Dövrümüzün Karlos Alberto Torresi - REPLİKA

11:00 - 9 Sentyabr 2024

Düz 20 il bundan qabaq millimizdə məşqçi işləmək üçün ölkəmizə "dağdan ağır" bir adam gəlmişdi - Karlos Alberto Torres. Futbolçu kimi dünya çempionu, məşqçi kimi sıradan bir mütəxəssis. 

Karlos Alberto Torresin gəlişi o vaxtlar əməlli-başlı canlanma yaratmışdı futbolumuzda. Bir gənc zeyniyyətı ilə mən də möcüzəyə inanmağa başlamışdım. Əvvəl-əvvəl hər şey parlaq görünürdü. Yoldaşlıq görüşlərində yaxşı nəticələr, baxımlı oyun. Səfərdə Qazaxıstan, evdə Özbəkistan üzərində qələbələr. Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmış Latviyayla heç-heçə. 

Dünya çempionatının seçmə mərhələsinə də pis başlamamışdıq. Bakıda Uels və Şimali İrlandiya ilə heç-heçələr. Lakin vaxt keçdikcə ümidlər azalmağa başladı, Polşaya 8:0 hesablı məğlubiyyət uğursuzluqların zirvə nöqtəsi oldu. 

Braziliyalı məşqçi getdi, problemlər isə qaldı. Bu 20 ildə çatışmazlıqlar barədə xeyli danışıldı, xeyli də pul xərcləndi futbolumuz inkişaf etsin deyə... Amma olmadı ki, olmadı! 

Karlos Alberto Torres məmləkətimizə dünya çempionu futbolçu kimi gəlmişdisə, Fernando Santuş Avropa çempionu məşqçi kimi gəlib. Torres artıq haqq dünyasına qovuşub, Santuş isə bizim futbolun qaranlıq dünyasında baş çıxarmağa çalışır. Uğurlu olacağına güman azdır. Amma nəsə eləməyə çalışdığı göz qabağındadır. 

Bu iki mütəxəssisin oxşar cəhətləri odur ki, hər ikisi Azərbaycan millisinə hücum futbolu oynatmağa çalışıb. 20 il əvvəllə müqayisədə futbol çox dəyişib. Santuş dövrün tələblərinə uyğun olaraq millimizin irəlidə oynamasını istəyir. Bunu İsveçlə oyunda da gördük, Slovakiya ilə matçın ikinci hissəsində də. Hələ ki istədiyimiz kimi alınmır.

Rəhmətlik Torres bizə hücum futbolu oynamağı öyrədə bilmədi. Gözləyək görək, Santuşdan nə çıxacaq... 

Həmid

Xəbər xətti