Abbasov da vaxtilə taktiki gedişlər hesabına “Qarabağ”ı kubokdan uzaqlaşdırmışdı. Bu məşqçilərlə Qurban Qurbanov arasında fərq yerlə-göy qədər deyil. Sadəcə nəticələrə görə çox geridədilər. Onların da imkanları olsaydı, klub imkanlar yaratsaydı, yaxşı nəticələr göstərə bilərdilər. Rəqibin təzyiqinə dözə bilməmək oyunçu potensialının sayəsindədi. Ki, yəni bu oyunçularla bundan artığını etmək mümkün olmur. “Qarabağ”ın oyunçularının digər futbolçularla qiymətini müqayisə etsək...Mübarizə aparmaqda çətinlik yaranır. Bəlkə “Neftçi”də onlarla rəqabət apara biləcək yerlilər var. Onların da sayı azdı. “Qarabağ”da isə keyfiyyətli yerlilərin sayı çoxdu. Bu baxımdan digər klubların “Qarabağ”a qarşı oynayarkən şansı çox az olur. 

- Son turlarda "Neftçi" oyun ərzində rəqiblərindən açıq şəkildə üstün oynamasa da, ardıcıl 4 qələbə qazana bilib. Demək olar ki, "Neftçi" işlər qaydasına düşüb?
Əslində, hansı hesabla qələbə qazanmaqları önəmli deyil. Vacib olan 3 xal qazanmaqdı. "Neftçi" az qol vurdu, çox qol vurdu, əsas odur qalib gəlir. Əslində, eyni oyun üslubudu. Hərçənd ki, “Neftçi” 2-ci dövrədən sonra bir az fərqli oynamağa başlamışdı. "Dördlü" və ya "beşli" müdafiə oynamalarınl önə çıxarmıram. Əsas prinsiplərin üzərindən oynayırdılar. Hər halda bir az fərqli oyun üslubu göstərməyə çalışdılar. “Dördlü” müdafiə oynadıqları halda da, əsas prinsiplərindən geri qalmırdılar. Nəyi nəzərdə tuturam? Hücumların təşkili zamanı yenə də 3 nəfərlə arxadan oyun qurmağı tərcih edirlər. Cinahda oynayan Yusuf Laval həm yarımmüdafiəçi, həm də müdafiəçi kimi çıxış edirdi. Əsas prinsiplər var idi ki, Samir Abasov onlara sadiq qalmışdı. Yenidən artıq öz istədiyi, bildiyi kimi komandanın öyrəşdiyi üslubda oynayaraq qələbələri qazana bilirlər. Sözsüz ki, müdafiə olunarkən daha az səhvlərə yol verirlər. Bu da qələbə qazanmaqlarına gətirib çıxarır. Ancaq “Neftçi”nin də yaxşı hücumçuya ehtiyacı var. “Neftçi”nin Sabir Buqrinə qədər olan oyunu, Buqrindən sonrakı oyununu müqayisə etsək, görərik ki, həmin futbolçunun zamanında orta xətt daha yaradıcı olurdu. Buqrinin qeyri-standart gedişləri açıq-aşkar görünürdü. Eddi İsrafilovla isə meydanın mərkəzində bir az aqressivdilər. Eddi, Sabir Buqrin qədər yaradıcı deyil. Baxmayaraq, topla davranışı yaxşıdı. Mənfi hal, Buqrinin qeyri-standart gedişlərinin olmamasıdı. Ola bilər, məhz buna görə komanda indi az qol vurur. Müdafiə baxımından işlərini daha yaxşı görə bilirlər. Meydanın mərkəzində daha böyük qüvvə saxlaya bilirlər. Az qol vursalar da, amma sonda qalib gəlirlər. 
 

Mirbağırağa

Xəbər xətti