"Əvvəllər ölkəmizlə əlaqəsi olmayanlara necə gəldi, kimə gəldi Azərbaycan pasportu verilib" - AKTUAL

16:22 - 14 Avqust 2026

Son dünya çempionatında, elə ona qədər də müxtəlif yığma komandalarda başqa ölkələrdə doğulan futbolçuların yer almasına şahidlik edirik. Lakin bizdə bu məsələ də problemə çevrilib. Bunun obyektiv səbəbləri var. Çünki AFFA-nın əvvəlki idarəçisi Elxan Məmmədovun dövründə o qədər başqa millətlərdən olanlara Azərbaycan pasportu verilib ki, Gənclər İdman Nazirliyi proseduru sərtləşdirib, AFFA-nın indiki rəhbərliyi də çox ehtiyatla yanaşır bu məsələyə. 

Mövzuyla bağlı Ayxan Abbasova müraciət etdik. Sportal.az saytına danışan millimizin baş məşqçisi bu istiqamətdə işlərin getdiyini dedi:

"Təəssüf ki, əvvəllər ölkəmizlə əlaqəsi olmayanlara necə gəldi, kimə gəldi Azərbaycan pasportu verilib. Pereyra, Qomes, Ladaqa, Muzika, saysaq siyahı çox uzun olacaq... Bu, ictimaiyyətdə də mənfi fikirlər yaratmışdı.

Amma hazırda dünya praktikasına baxsaq, elə Türkiyə millisini götürə bilərik. Avropada doğulub böyüyən, başqa ölkələrdə futbol məktəbini keçən türkləri qardaş yığmanın heyətində çox görürük. Bizim də buna ehtiyacımız var. Burda pis heç nə yoxdur. Çünki xaricdə yaşayan çox sayda həmyerlimiz var ki, onlar yığmamızı gücləndirə bilərlər.

Əslində, bu istiqamətdə iş gedir. U-21 millimizdə 4-5 belə futbolçu sınaqdan keçirilib. AFFA-nın Skautinq Departamenti Almaniya, İtaliya, Niderland kimi ölkələrdə futbolla məşğul olan xeyli sayda həmyerlimizi müəəyyənləşdirib. Pasport məsələsində problemlər olur. Lakin mən düşünürəm ki, əslən Azərbaycandan olanlarla bağlı belə sıxıntılar yaşanmamalıdır. Çünki onlar bizim həmyerlilərimizdir. Özü də əgər xaricdə yaşayan perspektivli uşaqlar bizim millidə oynamağı seçirlərsə, pasport məsələsində yubatmaya yol vermək olmaz. Mən U-21 yığmasını çalışdıranda, Rusiya və Ukraynadan çox yaxşı azərbaycanlı futbolçular var ki, onlara pasport ala bilməmişdik. Məncə gələcəkdə AFFA ilə AGİN bu məsələdə bütün maneələrin aradan qaldırılmasına nail olacaq".

Qeyd edək ki, FİFA-nın mövcud qaydalarına görə, futbolçular validenyləri, hətta nənə və babalarının vətəni olan ölkələrin millisində çıxış etmək hüququna malikdir. 

Xəbər xətti