Üç gün əvvəl qadınlardan ibarət Azərbaycanın U-17 yığması AVRO-2022-nin seçmə mərhələsindəki son oyununda Şotlandiyaya 0:6 hesabı ilə uduzaraq qrupdakı çıxışını dayandırdı. Bundan əvvəl isə azərbaycanlı qızlar Şimali Makedoniyaya (0:3) və Albaniyaya (0:1) məğlub olmuşdu. Kişi futbolu ilə yanaşı qadın futbolumuzda da inkişaf olmadığı açıq-aşkardı. Hazırda İsveçdə “Örebro” klubunda həm oğlan, həm də qadın komandalarında çalışan Valeh Qafarov Sportal.az saytına müsahibəsində futbolumuzun durumundan söz açıb.
- Azərbaycanın qadınlardan ibarət U-17 yığması seçmə mərhələni uğursuzluqla başa vurdu, bütün matçları məğlub oldu. Yəqin ki, nəticələrdən xəbərdarsınız?
- U-17 yığması qrupda ən azı 4 xal qazanmalı idi. Şotlandiyanı çıxmaq şərtilə, Albaniya və Şimali Makedoniyadan xal almaq olardı. Ancaq bu onu göstərir ki, həm Albaniya, həm də Şimali Makedoniyada qadın futbolu kişi futbolu kimi yüksəlişə keçib. Şotlandiya, İsveç, Danimarka, İspaniya millilərilə başabaş oynamaq bizim üçün real deyil. Ancaq Albaniya və Şimali Makedoniya yığmalarından xal almaq, hətta onlara qalib gəlmək mütləqdi. Millinin uğurlu nəticəsinin olması üçün çempionatımız olmalıdı, çox komanda oynamalıdı. Bütün reagionlarda hər yaş qrupunda qızların komandası olmalıdyaradılmalıdı. Azərbaycanda U-15, U-16, U-17 yığmasına seçimlərdə 40 futbolçuya baxılır, 18-i seçilir, İsveçdə 18 futbolçunu 400 nəfərin içindən seçirlər. Fərqi yoxdu, qız futbolunda da belədi, oğlan futbolunda da. Yəni İsveçdə sistem belə işləyir. Nə vaxt ki, bu sistem bizdə də olacaq, onda millilərimiz güclənəcək, qrupda favorit gözü ilə baxılacaq.
- Deyilənə görə, UEFA 2023/2024 mövsümündən etibarən qadın futbol komandası olmayan klubu avrokuboklara buraxmayacaq. Belə olacağı təqdirdə, klublarımız da qadın komandaları yaratmağa məcburdu. Bu, Azərbaycanda qadın futbolunda təkana kömək ola bilər?
- Hər klubun qadın komandası olması bizdə çoxdan olmalı idi. Qadın futbolu hazırda yüksəlişə gedir və bir neçə ildən sonra daha populyar olacaq. İsveçdə bütün komandalar üçün şərait eynidi. Qız futbolunda da , kişi futbolunda da. UEFA siz deyən qərarı çıxarsa, bu, bizim üçün həm mənfi haldı, həm də müsbət. Mənfi tərəfi odu ki, bizim üçün qısa müddətdə qızlardan ibarət yaxşı komandalar qurub, onlara şərait yaratmaq asan olmayacaq. Yaxşı tərəfi odur ki, hər klubda qadın komandası olacaq, onda bizdə qadın futboluna maraq artacaq və milli komandaya oyunçu seçimi çox olacaq. Yaxşı legionerlər, səviyyəlilər cəlb olunsa, onda qadın çempionatının səviyyəsi də artacaq. Amma millidə azərbaycanlı qızların oynamasının tərəfdarıyam.
- İsveçdə kişi və qadın futbolu nəyə görə Azərbaycandan çox yüksəkdədi?
- Burada qızlar 14-15 yaşına qədər futboldan savayı gimnastika, üzgüçülük, qaçış, akrobatika və hətta xokkeylə məşğul olur. Bu idman növləri də onlara gələcəkdə keyfiyyətli futbolçu olmaq üçün kömək edir. İsveçdə qadın futbolçular çox sürətli, sərt, cəld oynayır, oyun vaxtı tez və doğru qərarlar verir. Mən həmişə düşünürdüm ki, nəyə görə azərbaycanlı futbolçuların 16-17 yaşından sonra Avropa səviyyəsində oynamağa gücü çatmır? Bu sözümlə heç bir futbolçunun xətrinə dəymək istəmirəm. 17 yaşına qədər yaxşı oynayıb, sonradan parlaq matç göstərə bilmirlər bizimkilər. Sonradan anladım ki, uşaq və yeniyetmə futbolçuların futboldan əlavə yuxarıda sadaladığım idman növlərilə də məşğul olması vacibdi. Bunu İsveçdə yeniyetmə qızlar və qadın futbolçularında görürəm. Komandalarımız Avropa komandalarına qarşı sürətdə çatdıra bilmir. Bütün aşağı yaş qruplarımız belədi. Texnikamız güclü ola bilər, amma sürət, fizika, cəldliyimiz və sərtliyimiz olmasa, Avropada bizə texnikamızı göstərməyə imkan verməyəcəklər. Qızlarımıza, oğlanlarımıza məsələhət görərdim ki, imkanları varsa, futbolla yanaşı eyni zamanda yuxarıda sadaladığım idman növlərindən heç olmasa birilə məşğul olsunlar. Uşaqlar üçün meydança, top, geyimlər, yarışlar, hər bir şərait yaradılmalıdı. Sizə bir misal çəkim. Örebro İsveçin ən böyük şəhərlərindən deyil, kəndlər, qəsəbələr olmaqla 300 min əhalisi var. Buna baxmayaraq, burada 100-ə yaxın futbol klubu var. İndi siz fikirləşin, Stokholm, Malmö, Göteborq kimi böyük şəhərlərdə nə qədər futbol klubları fəaliyyət göstərir. Yəni, uşağın harada yaşamasından asılı olmayaraq, şəhərdə, kənddə, qəsəbələrdə futbol klubları var. Uşaqların öz yaş qruplarına uyğun milliyə necə seçilməklərindən danışsam, çox vaxt alacaq.
- Daha az əhalisi olan yerlərdə də belədi?
- Bizim şəhərə yaxın balaca qəsəbə var, Deqerfors adlanır, əhalisi 9500 nəfərdi. Onların futbol akademiyası var, əla şərait qurublar həm qız, həm də oğlan futbolçularına. Əsas komandaları da yüksək liqada çıxış edir. Oranın uşaq məşqçiləri ilə münasibətim yaxşıdı, dostluq edirik, söhbətləşirik. Klubun filosofiyasını mənə danışırlar. Onlar deyir ki, əsas məqsəd öz uşaqlarını yetişdirib elə “Deqerfors”a verməkdi.
- Azərbaycandan uşaq futbolunda da inkişaf görünmür, yoxdu...
- 2012-ci ildə Azərbaycan telekanallarında verilişə baxırdım, uşaq futbolundan və uşaq futbolunun şəraiti, artımını müzakirə edirdilər. İndi fikirləşirəm, artıq 2022-ci ildi, 10 il keçib həmin verilişin üstündən, biz hələ də uşaq futbolundan danışırıq. Elə hiss yaranır ki, biz elə öz yerimizdə qalmışıq. 10 il az müddət deyil. O vaxtdan azı 5 futbolçumuz Avropanın yaxşı və ortabab klublarında oynamalı idi. Ancaq təəssüflər olsun ki, Mahir Emrelidən başqa heç bir futbolçumuz Avropanın tanınmış klubunda oynamır. Milli komandalarımızın nəticələri də ürəkaçan deyil. Veteran futbolçular da uşaq futbolu haqda gözəl fikirlər səsləndirir. Biz də uşaq futbolu haqda danışırıq. Hətta sizə İsveçin sistemi barədə qısa məlumat verdim. Milli komandalarımızın nəticələri göstərir ki, deyəsən biz uşaq futbolundan hələ çox danışacağıq. Onsuzda gecikirik, Avropa futbolundan çox geri qalırıq. Əgər lazım olan şəraiti, sistemi elə bu gün yaratmasaq, millinin bugünkü nəticələrinə şükür edəcəyik. Halbuki hələ də uduzuruq. Avropada uşaq futbolu haqda çox düzgün və iş görülür. Yəni, reallıqda iş gedir, nəinki danışılır. Amma bizdə tərsinədi, danışırıq amma reallıqda heç nə yoxdu, ancaq danışırıq. Xalqımı və Azərbaycanımı çox sevirəm. Çox istəyirəm ki, komandalarımız qalib gəlsin, mən də baxım fəxr edim.
Mirbağırağa