"Neftçi" və "Qəbələ" klublarının formasını geyinmiş Saşa Yunisoğlu Sportal.az saytına müsahibə verib. O, Azərbaycan kubokunun finalında iki komandanın üz-üzə gəldiyi oyundan danışıb.
- "Neftçi" və "Qəbələ" klublarının üz-üzə gəldiyi finalda hansı tərəfi favorit hesab edirdin?
- Final çox gözəl alındı. Stadionda əsl final ab-havası hiss edilirdi. Təşkilatçılara və hər iki komandaya təşəkkür edirəm. Kağız üzərində təbii ki, "Neftçi" favorit idi. Həm büdcə, həm də heyət baxımından belə düşünülürdü. Ancaq final göstərdi ki, bunlar hamısı kağız üzərində qalıb.
- "Qəbələ" ilk dəqiqələrdən diqtə edən tərəf olduğu üçün düşünürdün ki, bu komanda kuboku qazanacaq?
- Bəli, ilk dəqiqələrdən "Qəbəl" əsl çempionluq oyunu göstərdi. "Neftçi"dən qat-qat həvəsli, əzmkar və sərbəst idilər. "Qəbələ" finalda bütün komponentlərdə "Neftçi"dən üstün idi deyə, layiqli qələbə qazandı. "Neftçi" isə bu oyunda heç nə ilə yadda qalmadı.
- "Neftçi" titulsuz qalmamaq üçün qələbəyə oynamalı idi. Amma bu komanda finalda heç nə ilə yadda qalmadı. Səncə, niyə "Neftçi" bu qədər dişsiz və istəksiz görünürdü?
- "Neftçi" Azərbaycan futbolunun flaqmanıdır. Böyük tarixə malik klubdan danışırıq. "Neftçi" üçün ikinci yer də uğursuzluqdur. Bu klub həmişə çempionluğa oynayır və çempionatda üçüncü yer onlar üçün uğursuzluq idi. Ölkə kubokunun finalında yer almaq, onu qazanmaq isə "Neftçi" üçün mövsümü yaxşı notlarla bitirmək anlamında əla şans oldu. Elə buna görə də, "Neftçi"nin futbolçuları böyük təzyiq altına düşdülər. Son saniyəyə qədər də bu təzyiqdən çıxa bilmədilər. Əksinə, "Qəbələ" isə işini çempionatda həll edərək avrokuboklara vəsiqəni qazanmışdı. Final oyunu onlar üçün əlavə motivasiya idi. "Qəbələ" uduzsaydı da, onlara əhsən düşürdü. Bunu dərk edirdilər və final matçında rahat oynadılar.
- Bu mövsüm "Neftçi" nə çempionatda, nə də kubokda uğur qazandı. Komandanın əsas problemi nədir?
- Komandanın içində olmadığım üçün bir şey demək çətindir. Amma oyunlara baxanda demək olar ki, "Neftçi" qeyri-stabildir. Ehtiyat skamyası çox kasaddır. Legionerlərin bəziləri də "Neftçi" səviyyəsində deyidilər. Klub çox gəncə şans verirdi. Amma vacib matçlarda gənclərin təcrübəsi çatmırdı. Final oyununda Eddi İsrafilovun əvəzinə meydana Fərid Yusifli buraxıldı. "Neftçi" də qapısında qol gördü və uduzdu. Məncə, "Neftçi"də yerlə və legioner seçimində ciddi dəyişikliklər olmalıdır. Bu büdcə ilə "Neftçi"dəki legionerlərin səviyyəsi indikindən ən azı ikiqat yüksək olmalı idi.
- Necə düşünürsən, Laurentsiu Regekampf postundan getməlidir? O getsə, "Neftçi"də işlər qaydasına düşəcək?
- Regekampf qalsa, heç nə dəyişməyəcək. Məncə, həm millidə, həm də "Neftçi"də azərbaycanlı məşqçilər işləməlidir. Yerli məşqçilərimiz Laurentsiu Regekampfdan heç nə ilə geri qalmırlar. Hətta bəzi komponentlərdə onu üstələyirlər. Azərbaycanlı məşqçiyə şans verib, seleksiya işlərini kökündən dəyişməklə, "Neftçi"yə uğur qazanadırmaq mümkündür. Əks halda, eyni "Neftçi"ni gələn il də görəcəyik.
- "Neftçi" artıq gələn ay avrokuboklarda mübarizəyə başlayacaq. Bu mövsümkü vəziyyəti ilə komandanın qruplara düşəcəyinə inamın var?
- Bu "Neftçi"nin avrokuboklarda qruplara düşməsi çətin görünür. Bir-iki mərhələ keçsələr uğur saymaq olar. Azərbaycanlı azarkeşlər "Neftçi"ni başqa cür görmək istəyir. Güclü, ambissiyalı, motivasiyalı və gələcəyə ümid verən komanda kimi. Əminəm ki, bunu hamı başa düşür. İşlərin qaydasına düşməsi üçün klubda da müəyyən addımlar atılır. Ümidvaram ki, gələn mövsümdən etibarən başqa "Neftçi" görəcəyik.
Mirbağırağa
saytlarin hazirlanmasi