Tahir Gözəl: "Qarabağ" Avropanın orta səviyyəli klubları arasındadır"

22:57 - 18 May 2025

Bu gün Misli Premyer Liqasında XXXV tura yekun vurulub. Doğma meydanda "Kəpəz"i qəbul edən çempion "Qarabağ" 3 cavabsız qolla qalib gəlib.

Sportal.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb:

"Çox sevincliyəm, "Qarabağ" sevərləri təbrik edirəm. 12-ci dəfədir ki, çempion oluruq. Böyük uğurdur. Üç dəfə daha olsaq, üç ulduzu qazanmaq istəyirik. Çox gözəl çempionat keçdi. Gələn il liqada komanda sayı daha da artacaq. "Karvan", "Qəbələ" və "İmişli" də liqaya qoşulur. İldən-ilə bizdə futbol keyfiyyəti düzəlir, yüksəlir. Möhtəşəm axşam idi. "Qarabağ"ı təbrik edirəm. Burada əla ab-hava yaratdılar. Möhtəşəm bayram yaşadıq, hava da çox gözəl idi. "Qarabağ" sevərləri, Azərbaycanı sevindirdik. Allah qoysa, artıq Avropada yola davam edəcəyik".

- Hədəflər yəqin ki, dəyişməyib?

- Bəli, hədəflər dəyişməyib. UEFAnın verdiyi qərardan asılıdır ki, biz ÇL-ə 2-ci təsnifat mərhələsindən başlayırıq, yoxsa 1-ci mərhələdən. Amma ora gəlməyin özü də, elə "Qarabağ"ın artıq futbol səviyyəsini göstərir. "Qarabağ" 32 min xalla hardasa Avropanın orta səviyyəli klubları arasındadır. Bu, hamımız üçün qürur mənbəyidir.Əlbəttə ki, biz hamımız daha da inkişaf etməyə çalışacağıq. 

- Qarşıda "Qarabağ"ı ölkə kubokunda da oyun gözləyir. "Qızıl dubl" gözləyirsiz?

- Əlbəttə ki, bunun üçün çalışacağıq. "Sabah" rəqibimizdir, güclü klubdur. Mənim "Sabah"a xüsusi ehtiramım var. Futbolun kökündən gələn insanlardır orada.Hər iki kluba da uğurlar arzulayıram, hər ikisi də bizimdir, hər ikisi də layiqdir.

- "Zirə" və "Turan Tovuz" finalda sizə azarkeşlik edir. Çünki siz qalib gəlsəz, "Turan Tovuz" avrokuboklara gedəcək, "Zirə" isə Avropa Liqasına yollanacaq...

- Doğrudur. "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovdur, o da mənim canımdır, bizə yaxındır. Hamısına uğurlar arzulayıram, hamısı bizim övladlarımızdır, hamısı bizim klublarımızdır. 

- Beş ildən sonra Konfrans Liqasının kubokunu Azərbaycana gətirmək fikrinə necə baxırsız?

- İnşAllah. Qismət olsun. Elə ona görə işləməliyik. Mənə əsas nə ümid verir? Cavan oyunçularımızın oyuna çıxması. Bu gün Hikmət Cəbrayılzadəni, Amin Rzayevi görmək məni çox sevindirir. Cavanlarımız gəlsin. Hamısı altyapıdan gəlməli uşaqlardır. Gələcəyimiz cavanlardır. İnşallah onlar gətirəcək.

Mirbağırağa

Xəbər xətti