“Məncə, yaxşı oyun alındı. Həm bizim, həm də rəqibin fərqlənmək üçün fürsətləri oldu”.
Sportal.az xəbər verir ki, "Kəpəz"in kapitanı Yeqor Xvalko klubun mətbuat xidmətinə açıqlamasında “Araz-Naxçıvan” ilə matç barədə danışarkən belə deyib. Müdafəçi hər iki tərəfin qələbə qazanmaq üçün şanslı olmasına baxmayaraq matçın heç-heçə bitdiyini əlavə edib: “Qalib gələ və ya məğlub ola bilərdik. Turnir cədvəlinə baxsaq, nəticəni normal hesab etmək olar. Həmişə qələbə qazanmaq istəyirsən. Amma unutmayın ki, bunu rəqib də arzulayır”.
Xvalko 8 xallıq fərqə baxmayaraq “sarı-göylər”in hələ elitada qalmaq tapşırığının öhdəsindən gəlmədiyini düşünür: “Qarşıda 6 oyun var. 8 xallıq fərqin olması yaxşıdı. Amma çempionat bitməyib. Daha çox xallar yığmaq lazımdır ki, Premyer Liqada yerimizi təmin edək. Turnir cədvəlində daha yuxarı pillələrə də qalxa bilərik. “Sumqayıt” və “Şamaxı” ilə xal fərqimiz böyük deyil. İrəliyə baxmalıyıq”.
Belaruslu oyunçu komandada özünəinam hissinin yüksək olduğunu qeyd edib: “Kollektivdə uşaqlar bir-birilərinə etibar edirlər. Heç kim düşünmür ki, biz elitanı tərk edə bilərik. Bu amil uğur qazanmaq üçün vacib xüsusiyyətlərdəndir. Əksinə, hamı yaxşı oyunlar, yuxarı yerlər haqqında fikirləşir. Bizim nəticələrimiz qış fasiləsindən sonra düzəldi. Bu, bizə yaxşı şeylər barədə düşünməyə səbəb yaradır”.
saytlarin hazirlanmasi