Samir Əliyev: "Futbolçular meydanda döyüşdülər və göstərdilər ki, futbol oynaya bilirlər"

21:42 - 10 Sentyabr 2024

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələ oyunu çərçivəsində Bakıda Serbiyaya 0:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Samir Əliyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Belə məğlubiyyətydən sonra danışmaq bir az çətindir. Uşaqlar meydanda əllərindən gələn hər şeyi etdilər, döyüşdülər, yetərincə qol vəziyyətləri yaratdıq. Komandam heyətində yüksək səviyyəli futbolçular olan rəqibə qarşı çox yaxşı mübarizə apardılar. Futbolçuların hər birinə təşəkkürümü bildirdim. 

- Artıq bəxt də Azərbaycan millisindən üz döndərib?

- Özünüz də gördünüz ki, yetirincə qol vəziyyətləri yarada bildik. Sadəcə bunlardan istifadə edə bilmədik. Bu qədər.

- Penaltini Nəriman Axundzadənin yerinə yetirməsini siz tapşırmışdız?

- Bəli, biz demişdik. Lüksemburqla oyunda da penaltini Nəriman yerinə yetirmişdi. O, daha təcrübəlidir. Həm avrokuboklarda, həm çempionatda daha çox şans qazanır. Futboldur. yerinə yetirə bilmədi, məyusuq. Qol vursaydı, daha da ruhlanardıq, davamı gələ bilərdi. Amma olmadı. Əsas olan odur ki, futbolçular meydanda döyüşdülər və göstərdilər ki, futbol oynaya bilirlər. Çox bəhanələr axtarmaq istəmirəm. 

- Nəriman Axundzadəni 90 dəqiqə meydanda saxlamağınızın səbəbi nə idi?

- Ümid edirdik, Nəriman oyunu öz üzərinə götürər, hücumda kreativliyi artırar və komandaya faydalı olar. 

- Bu sizin U-21 millisinin baş məşqçisi kimi son ev oyununuzdur, yoxsa növbəti seçmə mərhələdə də sizi komandada görəcəyik?

- Bu sual mənə aid deyil.

- Gənc futbolçuların Premyer Liqada az oynamasını necə şərh edərdiniz?

- Gənclərə şans vermirlər. Futbolçular Premyer Liqada 90 dəqiqə oynasalar, yaxşı olar. Bizim vaxtımız az olur. 2-3 aydan-bir yığışırıq. Futbolçular Premyer Liqada oynamayanda belə əziyyət çəkirik. Daha dərin problemlər var. Bu gün danışmaq istəmirəm.

- Rəqib komandanın futbolçuları da öz klublarında əsas heyət üzvləri deyil...

- Nə deyim? Qol vəziyyətləri yaradıb vura bilmirik də. Çoxları deyir ki, Lüksemburq cırtdan ölkədir, Sumqayıt boydadır. Onların çempionatında 16 komanda iştirak edir. Oradakı meydançalara baxın.

Elçin Əlixan

Xəbər xətti