"Rəvan"ın seriyası qırıldı

15:34 - 6 Avqust 2013

Bu dəfə nə qol oldu, nə də xal
 
"Rəvan” Prenyer Liqanın 2013/14 mövsümünə məğlubiyyətlə başlayıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Zaqatalada stadionun təmiri tam başa çatmadığından "Simurq” ilə Qəbələ şəhər stadionunda görüşən komanda 0:2 hesabı ilə uduzub. Ümumiyyətlə, "aslanlar” üçün start hər zaman bir qədər çətin olur. Bunu tarixə nəzər salanda da görmək olar. Belə ki, ikisi I divizionda olmaqla 5-ci mövsümə start verən komanda yalnız 1 halda çempionata 3 xalla başlayıb: Komanda 2010/11 mövsümünün ilk oyununda sentyabrın 4-də "Göyəzən”i səfərdə məğlub edib (2:0). Qalan 4 halın ikisində heç-heçə, ikisində isə yenilgi ilə mövsümə başlayıb. Amma qol vurmadan mövsümə başlamaq ilk dəfə olub.
 
Elə Qəbələdə komandanın uduzmağı da ilk dəfə baş verdi. Komanda buna qədər eyniadlı şəhərin komandası ilə 2 dəfə qonaq meydanında qarşılaşıb. 2011/12 mövsümündə 3:2, ötən "futbol ili”ndə isə 3:1 hesablı qələbə əldə edərək 3 xalı 3 qolla qazanıb. Bu dəfə isə nə qol oldu, nə də xal...
 
Elə bu qolsuzluq da seriyanın qırılmasına səbəb oldu. Axı ötən mövsümdə 17-ci turdan etibarən sona kimi bütün oyunlarda (18-ci turdakı texniki məğlubiyyət nəzərə alınmır) ən azı 1 qol vurmuşduq. Bu isə ümumilkdə 15 oyun edirdi. Lakin Qəbələdə "Simurq”un qapısına yol tapa bilmədik. Belədə komanda 10 dekabr 2012-ci il tarixindən sonra ilk dəfə meydanı qolsuz tərk etdi. 

Xəbər xətti