Özbəkistan klubunun legioneri "Qarabağ"ın yeni transferi haqda: "Hər şey özündən asılıdır" - MÜSAHİBƏ

11:22 - 3 Avqust 2025

"Sabah"ın sabiq müdafiəçisi, hazırda Özbəkistanda "Navbahor" klubunda oynayan Hiqor Qabriel Sportal.az saytına müsahibə verib.

- Özbəkistanda işlərin necə gedir?

Hər şey yaxşıdır. Təbii ki, daha da yaxşı olması üçün daim çalışırıq. Hazırda çempionatda 7-ci pillədəyik. Amma liderdən cəmi 6 xal geridəyik. Komandalar arasında xal fərqi çox deyil. 

- Maraqlıdır, son vaxtlarda heç Azərbaycan klublarından təklif almısan?

Xeyr. Azərbaycan klublarından təklif almamışam. İndi Özbəkistandakı karyerama fokuslanmışam. 

- Sabiq komandan olan “Sabah”ın çıxışını indi izləyirsən?

Təbii ki, bu komandada oynamışam və ara-sıra nəticələrə baxıram. Amma düzü, oyunlara baxmıram. 

- Hər halda, yəqin ki, "Sabah"ın iddiasından xəbərin var. Səncə, onlar bu mövsüm çempion ola biləcəklər?

Bəli, klubun iddialı olduğunu bilirəm. Amma çempion olub-olmayacaqları barədə bir şeyə deyə bilmərəm. Azərbaycan futbolunu çox da yaxından izləmirəm.

- Azərbaycan və Özbəkistan liqaları haqda məlumata sahibsən. Hansı çempionatı daha güclü hesab edirsən?

Bəli, müqayisə apara bilərəm. Mən təəssüf ki, Azərbaycanda az oynadım. Ancaq Özbəkistanda daha çox oynayıram. Fikrimcə, burada daha da güclüyəm. 

- Bildiyim qədərilə, “Qarabağ”ın yeni transferi Dani Bolt keçmiş komanda yoldaşındır, onunla birlikdə “Fluminense”də oynamısan....

Bəli, bəli. Boltla birlikdə oynamışıq, bir-birimizi yaxşı tanıyırıq.

- Necə düşünürsən, “Qarabağ”ın yeni ulduzu ola bilər?

Bu, Boltun özündən asılıdır. Mən onun haqda yalnız xoş sözlər deyə bilərəm. Dani xüsusi oyunçudur və ən yaxşı performans göstərə bilər. Onu təbrik edirəm və uğurlar arzulayıram.

- Yenidən Azərbaycana qayıtmağın realdır? 

Əlbəttə ki, mümkündür. Sabah necə olacağını heç kim bilmir. Mən hazırda “Navbahor”dakı karyerama fokuslanmışam. 

Mirbağırağa
 

Xəbər xətti