"Qarabağ"ın işıqlı adamı: Işık Emrah Çeliklel - uğura aparan yolda çox önəmli persona

11:47 - 28 Avqust 2025

Kiçik futbol ölkəsinin komandası tarixində ikinci dəfə Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazandı. Böyük uğurdu, qələmin belə yazıya köçürə bilməyəcəyi qədər sevincli hissdir. 

"Qarabağ" buralara birdən-birə, rahatlıqla gəlib çıxmayıb. Çətinliklər də görüblər, səbirlə, addım-adım yol keçiblər zəfərlərə çatana qədər. Bu, Gözəl ailəsinin xalqımıza bəxş etdiyi futbol nemətidir. Xüsusən, rəhmətlik Abdulbari bəy "göz bəbəyi" kimi qoruyub həmişə "Qarabağ"ı. Sağlığında dəfələrlə dilə gətirib ki, "Qarabağ" ona ulu öndər Heydər Əliyevin əmanətidir, həyatda olduğu qədər layiqincə yaşadacaq bu klubu. Uzaqgörənliyi ilə seçilən Heydər Əliyev kimə, nə üçün və nə tapşırıq verdiyini dəqiq bilirdi. Ulu öndərin ruhu şaddır. O Qarabağ da, bu "Qarabağ"da ölkəmizin ayrılmaz parçasına çevrilib. 

Allah Abdulbarı bəyə də qəni-qəni rəhmət eləsin. Bir narahatlıq var idi ki, ondan sonra "Qarabağ"a diqqət azalar, iddiası azalar. Amma belə olmadı. Başqan Tahir Gözəl bu mövsüm "Qarabağ"a tarixinin ən böyük büdcəsinin ayrıldığını deməklə kluba olan həssas münasibətini ortaya qoydu. 

"Qarabağ"da hamı məmnundur, hamı sevinir. Amma hər bir uğurun arxasında böyük əmək dayanır. Tahir Gözəl, Qurban Qurbanov və futbolçular ön planda olsalar da, uğura aparan yolda daha bir vacib persona var - Işık Emrah Çelikel və ya "Qarabağ"ın işıqlı adamı. 

Gözəl ailəsi "Qarabağ"ı himayəsinə götürdüyü İlk günlərdən direktor vəzifəsini daşıyan Emrah bəy klubun ayrılmaz parçasına çevrilib. Keçilən yolda onun da çox böyük əməyi var. Ona Qurban Qurbanovun ən yaxın silahdaşlarından biri də deyə bilərik. Direktor olmasına baxmayaraq, həmişə Qurban Qurbanovun yanında dayanıb. Əslində, bəlkə də ən çətin missiya onun üzərinə düşüb. Emrah Çelikel faktiki olaraq Gözəl ailəsi ilə Qurban Qurbanov arasında "körpü" rolunu oynayıb. Klubun direktoru və Gözəl ailəsinin bir üzvü kimi rəhbərliyin maraqlarını qoruyub, eyni zamanda Qurban Qurbanova da dəstək olub. Kiməsə adi gələ bilər, amma idarəçilik baxımından çox mürəkkəb reallıqdır. Yəqin ki, bu 16-17 ildə Qurban Qurbanovun rəhbərliklə fikir ayrılıqları da olub. Bir şey ki, kiçik ailələrdə belə, doğma insanlar arasında narazılıqlar yaranır bir-birinə qarşı... Demək olar ki, hər strukturda belə hallar qaçılmazdır. "Qarabağ"da sistemin işlək vəziyyətdə qalmasının təminatçısı həmişə Emrah Çelikel olub. 

Hə, niyə "Qarabağ"ın işıqlı adamı? Emrah bəyi şəxsən tanımayan, onunla bir stəkan çay içib dərdləşməyən adam bəlkə də bunu duymaz. Çox işıqlı adamdır. Qarşısındakına pozitiv enerji verən, özünü başqasının yerinə qoymağı bacaran. Rahat adamdır. Bu keyfiyyətləri ilə yanaşı, işdə tələbkarlığı da var. Mən deyərdim ki, yaxşı psixoloqdur. Harada necə davranmalı olduğunu dəqiq müəyyənləşdirə bilən adamdır.

Bu "Qarabağ" həm də onun əl işidir. Təşəkkür və təbriklər, Emrah bəy! 

Emin Abbasov

Xəbər xətti