"Şkendiya"nın kapitanı: "Qarabağ" qalib gələ bilməyəcəyimiz komanda deyil"

20:54 - 4 Avqust 2025

"Şkendiya"nın kapitanı Besart İbrahimi UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin "Qarabağ"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az 38 yaşlı hücumçunun fikirlərini diqqətinizə çatdırır:

"İnanıram ki, TNS və FKSB ilə matçlardakı kimi maksimumu versək, "Qarabağ" qalib gələ bilməyəcəyimiz komanda deyil. Təbii ki, favoritdirlər, amma əsas odur ki, hazırıq. Yaxşı komandayıq, çox çalışırıq. Rəqibi komandanı təhlil etmişik və daha yaxşı iş görəcəyimizə inanırıq.

TNS ilə ilə oyunda üzərimizdə təzyiq var idi. FKSB-ya qarşı təzyiq yox idi. Əlimizdən gələni etdik və mərhələ adladıq. Ümid edirəm ki, "Qarabağ"la matçda heç bir təzyiq olmayacaq. Qarşımıza çıxan hər şey bizim üçün daha yaxşı olacaq. Bir az şansımız olsa belə, bu matça hazırıq, niyə onları məğlub etməyək? Demək istəyirəm ki, "Qarabağ" keyfiyyətli komandadır, amma hər dəfə qalib gələn favoritlər olmur.

FKSB ilə qarşılaşmada bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Ümid edirəm ki, sabah stadionda daha çox sayda insan olacaq. Onların dəstəyi ilə hamımızın birlikdə qurduğumuz xəyalı reallaşdıracağımıza inanıram".

Elçin Əlixan

Xəbər xətti