"Qarabağ"ın legionerindən yazdılar: "Dörd həftədir ki, yaxşı formada deyil"

12:34 - 11 Dekabr 2024

Əlcəzair mətbuatı Yassin Benzianın “Qarabağ”ın heyətində son matçlardakı zəif çıxışından yazıb.

Sportal.az xəbər verir ki, “AfricaFootUnited” portalı Ağdam klubunun əsas üzvlərindən olan əlcəzairli futbolçunun performansını bu cür şərh edib:

"Yassin Benzia artıq dörd həftədir ki, yaxşı formada deyil. 30 yaşlı hücumameyilli yarımmüdafiəçi sonuncu dəfə "Zirə"yə qol vurduğu noyabrın 10-dan sonra fərqlənə bilməyib. O, "Qarabağ"ın bütün yarışlarda keçirdiyi son 4 matçda "səssiz" qalıb, nə qol vurub, nə də məhsuldar ötürmə edib. "Qarabağ" son görüşlərdə 8 qol vurduğuna görə demək ki, problem Benziyanın özündədir. Əlcəzairli bu mövsüm ilk dəfə deyil ki, belə enişlə üzləşir: sentyabrın 26-dan oktyabrın 24-dək, yəni bütün turnirlərdə ardıcıl altı matçda Benzia bir dəfə də olsun məhsuldar ötürmə və ya qol vurmadı. O, bu mövsüm 12 liqa oyununda 3 qol və eyni sayda məhsuldar ötürmə etməsinə baxmayaraq, açıq şəkildə çətinlik çəkir. Cümə axşamı Yassin Avropa Liqasının əsas mərhələsinin 6-cı turunda "Elfsborq"a qarşı matçda özünə inamı bərpa edə bilər. Xatırladaq ki, ötən mövsüm 30 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionunun heyətində 27 matçda 12 qol vurub, 9 məhsuldar ötürmə edib".

Benzia 2023-cü il yanvarın 26-dan “Qarabağ”da oynayır. Onun Ağdam klubu ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti