"Qəbələ" üçün rekord

11:52 - 30 İyul 2013

53 beynəlxalq yoxlama oyunu və 23 qələbə
 
Avstriyada təlim-məşq toplanışını başa vuran “Qəbələ” hazırlıqlarını uğurlu seriya ilə tamamlayıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu ölkədəki hər 3 yoxlama oyununda qələbə qazanan “qırmızı-qaralar” yay hazırlığını uğurla sona çatdırıb. Beynəlxalq oyunlardakı 3 oyunluq qələbə seriyası əldə edən komanda Türkiyənin “Gənclərbirliyi” klubunu 3:1, Macarıstan “Zalaeqerseq”ini 3:0 məğlub etdikdən sonra Sloveniya təmsilçisi “Smartno”dan da güclü olub – 2:1.
 
Beynəlxalq yoxlama oyunlarındakı belə seriya “Qəbələ” üçün rekord sayılır. Belə ki, ilk belə matçına 2006-cı ildə çıxan komanda öz tarixində bundan çox qələbəni sıralamayıb. İndiki nəticə 2011-ci ilin yayında əldə olunan uğurlu seriyanın təkrarıdır. 2 il əvvəl komanda İngiltərə toplanışının sonunda ardıcıl 3 matçda qalib gəlib. Yerli klublardan “Sent Albans”ı 3:2, “Hayes Yeading”i 2:1 yenən “qırmızı-qaralar” “Luton Taun”u da 3:2 hesabı ilə üstələyib. Bundan sonrakı toplanışda – 2012-ci ilin qışında da “Qəbələ”nin uğurlu seriyası var. Lakin həmin vaxt əldə olunan ardıcıl 2 qələbədən sonrakı matçda komanda yalnız penaltilər seriyasında rəqibindən üstün olub.
 
Qeyd edək ki, tarixi ərzində 53 beynəlxalq yoxlama oyunu keçirən “Qəbələ” 23 qələbə qazanıb, 10 heç-heçə edib və 20 dəfə uduzub. Bu qarşılaşmalarda 81 top vuran komanda 62-ni buraxıb.

Xəbər xətti