Almaniyadakı oyundan sonra baş tutan görüş - Xabi Alonsonun Qurban Qurbanova olan ehtiramı

19:04 - 17 Mart 2024

"Qarabağ" Avropa Liqasının 1/8 finalında mübarizəni dayandırsa da, bütün Avropa Qurban Qurbanovun şah əsəri olan komandadan danışır. Həm Bakıda, həm də Leverkuzendə "Bayer" kimi rəqiblə belə mübarizə aparmağı hər komanda bacarmazdı, "Qarabağ" bacardı. Qələbənin bir addımlığından qayıtdı Qurban Qurbanovun komandası. 

"Bayer" Avropa Liqasında "Qarabağ"la qrup rəqibi olduğu üçün Qurban Qurbanov Almaniya təmsilçisini yaxşı tanıyırdı. İki dəfə oynamışdılar onlara qarşı. 1/8 final mərhələsinə təsadüf edən növbəti iki oyun üçün Qurban Qurbanov ideal təhlil etmişdi rəqibini. Mərhələni keçmək üçün xırdalıqlar çatmadı. Bakıdakı matçda Romao və Elvin Cəfərquliyevin cəzalı olmaları səbəbindən əvəzetmələrlə oyunu gücləndirə bilmədi, çünki əlində olan oyunçularla mümkün deyildi bu. Səfər matçında isə yarım saat azlıqda rəqibin təzyiqinə tab gətirmədilər. 

Məğıubiyyətə baxmayaraq, "Qarabağ"ın əziyyəti, Qurban Qurbanovun əməyi az qala hamı tərəfindən yüksək qiymətləndirildi. Kiçik imkanlar, ortabab futbolçularla belə komanda yaratmaq nümunə gətiriləsi hadisədir. Sürət yarışlarında iştirak edən maşın və onu illərdi təkmilləşdirməyə çalışan mühəndisi düşünün. Qurban Qurbanov da sanki bir mühəndis kimi uzun illərdi "Qarabağ"ı təkmilləşdirməyə çalışır. 

"Bayer"lə oyundan sonra yaşananlar arasında ən diqqətçəkən hadisə Xabi Alonsonun yenə Qurban Qurbanovla görüşməsi olub. İspan mütəxəssis matçdan sonra Qurban Qurbanovu otağına dəvət edib, fikir mübadiləsi aparıb onunla. 

"Qarabağ"ın əksər aparıcı futbolçuları Avropa klublarının diqqət mərkəzində olduğu kimi, Qurban Qurbanova da olan maraq böyüyüb. Gedişatdan belə hiss olunur ki, Qurban Qurbanov yaxın vaxtlarda yaxşı təkliflər alacaq. 

Həmid

Xəbər xətti