"Əsas hədəfimiz çempionatda qalmaq və möhkəmlənməkdir" - MÜSAHİBƏ

13:22 - 16 Avqust 2026

"Şəfa"nın müdafiəçisi İsmayıl Zülfüqarlı Sportal.az saytına müsahibə verib.

- “Şəfa”nın toplanışı necə keçdi? Futbolçu olaraq sizi narahat edən nəsə oldumu, yoxsa hər şey ürəyinizcədir?

- Toplanışımız yaxşı keçdi. İstədiyimiz məşqləri həm taktiki, həm də fiziki baxımdan həyata keçirdik. Kollektiv olaraq da mehriban, səmimi və bir-birinə inanan komandamız var. Hər şey ürəyimizcə oldu.

- “Şəfa”nı yeni mövsümə nə qədər hazır hesab edirsiniz? Yeni gələn futbolçular çoxdur. Demək olar ki, artıq bir-birinizə öyrəşmisiniz?

- Bu, kollektivimizin Premyer Liqada ilk ili olacaq. Əlimizdən gələnin ən yaxşısını edib özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. Futbolçularımızın əksəriyyəti yenidir. Bir-birimizə dəstək oluruq ki, qısa müddətdə hamı bir-birinə öyrəşsin.

- Komandanın yeni mövsümdə əsas hədəfi nədən ibarət olacaq? Premyer Liqada qalmağı bacaracaqsınız, yoxsa daha yüksək yerləri, hətta avrokubokları düşünürsünüz?

- Əsas hədəfimiz bu il çempionatda qalmaq və möhkəmlənməkdir. Amma bu o demək deyil ki, sonuncu pillədə olmalıyıq. İnşallah, daha çox çalışıb yaxşı yerlərdə olmaq üçün mübarizə aparacağıq.

- Ötən mövsüm baş məşqçi Elgiz Kərəmli idi, indi isə artıq Zaur Həşimovdur. Yeni baş məşqçiyə necə öyrəşmisiniz və onun tələblərini yerinə yetirmək alınır?

- Hər bir məşqçinin öz sistemi və öz istəkləri var. Futbolçunun işi də bunları yerinə yetirməkdir. Çalışırıq ki, bütün tapşırıqları dəqiq şəkildə icra edək. Səhvlər hər zaman olur. Məşqçilər heyətimiz bu səhvləri bizə göstərir və bizə dəstək olurlar.

- Yeni mövsümə “Zirə” səfəri ilə başlayacaqsınız. Püşkatmanı özünüz üçün uyğun hesab edirsiniz? Mövsümə qələbə ilə başlamaq nə dərəcədə realdır? Rəqib mövsümə daha tez başlayıb və avrokuboklarda artıq 4 oyun keçirib...

- Püşkatmanı uyğun sayıram, çünki onsuz da bütün rəqiblərlə qarşılaşmalı olacağıq. İnşallah, hədəfimiz qalib gəlmək və mübarizə aparmaqdır. “Zirə” yaxşı kollektivdir. Onlarla oyunda çox çalışmaq və minimum səhv etmək lazımdır.

- Bir illik aradan sonra, yəqin ki, yenidən Premyer Liqada oynamağın da həyəcanı var. Əsas heyətdə oynamaq şanslarınızı necə dəyərləndirirsiniz? Sizcə, bunu reallaşdırmaq mümkün olacaq?

- Ötən mövsüm I Liqaya gəldiyim zaman, düzü, çətinlik çəkdim. Çünki hər zaman əsas hədəfim Premyer Liqada oynamaq olub. Amma I Liqada da çalışdım və mübarizə apardım ki, yenidən Premyer Liqaya qayıdım. Düzü, çox sevincliyəm və istəyirəm ki, burada çox oyun keçirəm. Amma komandamızda hər bir mövqedə güclü rəqabət var. Hamı özünü yaxşı tərəfdən göstərmək üçün çalışır. Mən də hamı kimi əlimdən gələnin ən yaxşısını edirəm. İnşallah, hamımız üçün xeyirlisi olar.

Mirbağırağa
 

Xəbər xətti