"Zubirin gedişini "Qarabağ" üçün itki hesab etmək olar, ancaq heç kim əvəzedilməz deyil" - MÜSAHİBƏ

14:48 - 16 Avqust 2026

"Qarabağ"ın sabiq forvardı Samir Musayev Sportal.az saytına müsahibə verib.

- "Qarabağ" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində səfərdə "Dinamo"ya (Kiyev) uduzsa da, evdə rəqibinə 2:0 qalib gələrək mərhələni adlamağı bacardı. Evdəki geridönüşə inanırdın?

Əlbəttə ki, inanırdım. Təkcə mən yox, məncə, hər kəs buna inanırdı. Komanda daha istəkli görünürdü, əzmkar oynadı. Doğrudur, çətin oyun oldu. Ancaq sonda qələbə qazanaraq mərhələni keçməyi bacardılar.

- "Qarabağ" avrokuboklarda üç oyun idi ki, qol vura bilmirdi. Səncə, komanda artıq həmin pis dönəmi geridə qoymağı bacardı, yoxsa çatışmazlıqlar yenə də görünür?

Mən əvvəldə də demişdim ki, komanda oyundan-oyuna daha yaxşı çıxış edəcək. Futbolçular bir-birinə uyğunlaşacaq və müəyyən müddətdən sonra daha yaxşı "Qarabağ" görəcəyik. Bir az səbirli olmaq lazımdır.

- "Qarabağ"ın əsas kapitanı Abdullah Zubir komandadan ayrıldı. Onun ayrılığı haqda fikrin necədir? Bunu komanda üçün böyük itki hesab edirsən?

Bəli, Zubir komandaya çox böyük fayda verib və vacib futbolçulardan biri olub. Onun gedişini komanda üçün itki hesab etmək olar. Amma məncə, heç kim əvəzedilməz deyil. İnanıram ki, onu layiqincə əvəz edəcək futbolçular olacaq.

- Komandanın Konfrans Liqasında təsnifat mərhələsindəki son rəqibi "Tvente"dir. Hazırkı “Qarabağ” Niderland klubunu keçməyə qadirdir? İlk oyun da səfərdədir. “Qarabağ”ın bu matçlardakı şanslarını necə dəyərləndirirsən?

- Təbii ki, asan olmayacaq. Bu, dəqiqdir. "Tvente" "Qarabağ" üçün köhnə tanış komandadır. İnşallah, bu dəfə də mərhələni keçən tərəf biz olarıq. Məncə, "Qarabağ" "Tvente"yə qalib gələcək gücdədir.

- "Qarabağ"ın bu mövsüm avrokuboklara düşə bilməməsi onlar üçün böyük uğursuzluq olardı? Ötən mövsüm Çempionlar Liqasının əsas mərhələsində oynamış komandanın növbəti mövsüm avrokuboklardan uzaq qalması yəqin ki, “Qarabağ”a böyük zərbə hesab etmək olar?

Mən elə fikirləşmirəm. Komanda, demək olar ki, yenidən qurulub və heyətdə çoxlu dəyişikliklər olub. Ona görə də avrokuboklarda əvvəlki kimi çıxış etməməsini uğursuzluq hesab etmirəm. Mən bunu belə adlandırardım: növbəti uğurlar üçün səssizlik. Amma yenə də “Qarabağ” qrup mərhələsinə düşmək üçün əlindən gələn hər şeyi edəcək.

Mirbağırağa

Xəbər xətti