Kaxaber Tsxadadze: "İnkişaf üçün təkcə "Qarabağ"ın olması bəs etmir" - MÜSAHİBƏ

15:14 - 14 Sentyabr 2024

“Qəbələ” Azərbaycan 1-ci Liqasının ilk turunda doğma meydanda “Zaqatala” ilə heç-heçə edib.

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra İdmanxeber.az-a komandasının çıxışı və Azərbaycan millisinin Millətlər Liqasındakı nəticələrini dəyərləndirib:

– Mövsümə heç-heçə ilə başladınız. Görüşü necə şərh edirsiniz?

– Birinci oyunlar həmişə çətin, həycanlı olur. Komandadan razıyam. Uşaqlar pis oynamadı. Qol imkanlarımız da var idi. Ancaq artırmalıyıq, daha yaradacı olmaq lazımdır. Rəqib komanda da yaxşı oyun keçirdi. Maraqlı görüş idi. “Zaqatala” artıq kompleksləşmiş komandadır. Biz isə hələ yeni yığılırıq. Cəmi iki əvəzetmə elədik. Çünki o mövqeyə futbolçumuz yoxdur. Yeni oyunçularımız gəlməlidir. Hələ vaxt var. Onlar gələndən sonra bizdə də hər şey yaxşı olacaq.

– Hər kəs “Qəbələ”dən rahat çempionluq gözləyir. Komandanın belə aşkar favorit olması sizin lehinizədir, yoxsa əleyhinizə?

– Belə düşünmək, belə yanaşmaq düzgün deyil. Rahat çempionluq olmur. Komanda 95 faiz dəyişib. Bu gün meydanda neçə gənc oyunçu var idi. Bəli, “Zaqatala”ya qarşı yaxşı oynamışıq. Amma nəticə qazanmaq lazımdır. Bunun üçün oyunçuların səəviyyəsini artırmalıyıq. Hücumların yaxşı bitməsi üçün keyfiyyəti futbolçular lazımdı. Açıq danışsaq, hər kəs “Qəbələ”yə qarşı fərqli motivasiya ilə çıxış edəcək. Az öncə rəqib paltardəyişmə otağının yanından keçdim. Orada sanki bayram idi. Bu, məni də məmnun edir. Hər oyun belə olacaq. Bunu yaxşı başa düşürük. Yeri gəlmişkən, hakimləri də çox bəyəndim. Amma bir epizodda penaltimiz verilmədi. Ümumən pis oyun aparmadı.

– Növbəti turlarda komanda meydançası heç də yaxşı vəziyyətdə olmayan “Mingəçevir”, “Karvan” kimi klublarla səfərdə qarşılaşacaq. Bu, sizi nə dərəcə narahat edir?

– Bunun üçün geniş heyət lazımdır ki, davamlı dəyişiklik edəsən. Həmin oyunlarda buna daha çox ehtiyac yaranır. Bizə bu gün-sabah iki futbolçu gəlməlidir. Hər ikisi də hücum xəttinə. Amma oyunçu gətirmək çox çətindir. Onları razı salmaq, sənədlərini hazırlamaq heç da asan deyil. Amma yeni oyunçular mütləq olacaq.

– Azərbaycan millisinin Millətlər Liqasındakı oyunlarına baxdınız?

– Bəli, baxdım. Mən Azərbaycana ürəydən azarkeşlik edirəm. Yığmanın çox təcrübəli baş məşqçisi var. Amma ilk öncə düzgün sistem seçmək lazımdır. Necə ki, Gürcüstan elədi. Bunun üçün zaman lazımdı. Yaxşı futbolçular olandan sonra nəticələr də gələcək.

– Gürcüstanda “Qarabağ” kimi uğurlu çıxış edən klub olmasa da, millisi çox güclüdür…

 “Bəli, “Qarabağ” kimi klubumuz yoxdur. Amma bizdə 300-dən çox oyunçu ölkəxaricində çıxış edir. Bəli, “Qarabağ” avrokuboklarda çox yaxşı oynayır. Amma həmin matçlarda heyətdə neçə yerli futbolçu olur? Avrokuboklarda maksimum 2-3 azərbaycanlı futbolçu ilə oynayırlar. İnkişaf üçün yalnız “Qarabağ”ın olması bəs etmir. “Neftçi” də, digər klublar da onlar kimi olmalıdır. Rəqabət artmalıdır. Bütün klublar öz futbolçularını yetişdirməlidir. Bu gün Azərbaycana Kurban Berdiyev kimi məşqçi gəlib. Onun təcrübəsindən yararlanmaq lazımdır. Kompleksli iş görülməlidir. Vacib olan ölkə futbolunda düzgün sistemi qurmaqdır. Heyəti, oyunçuları sonra müzakirə edərik. Yerli oyunçu seçim çox olmalıdır. Azərbaycanlı futbolçular xaricə getmək istəməlidir. Mən 21 yaşlıların oyunlarına da baxdım. Heyətdə çox yaxşı oyunçular var. Onlar mütləq daha da inkişaf etməlidir.

Xəbər xətti