Dünya transfer bazarının incəlikləri: Hər hansı bir futbolçunun braziliyalı və ya hollandiyalı olması onun qiymətini qaldırır YAZI

12:43 - 10 Mart 2014

"I was there when John Jensen scored" 
 
Müasir dövrdə, yaşadığımız cəmiyyətdə sosial statusundan, yaşından, cinsindən və milliyətindən asılı olmayaraq bir çox insan futbolla maraqlanır, zamanlarının müəyyən qismini bu oyuna həsr edirlər. Bəzi insanlar futbola gəlir mənbəyi gözü ilə baxdığı halda, bəziləri sadəcə oyunun gözəlliyindən zövq alırlar. Yazının müəllifi olaraq qeyd etməliyəm ki, mən də futboldan zövq alanlardanam və bu oyuna dair fikirlərimi sizinlə paylaşacağım üçün özümü şanslı hesab edirəm. 
 
“Futbol sadəcə futbol deyildir” şüarından yola çıxaraq, bu yazıda sizlərə futboldakı transfer bazarından, onun nəticələrindən, və keçmişdə həyata keçirilmiş uğurlu və uğursuz transferlərdən bəhs edəcəyik.
 
Bir futbol klubunda futbolçular qədər, klubun baş məşqçisi də çox önəmlidir. Bir neçə klub istisna, digərləri heç olmazsa üç və ya dörd ildən bir baş məşqçi dəyişdirir. Təbii ki, kluba yeni baş məşqçinin gəlməyi həmin yerdə atmosferi dəyişdirir. Lakin çox vaxt, baş məşqçilər hər hansı bir klubda işə başlayarkən, özündən əvvəlki məşqçinin kluba dəvət etdiyi futbolçuları dəyər-dəyməzinə başqa klublara transfer etdirir və ya icarə əsasında başqa klubda oynaması üçün mədəni şəkildə klubdan uzaqlaşdırır. Məsələyə məşqçi nöqteyi-nəzərindən baxıldığı zaman, bu düzgün görünə bilər. Lakin klubun maliyyə resurslarını nəzərə aldıqda, həmin oyunçunun bir vaxtlar kluba hansı məbləğə transfer edildiyini gördükdə, baş məşqçilərin bu addımlarının səhv olduğunu rahatlıqla anlamaq olur. Fikrimizi dəstəkləmək üçün sizlərə "Tottenhem" klubundan bir nümunə təqdim etmək istərdik. Belə ki, 2000-ci ilin may ayında "Tottenhem" klubunun baş məşqçisi Corc Qrahamın istəyi ilə Sergey Rebrov 11 milyon funt sterlinqə "Dinamo" Kiyev klubundan London klubunun heyətinə transfer edilir. Bu keçid klub tarixinin ən bahalı transferi olur. Lakin 9 ay sonra klubda baş məşqçi dəyişikliyi olur və yeni baş məşqçi S. Rebrovu komandasında görmək istəmir və onu icarə əsasında "Fənərbaxça" klubuna yollayırlar. Daha sonra isə onu çox aşağı bir məbləğ qarşılığında "Vest Hem" klubuna transfer edirlər. Nəticə etibarı ilə klub milyonlar xərclədiyi oyunçunu heç bir fayda almadan itirmək məcburiyyətində qaldı. Bu cür hadisələr indi də yaşanır, və klub idarəçiləri məsələyə ciddi yanaşmayacağı təqdirdə gələcəkdə də yaşanacaq.
 
Keçirilmiş sonuncu dünya və ya Avropa çempionatları çox vaxt aldadıcı ola bilir. Belə ki, bu turnirlərdə yaxşı oyun nümayiş etdirib, bir-neçə qol vurmuş oyunçu çempionat bitdikdən sonra həmin oyununu bir daha nümayiş etdirə bilmir. Bu məsələ ilə bağlı ən unudulmaz transfer hadisələrindən biri danimarkalı yarımmüdafiəçi Con Yensenin Londonun "Arsenal" klubuna keçidi ilə bağlıdır. Belə ki, 1992-ci ildə İsveçdə keçirilən Avropa çempionatının finalında adıçəkilən futbolçu qol vurur və Danimarka turnirin qalibi olur. O dövrdə "Arsenal" klubunun baş məşqçisi olan Corc Qraham danimarkalının hücuma meylli və qol ortalaması yüksək olan oyunçu olduğunu düşünərək onu kluba transfer etdirir. Lakin 4 il sonra, Con Yensen klubu tərk edərkən, onun aktivində cəmi 1 qol var idi. Bu hadisə o qədər aktual mövzu olmuşdu ki, "Arsenal" klubunun fanatları, üzərinə “I was there when John Jensen scored” (Con Yensen qol vuranda mən də ordaydım) yazılı köynəklər hazırlamışdılar. 
 
Transfer prossesi zamanı yaşanan aldadıcı amillərdən biri də futbolçunun doğulduğu ölkə ilə əlaqədardır. Futbol tarixində müəyyən iz qoymuş ölkələrin futbolçuları çox zaman şişirdilir və əslində layiq olmadığı halda yüksək səviyyəli klublara transfer ounurlar. Məsələn, hər hansı bir futbolçunun braziliyalı və ya hollandiyalı olması onun qiymətini transfer bazarında qaldırır. Aleks Bellos özünün “Fuetbol” adlı kitabında qeyd edir ki, futbol dünyasında “braziliyalı futbolçu” anlayışı “fransız şampanı” və ya “tibetli rahib” kimi qəlibləşmiş və insanların beynində özünə güclü rəğbət qazandırmışdır.
 
Problemli məsələlərdən biri də skautlarla bağlıdır. Belə ki, bəzən sarışın və ya yaraşıqlı bir futbolçu meydançada birlikdə oynadığı oyunçulardan oyununa görə deyil, sadəcə olaraq xarici görünüşünə görə fərqlənir. Bəlkə də həmin vaxt meydançada daha bacarıqlı futbolçular olur. Lakin skautlar oyunçuları diqqətlə izləmədikdə, bu tələyə düşürlər və nəticədə öz klubları üçün güclü, perspektivli futbolçu yox, sadəcə olaraq yaraşıqlı bir gənc transfer etmiş olurlar. 
Bu hissəyə kimi daha çox transfer prossesindəki mənfiliklərdən bəhs etdik. Son hissədə sizlərə müsbət bir transfer strateqiyası təqdim edərək bu həftəki yazımızı bitirmək istəyirəm. Hər bir sahədə olduğu kimi futbol sahəsində də psixologiyanın rolu çox böyükdür. Bəzi futbolçular ya davakar, ya qumarbaz, ya da gecə həyatına düşkün olurlar. Əgər hər hansı bir klubun baş məşqçisi oyunçularını anlayan, özlərini oyunçunun yerinə qoyub məsələlərə onların gözü ilə baxan və oyunçularla öz övladları kimi davranan bir şəxs olarsa, bu cür oyunçuları düzgün şəkildə idarə edib, kluba faydalı insan edə bilərlər. Ardıcıl olaraq Çempionlar Liqasını qazanan İngiltərənin əyalət klublarından biri olan, "Nottinqem Forest"in əfsanəvi baş məşqçisi Brayan Klaf və onun köməkçisi Piter Teylor yuxarıda sadalanan xüsusiyyətlərinə görə digərlərindən çox fərqlənirlər. 1976-cı ildə İngiltərənin həvəskar futbol klublarından olan "Long Eaton"-dan 2 min funtsterlinqə transfer etdikləri davakar oyunçu Harri Bertpsi 4 il sonra 1 milyon 250 min funtsterlinqə "Mançester Yunayted" klubuna satan cütlük, daha sonra bundan da böyük bir transfer həyata keçirirlər. Belə ki, Klaf və Teylor öz klubunda problemli oyunçu kimi ad qazanan, Roy Kini İrlandiyanın "Cobh Ramblers" klubundan 47 min funtsterlinqə alıb, müəyyən müddət xidmətlərindən istifadə edərək 3 milyon 750 min funtsterlinq qarşılığında "Mançester Yunayted" klubuna yollayırlar. 
 
Yəqin ki, yuxarıda sadalanan məsələləri oxuduqca bu problemlərin Azərbaycan futbolunda da mövcud olduğunu özlüyünüzdə düşündünüz. Dəyərli oxuyucularımızın da öz fikirlərini bildirəcəyini arzu edir və gələcəkdə onlardan gələcək təkliflər əsasında yeni yazılar yazmağı ümid edirik.
 
Tural HƏSƏNOV

Xəbər xətti