"Neftçi"nin hücumçusuna görə Samuel Eto'onu tənqid etdi

15:37 - 10 Dekabr 2025

"Neftçi"nin hücumçusu Vensan Abubakar və "Trabzonspor"un qapıçısı Andre Onananın Afrika Millətlər Kuboku üçün Kamerun millisinə çağırılmaması ölkədə gərginlik yaradıb.

Sportal.az xəbər verir ki, yığmanın sabiq baş məşqçisi Mark Bris bu qərarın şəxsi maraqlara görə verildiyini bildirib. Belçikalı mütəxəssis "Afrik-Foot"a açıqlamasında Onana və Abubakarın Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'onun istəyi ilə millidən kənarda qaldıqlarını bildirib:

"Bu qərarları Samuel Eto'onun verdiyini dəqiq bilirik. O, narsist (özünə həddindən artıq vurğun, özünü digərlərindən üstün görən, başqalarının hisslərini və ehtiyaclarını nəzərə almaqda çətinlik çəkən insan) xarakterə sahibdir. Dünya səviyyəli bir qapıçını (Onana) bu qədər önəmli turnir öncəsi kənarda saxlamaq inanılmaz vəziyyətddir. Bu vəziyyət Abubakar üçün də keçərlidir. Bu, futbol qərarı deyil, meydan oxumaqdır".

Qeyd edək ki, Afrika Millətlər Kuboku 21 dekabr-18 yanvar tarixləri arasında Mərakeşdə keçiriləcək.

Xəbər xətti