"Turan Tovuz"un qış təlim-məşq toplanışını dəyərləndirən Kurban Berdiyev legioner limitinin ləğv olunması ilə bağlı müzakirələrə də münasibət bildirib. Təcrübəli mütəxəssis deyib ki, belə bir qərar verilsə, bu, uşaq və yeniyetmə futbolunun məhvinə gətirib çıxaracaq. Kurban Berdiyev birmənalı şəkildə legioner limitinin aradan qaldırılmasına qarşı çıxıb və bunu yalnız mərhələli şəkildə etməyin doğru olduğunu deyib.
Berdiyevə qədər hal-hazırda Premyer Liqada klub çalışdıran məşqçilərdən Ayxan Abbasov, Vaqif Cavadov, Azər Bağırov, Cavid Hüseynov, Elmar Baxşıyev də limitin ləğvinə qarşı olduqlarını dilə gətiriblər. Qurban Qurbanov AFFA-nın İcraiyyə Komitəsində yer aldığı üçün rəsmi qərar çıxana qədər fikir bildirməyi doğru saymayıb. Lakin deyilənlərə görə, ölkəmizin ən titullu məşqçisi də limitin ləğvinə isti yanaşmır.
"Neftçi"nin baş məşqçisi Samir Abasov öz hayındadı. O, limit mövzusu barədə heç nə düşünmədiyini və hal-hazırda başının öz komandasının problemlərinə qarışdığını etiraf edib. Rəşad Sadıqovun mövqeyi isə qeyri-müəyyəndi. "Zirə"nin baş məşqçisi susmağa üstünlük verir.
Premyer Liqada çalışan 10 klubun baş məşqçiləri arasında legioner limitinə tərəfdar olan yeganə adam Vasili Berezutskidir. "Sabah"ın məşqçisi belə qərar verilsə, bunun Azərbaycan futbolunun xeyrinə olacağını düşünür.
Bu ana qədər olan məlumatlarda AFFA rəhbərliyinin legioner limitini ləğv eləməkdə israrlı olduğu deyilirdi. Lakin sırf futbol mütəxəssislərinin böyük əksəriyyətinin buna qarşı çıxdığını nəzərə alsaq, limitin ləğvi məsələsinin sonrakı mövsümlərə ertələnəcəyini ehtimal etmək olar.
Həmid
saytlarin hazirlanmasi