Fərid Qayıbov: "Hər şey ideal deyil, ola da bilməz" - MÜSAHİBƏ

15:06 - 29 Dekabr 2025

Gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə müsahibə verib.

Sportal.az "Report"a istinadən xəbər verir ki, nazir 2025-ci ildə qazanılmış nailiyyətlər və qarşıdakı planlardan bəhs edib.

- 2025-ci il üçün Azərbaycan idmanını necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, Azərbaycan idmanı üçün uğurlu il oldu. Medal sayında rekordlarımız var. Bunu həm olimpiya, həm də qeyri-olimpiya növlərinə əsasən hesablayırıq. Paralimpiyaçılarımızın da nəticələri yaxşı olub. Bundan əlavə, deflimpiyada ilk medalımızı qazandıq. Azərbaycan Xüsusi Olimpiya Komitəsinin komandası da beynəlxalq turnirlərə qatılır. Ölkəmizdə bir sıra beynəlxalq yarışlar da keçirilib. Azərbaycan idmanında ilklər də yaşandı. Bakıda MMA idman növünün ən məşhur yarışlarından biri hesab edilən UFC turniri baş tutdu. Bu həm yerli azarkeşlərin, həm də qonşu dövlətlərin marağına səbəb olmuşdu. Bir sıra turistlər, azarkeşlər bu yarışlar üçün ölkəmizə gəlirlər. Azərbaycanda ən böyük yarış isə, təbii ki, III MDB Oyunları oldu. Bir neçə dəfə bu barədə danışmışıq. Oyunlar paytaxtdan kənarda, ölkəmizin müxtəlif şəhərlərində baş tutdu. III MDB Oyunlarının paytaxt isə Gəncə şəhəri idi. Gəncə həm də MDB-nin idman paytaxtı seçilmişdi. Açılış və bağlanış mərasimi, həmçinin bir neçə idman növü üzrə yarışlar məhz bu şəhərdə gerçəkləşdi. Oxatma yarışları Xankəndi şəhərində oldu. Gəncə şəhər stadionu III MDB Oyunları üçün yenidən quruldu, istifadəyə verildi.

- 2026-cı ildə Azərbaycanda Avropa, dünya çempionatları və bir sıra beynəlxalq turnirlər keçiriləcək. Bunlardan biri də Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı "Bakı–Xankəndi" veloyürüşüdür. Yarışa hazırlıq prosesi nə yerdədir?

- Bakı 2026-cı il üçün dünyanın idman paytaxtı seçilib. Bu, hamımız üçün yaxşı xəbərdir. Bu ad birdən-birə verilməyib. Azərbaycan idman yarışlarının təşkilatçılığında seçilən ölkələrdəndir. Ölkəmizdə bir sıra multi-idman yarışları baş tutub. Elə ilk Avropa Oyunları da Bakıda təşkil olunub. Bundan əlavə, ölkəmizdə İslam Həmrəyliyi Oyunları, Yeniyetmələrin Yay Olimpiya Festivalı, III MDB Oyunları və başqa turnirlər keçirilib. Azərbaycanda bu cür turnirlərin təşkili adi hala çevrilib. Bütün bunlar idmanımızın təbliğatı üçün lazımdır. Bu il Bakıdakı UFC yarışını xüsusi qeyd etmək istəyərdim. Hər il "Formula 1" yarışı da keçirilir. Builki yarışı əvvəlkilərlə müqayisə etsək, fərqi rahat görə bilərik. Şəhər sakinləri də fərqi hiss edirlər. Bizim daha çox əhali ilə bağlı problemlərimiz var idi. Bu il artıq gördünüz ki, yarış bitən kimi dərhal, ertəsi gün yollar açılmışdı. Burada da təşkilatçılıq baxımından irəliləyiş var. 15 min azarkeş "Formula 1" üçün Bakıya gəlmişdi. Bu da bizim üçün rekord göstəricidir. Son illər ərzində azarkeşlər üçün yeni tribunalar quraşdırırıq. İldən-ilə, ötə ilə nisbətən daha çox bilet satmışıq. Biletlər artıq yarışa bir ay qalmış bitir. Bu da onu göstərir ki, yarışa maraq var. Buna görə də beynəlxalq qurumlar Azərbaycanı yaxşı tərəfdaş kimi tanıyırlar. Azərbaycan hansısa turnir üçün namizədliyini verəndə digər ölkələr bizə güclü rəqib kimi baxırlar. Bu da illərlə görülən işin nəticəsidir. 2026-cı ildə Bakıda böyük idman bayramı olacaq. Dünyanın ən böyük idman tədbirlərindən SportAccord Dünya İdman və Biznes Sammiti də 2026-cı ildə Bakıda gerçəkləşəcək. Cüdo və sumo üzrə dünya çempionatları, voleybol üzrə Avropa çempionatının qrup oyunları Bakıda təşkil olunacaq. Bundan əlavə, aşağı yaş qruplarında da yarışlar olacaq. İlk dəfə triatlon üzrə məşhur İronman turniri keçiriləcək. Siyahını uzada da bilərik. Bu turnirləri Gənclər və İdman Nazirliyi ilə birlikdə federasiyalar təşkil edir.

- "Bakı–Xankəndi" veloyürüşü də keçiriləcək. İşğaldan azad olunmuş Xankəndi şəhərində turnirlər təşkil edilir. Digər bölgələrdə də turnirlər olacaq?

- Hər il Azərbaycanda ultramarafon da baş tutur. Bu il isə bir az fərqli olacaq. Format dəyişəcək. İldən-ilə iştirakçı və finişə çatanların sayı artır. Bu da yaxşı göstəricidir. Əvvəlki sualınızda MDB Oyunlarını xüsusi vurğuladıq. Amma Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı da baş turdu. Müftəlif federasiyalar çalışırlar ki, hansısa beynəlxalq yarışı digər şəhərlərimizdə keçirsinlər. Bu, növbəti ildə də davam edəcək. Böyük veloyürüşümüz yenidən baş tutacaq. Bir mərhələsi Qarabağda təşkil ediləcək. Təkcə Azərbaycanda deyil, Avropa və dünya telekanalları vasitəsilə də yayımlanacaq.

- 2026-cı ildə nazir kimi fəaliyyətə başlamağınızın 5 ili tamam olacaq. Bu müddət ərzində sizə ən çox motivasiya verən hansı nəticə olub?

- Məncə, bu barədə danışmasaq, daha yaxşı olar. Öz işimizə qiymət verə bilmərik. Gərək bu barədə siz fikir bildirəsiniz. Düşünürəm ki, bu 4 il ərzində çox işlər görə bilmişik. Çox dəyişikliklər olub. İdman strayegiyamız var. Onu bitirə bildik. Bir ildən çox iş getdi. Bizim hədəflərimiz var və strategiyaya uyğun çalışırıq. Təbii ki, bunları ölkə başçısının tapşırıqlarına əsasən edirik. Əsas məqsədimiz əhali arasında idmanı həyat tərzinə çevirməkdir. Bu, əsas hədəflərdən biridir. Əhali araslnda parklarda, küçələrdə, binaların həyətlərində idmanla məşğul olanların artdığını görə bilərsiniz. Bu, göz qabağındadır. Bizi sevindirən məqam odur ki, artıq daha çox insanlar idmanla məşğul olmağa başlayıblar. Düşünməyə başlayıblar ki, idmanla məşğul olmaq vacibdir. Çünki bu, sağlamlıqdır. Hər zaman gümrah qalırlar. Nəticələrə gəlincə, bizim ənənəvi idman növlərimiz var. Yeni idman növləri də mövcuddur. İldən-ilə nəticələrimiz artır, daha yaxşı nailiyyətlər əldə edirik. Hər şey ideal deyil və ola da bilməz. Amma məqsədlərimizə doğru gedirik. Düşünürəm ki, bu da pis alınmır. Amma bu təkcə bizim işimiz deyil. Bunu tək edə bilmərik. Təbii ki, federasiyalarla bərabər işləyirik. Bir çox dövlət qurumlarında idmana dəstək var. Elm və Təhsil Nazirliyində uşaq-gənclər idman məktəbləri fəaliyyət göstərir. Daxili İşlər Nazirliyində "Dinamo", Müdafiə Nazirliyində Mərkəzi Ordu İdman Klubu var. Həm nazirliklərdə, həm də digər qurumlarda idmana dəstək var. İdman jurnalistləri olaraq sizi qeyd etmək istəyirdim. Biz çox işlər görə bilərik. Amma insanlara bunu düzgün çatdırmaq lazımdır. Bütün bunları siz edirsiniz. İdmanda olan nailiyyətlər təkcə Gəncə və İdman Nazirliyinin deyil.

- Bakıda binaların həyətlərində idman meydançaları qurulur, insanlar sağlam həyat tərzinə yönləndirilir. Eyni fəaliyyəti bölgələrimizdə gerçəkləşdirməyi düşünürsünüzmü? Məsələn, Naxçıvanda...

- Bir çox layihələrimizə toxundunuz. Bizim böyük maşınımız var. Müxtəlif rayonlara gedir. Yaxşı və kifayət qədər uğurludur. Bu, səyyar sağlam həyat adlanır. İl ərzində hər rayona gedir. Sağlam məhəllə layihəmizin bir neçəsini müxtəlif rayonlarda da etmişik. Həmişəki kimi ölkə başçısının dəstəyi var. Cənab Prezident bunun üçün bizə ayrıca vəsait də ayırmışdı. Naxçıvanda üç sağlam məhəllə açılacaq. Biz açılışa gedəcəyik. Futbol meydançasını məhəllələrdə qururuq. Basketbol oynamaq üçün şərait var. Başqa idman avadanlıqları da mövcuddur. Bu layihə əhali arasında məşhurdur və çoxlu təşəkkürlər alırıq. Çalışırıq ki, hər rayonda ən azı bir ədəd quraşdıraq. Növbəti ildə bunların sayı çoxalacaq. Bilirsiniz ki, hər il bir şəhəri idman paytaxtı seçirik. Hər il bir şəhər seçilir və daha çox tədbirlər orada baş tutur. Federasiyalarla müntəzəm görüşlər keçiririk. Ən azı bir görüş idman paytaxtında reallaşır. Amma Naxçıvan idman paytaxtı olmasa da, görüşlərdən birini orada təşkil etmişdik. Bütün federasiyalarımız ora gəldilər. İclasımızı da orada keçirdik. Federasiyaların yerli klublarla bir daha tanış olması üçün yaxşı şans var idi. Onların problemləri haqqında müzakirələr aparıldı.

- Bölgələrdə idmanın durumundan danışdınız. Paytaxtdan kənardakı idman zallarının fəaliyyətindən razısınız?

- Demək olar ki, bütün rayonlarımızda Olimpiya İdman Kompleksi var. Bunlar uzun illər ərzində tikilib. Yeni olmayanlar da var. Ölkə başçısı 28 ildir Milli Olimpiya Komitəsinin rəhbəridir. İlk Olimpiya Kompleksi 25 əvvəl istifadəyə verilib. Bəzilərinin əsaslı təmirə ehtiyac var. III MDB Oyunları isə bunun üçün yaxşı şans idi. Bir çoxlarını əsaslı şəkildə, müasir standartlara uyğun təmir etdik. Yenə də bəziləri qalıb. Növbəti illərdə mərhələli şəkildə təmir edəcəyik. Bütün Olimpiya Komplekslərində hovuzlar işləyir. Qışda əhali az gəlir. Biz intensiv şəkildə təbliğ etməyə çalışırıq. Amma hazırda nəticə bizim üçün elə də ürəkaçan deyil. Əhali az gəlir. Yəqin ki, bir az da işləməliyik. Federasiyalarla bərabər müəyyən layihələrimiz olacaq. Üzgüçülüklə bağlı hazırda iki layihəmiz mövcuddur. Birincisi bu yaxınlarda baş tutdu. Eyni gündə Azərbaycanın bütün hovuzlarında tədbir oldu. Bu, peşəkarlar üçün deyil. Bu idman növünü sevənlər üçün idi. Hər il çox sayda insan hovuzlarda üzməyə gəlir. Bu layihəyə qardaş Türkiyə dövləti də qoşuldu. Oradan da gələnlər oldu. İkinci layihəmiz üçün Elm və Təhsil Nazirliyinə təşəkkür edirəm. Bizə dəstək oldular. Məktəblərdə uşaqlara 4 həftəlik proqram təklif edirik. Uşaqlar düzgün üzməyi öyrənirlər. Məqsəd odur ki, bir neçə ildən sonra deyəcəyik ki, azərbaycanlı məktəblilər üzməyi bacarırlar. İndi bunun faizi azdır. Amma bunu ən azı ilk olaraq 20 faizə çatdırmaq niyyətindəyik. Sonra daha da artırmaq istəyirik.

- Gəncə şəhər stadionu ilə bağlı danışdınız. Arena tam olaraq nə vaxt "Kəpəz" klubunun ixtiyarına verilə bilər?

- Dəqiq tarix demək bir az çətindir. Amma yəqin ki, bu, aprel-may aylarına təsadüf edəcək və stadion oyunlar üçün hazır vəziyyətə gətiriləcək. Bu, hava şəraitindən asılı olan məqamdır. Biz gözləməliyik. Gəncə şəhər stadionu müasir standartlara cavab verir. Orada azarkeşlər və futbolçular üçün yaxşı şərait var. Futbol oynamaq, izləmək üçün hər şey yaxşı səviyyədə qurulub. Azərbaycanda ən yaxşı futbol stadionlarından biridir. Biz də orada oyunların tez olmasını istəyirik. Amma aprel-may aylarını gözləməliyik. Komandanın həmin vaxt orada oynaya bilməsi üçün çalışırıq.

- Media cəmiyyətin güzgüsüdür. Azərbaycanda idman jurnalistikasının hazırkı durumunu necə dəyərləndirirsiniz? Hansı medianı izləyirsiniz?

- İdman mediasından gözləntilərimiz daha çoxdur. Amma mən idman mediasının aktiv jurnalistlərini tanıyıram. Görüşlər keçirməyə çalışırıq. Ünsiyyətdə oluruq. Deyə bilərəm ki, idman mediasının da səviyyəsi artıb. Bunu tam rahat söyləyirəm. Həqiqətən belədir. Bu da bizi sevindirir. Nazirlik olaraq əlimizdən gələni etməyə çalışırıq. Mediamızı Paris-2024 Yay Olimpiya Oyunlarına apara bildik. Digər böyük yarışlara da səfərlərimiz olur. Federasiyalara da bunu məsləhət görürük. Artıq telekanallar arasında yaxşı rəqabət var. Böyük tədbirləri yalnız idman telekanalları işıqlandırmır. Başqa kanallar da bunu edirlər. Bu isə inkişafdır. Hər birinizə uğurlar arzulayıram.

- 2026-cı ildə jurnalistlər üçün layihələriniz var?

- Əvvəlki illərdə ölkə xaricindən təlimlər üçün mütəxəssislər dəvət etmişik. Yaxşı rəylər də almışıq. Növbəti ildə də planlaşdırırıq.

- İdman jurnalistikasının inkişafı üçün daha əvvəl bir sıra təkliflər verilmişdi. Bunların həyata keçirilməsi istiqamətində vəziyyət nə yerdədir?

- Ümumiyyətlə, düşünürəm ki, təklifi irəli sürüb kənarda durmaq da düzgün deyil. Təklifin həyata keçməsini istəyirsinizsə, sonadək onun üzərində işləməlisiniz. Bizim çoxlu layihələrimiz var. Çalışırıq yeniliklərə dəstək olaq. Həm də bizə çox sayda gənclər müraciət edirlər. Biz gənclər təşkilatları ilə də işləyirik. Çalışırıq hamıya dəstək olaq.

- Müsahibənin əvvəlində qeyd etdiniz ki, qazanılan medallar rekord saydadır. Ümumiyyətlə, sizin üçün medalların əyarı, yoxsa sayı önəmlidir?

- 2025-ci il bir çox idman növlərində ilklərlə yadda qalıb. Onlardan biri də üzgüçülükdür. MDB Oyunlarında indiyədək bu idman növündə medalımız olmamışdı. Gəncədəki yarışda çox sayda mükafat əldə etdik və iki qızıl medal qazandıq. Amma bizim üçün ilk növbədə idmanın kütləviliyi vacibdir. Bakıda üçüncü ildir ki, buz meydançası fəaliyyət göstərir. Siz həftəsonu orada növbə tapa bilməyəcəksiniz. Çox təlabat var. Bu da kütləvilikdir. Amma orada idman bölmələrimiz də va. Bunlar fiqurlu konkisürmə və hokkeydir. Məşqçilərlə danışırdıq. 50-yə yaxın gənc hokkeyçimiz var. Yarışlara getməyə də başlayıblar. Artıq nəticələrimiz də var. Nəzərə alaq ki, buz meydançamız üç ildir işləkdir. Bir az da gözləməliyik ki, deyək ki, hokkeydə də komandamız var. Bir az çətindir. Amma mümkündür. Bu misalı dəfələrlə gimnastikanın batut növündən gətirmişəm. Batut 2014-cü ildən ölkəmizdə inkişaf etməyə başlayıb. Çünki Avropa Oyunlarının proqramına daxil edilmişdi. Həmin vaxt Azərbaycan Gimnastika Federasiyasında çalışırdım. Xaricdən məşqçilər və idmançılar dəvət etməyə məcbur idik. Ölkəmizi Avropa Oyunlarında təmsil etdilər və bir medal da qazandılar. Sonrakı illərdə bu idmançılardan heç biri olimpiadaya vəsiqə qazana bilmədi. İki dəfə çalışdılar, alınmadı. Üzərindən 10 il keçdi. 2024-cü ildə Azərbaycanda məşq edən, burada yetişən idmançı olimpiadaya vəsiqə əldə etdi. 10 il əslində bir idmançını yetişdirmək, olimpiadaya vəsiqə qazanmaq üçün az olan müddətdir. Batutda yalnız 16 lisenziya var. Bu sayda idmançı yarışda mübarizə aparır. Ölkələr var ki, hər zaman bu növdə olimpiadanın medalı üçün mübarizə aparırlar. Kişilər arasında son üç olimpiya çempionu Belarusdandır. Bəzi ölkələrdən "16-lığ"a iki idmançı düşür. Bütün bunları nəzərə alsaq, görərik ki, olimpiadaya vəsiqə qazanmaq olduqca çətin məsəlı idi. Amma alındı. Bu da o deməkdir ki, digər növlərdə də 10 ilə olimpiadaya vəsiqə qazanacaqlar. Qış idman növlərində də gələcəkdə yaxşı nəticələr qazanmağı planlaşdırırıq. Bunun üçün çalışmalıyıq. 10 ildən sonra alınacağını deyə bilmərəm. Buz meydançası üç ildir fəaliyyət göstərir. Uşaqlar məşq edirlər, yavaş-yavaş yerli mütəxəssislər yetişirlər.

- Bu o deməkdir ki, daha çox kütləviliyə önəm verilir?

- Kütləvilik olmasa, idmançı haradan çıxacaq? Bunlar bir-birinə bağlıdır. Hansısa idman növü necə məşhurlaşır? Orada yaxşı, ulduz atlet olanda. Valideynlər istəyirlər ki, övladları həmin ulduz idmançı kimi uğurlara nail olsun. Onu da xatırladım ki, bizim idman səfirlərimiz də var. Hər il beşini seçirik. Çünki onlar idmanın əsas təbliğatçılarıdır. Paytaxtda və regionlarda idmanı təbliğ edirlər. Bizim üçün nümunə olan idmançılar seçilir. Gənc idmançılar onlara oxşamaq istəyirlər.

- Tofiq Əliyev batut gimnastikasında bu il çox gündəmdə idi. Sizcə, bu növün ulduzuna çevrilə bilər?

- Tofiq Əliyev hazırda məşhurdur. Bu il məlum video çox yayıldı. Orada yeni elementi icrametmişdi. Hansı ki, dünyada bunu edən olmamışdı. Amma ötən ildə də onun çoxlu dəvətləri olub. Bu idman növü Skandinaviya ölkələrində çox yayılıb. Tofiq sosial şəbəkələrdə çox məşhurdur. Bu da bizi sevindirir. İstəyirik ki, belə idmançılarımızın sayı çox olsun. Sosial şəbəkə də təbliğatın bir növüdür.

- Hazırkı dönəmdə də federasiyalardan legioner idmançılarla bağlı müraciət var?

- Bu mövzu haqqında çox danışmışıq. Hələ də danışacağıq. Təkcə Azərbaycanda olmur. Qonşu ölkələrə də baxmaq lazımdır. Onlarda da var. Ən böyük dövlətlərdə də çox sayda görə bilərsiniz. Biz istəyirik ki, öz idmançılarımızı yetişdirək. Bəzi idman növlərində legioner sayı azalıb. Bayaq da dedim, artıq batutda dəvət olunmuş idmançı yoxdur, amma nəticələrimiz var. Yerlilər nəticə verirlər. Bəziləri var ki, illərdir orada dəvət olunmuş idmançılar çıxış edir. Bu da məni narahat edir. Təbii ki, belə olmasını istəməzdik. Federasiyalar xahiş edirlər. Bizdə ağır çəkidə idmançılar azdır. Bəzi idman növlərində komanda yarışları da var. Bu da çox vacibdir. Yeni idman növündə əcnəbi idmançını başa düşə bilərəm. İndiyədək bizi Qış Olimpiya Oyunlarında Azərbaycanda yetişmiş idmançı təmsil etməyib. Şəraitimiz yox idi. Son illər ərzində bu quruldu. İndi bir az vaxt lazımdır.

- Bu il həm də olimpiya tskılı baxımından sınaq ilidir. Bir çox idmançılarımız gəncdir. Yeni nəsil gəlir. 2028-ci ildə keçiriləcək olimpiada ilə bağlı hansı ümidləriniz var?

- Planlarımız və məqsədlərimiz var. Hər federasiyanın öz məqsədi mövcuddur. Artıq Yay Olimpiya Oyunlarına hazırlaşmağa başlayırıq. Bu, normaldır. Belə də olmalıdır. Federasiyalardan olimpiadada hansı sayda idmançı ilə iştirak edə biləcəkləri ilə bağlı ilkin say almışıq. Bunun üzərində işləyirik. Növbəti iclaslarda yenə müzakirə edəcəyik. Plan üzrə çalışırıq. Hər zaman 100 faiz olmur. Amma maksimal və real hədəf də var. Yeni ulduz idmançılar görmək istəyirik. Olacaq. Bu ay boks üzrə dünya çempionumuz oldu. Sübhan Mamedovun cəmi 19 yaşı var. Azərbaycan boks məktəbinin yetirməsi son olaraq 10 il əvvəl dünya çempionu olub. İnanıram ki, Sübhan olimpiadaya vəsiqə qazanacaq və orada da uğurlu çıxış edəcək. Təkcə bu boksçumuz yox, digər idmançılarımızdan da yaxşı nəticələr gözləyirik.

- Zamam-zaman hansısa idmançının federasiya ilə problemi olur. Federasiya ilə idmançı arasında körpünü necə yaradırsınız?

- Kiminsə nazirliyə sözü varsa, qapılarımız daim açıqdır. Hər şəxs gələ bilər. Gəlirlər də. Bundan əlavə, hər həftə bizim qəbul günlərimiz olur. Rahat şəkildə qəbula yazıla və gələ bilərlər. Müraciətlər müxtəlif yöndə olur. Hamısını araşdırmağa çalışırıq. Qəbullara son zamanlar valideynlər daha çox gəlirlər. Təbii ki, araşdırmalıyıq və hər iki tərəfi dinləməliyik.

- Valideynlərin məşqçi işinə müdaxilələri ilə bağlı nə deyə bilərsiniz? Bu yöndə şikayət olur?

- Təəssüf ki, belə hallarla da rastlaşırıq. Validenylər məşqçilərin işinə müdaxilə edirlər.

- Azərbaycan idmanına bələd olan bir şəxs kimi yaxın gələcəkdə ölkə idmanının perspektivini, idmançılarımızın potensialını necə görürsünüz?

- Həm federasiyalar, həm də klublar müəyyən işlər görürlər. Biz və Milli Olimpiya Komitəsi dəstək oluruq. Olimpiadada nəticə gözlədiyimiz idmançllar var. Amma ilk növbədə həmin idmançıları yetişdirmək lazımdır. Bu, mərhələli şəkildə olur. Artıq olimpiada üçün real və istədiyimiz proqnozlar var. Onun üzərində çalışırıq. Yay Olimpiya Oyunlarında ən azı 30-cu pilləni qoruyub saxlamaq istəyirik. Təbii ki, daha yüksək yerdə olmaq niyyətindəyik. Qonşu ölkələrlə bizi müqayisə etsəniz, görərik ki, kifayət qədər yaxşı nəticəyə nail olmuşuq. Paris-2024-də medal sıralamasında 30-cu olduq. Azərbaycan əvvəl bu nailiyyəti əldə etməmişdi. Bizim üçün rekord göstəricidir. Sıralamada ön pillələrdə olmaq üçün qızıl medal çox önəmlidir.

- Süni intellektdən istifadə edirsiniz?

- Mən istifadə etmirəm. Amma bizim əməkdaşlar ondan yararlanırlar. Bizim gənclər sahəsində layihələrimiz çoxdur. Bununla bağlı da var. Bu gənclər təşkilatlarının inkişafı üçün yaxşı şansdır.

Xəbər xətti