Azərbaycan cüdoçuları Almaniyada birinci yeri tutdular

14:52 - 27 Mart 2023

26 martda Almaniyanın Bremen şəhərində keçirilən gənclər arasında Beynəlxalq Masters turnirində Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.

Sportal.az xəbər verir ki, turnirdə 21 ölkəni, o cümlədən Yaponiya, Braziliya, Almaniya, Fransa və Niderlandı təmsil edən 700-ə yaxın idmançı iştirak edib. Azərbaycan yarışda cüdo üzrə gənclərdən ibarət milli yığma komandanın 17 üzvü ilə təmsil olunub. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edib.

Turnirdə Nicat Şirinov (-60 kq.) və Qadir Hüseynov (-73 kq.) qızıl medal, Aydın Rzayev (-66 kq.) gümüş medal, Əli Hacıyev isə (-60 kq.) bürünc medal qazanıb.

Məmmədrza Hacızadə (-81 kq.) 5-ci yerdə, Əjdər Bağırov, Nicat Şıxəlizadə (-90 kq.), Atabala Niftəliyev, Tamerlan Cabbarov (-100 kq.) və Məhəmməd Məhəmmədzadə (+100 kq.) 7-ci yerdə qərarlaşıb.

Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 1-ci yeri tutub.

Qeyd edək ki, idmançılarımız 27-29 mart tarixlərində Bremendə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.

Xəbər xətti