"Ayaks" haqqında bilmədiklərimiz YAZI

13:39 - 17 Mart 2014

“Ayaks” Futbol Klubunun Avropadakı son uğurlarını xatırlayan nəsil artıq orta yaş həddinə çatmış, kifayət qədər həyat təcrübəsi olan insanlardır. Gənc nəsil isə ümumiyyətlə “Ayaks”ın Avropadakı uğurlarından ya bixəbərdir, ya da ki, müasir telekommunikasiya vasitələri ilə az-çox məlumat əldə edə biliblər. Bu yazını oxucularımızla paylaşmağımızdakı məqsədimiz, gənc nəslə klub haqqında informasiya vermək deyil, klubun Avropa arenasındakı uğursuzluqlarını imkanlarımız daxilində incələməkdir. 
 
J.Kroyf, D.Bergkamp, K.Seedorf, M.Overmars, M.Van Basten və daha neçə belə oyunçunu dünya futbol arenasına çıxaran klub, bununla yanaşı 4 dəfə UEFA Çempionlar Liqasını və 1 dəfə də UEFA kubokunu qazanmışdır. Klubun Avropadakı sonuncu uğuru 1995-ci ildə hazırda Hollandiya Milli Komandasını çalışdıran, Luis Van Gal-ın rəhbərlik etdiyi heyətlə Çempionlar Liqasını qazanması olmuşdur. Son 20 ilə yaxın bir zamanda isə klub, qrup mərhələsini aşmaqda da çətinlik çəkir. Futbola yaxınlığı ilə bilinən bir neçə dostumuzla, müzakirələr zamanı, bu uğursuzluğun səbəbini araşdırmağa çalışdıq. Ortaya bir neçə maraqlı fikir çıxdı və bu fikirləri sizinlə paylaşaraq bunların nə qədər doğru olub-olmadığını izah etməyə çalışacağıq. 
 
 
Hollandiya Çempionatının (Eredevise) səviyyəsi aşağıdır
 
Dostlarımızdan bir neçəsi Ayaks klubunun Avropada uğur qazana bilməməsini sırf Hollandiya Çempionatının səviyyəsinin aşağı olması ilə əlaqələndirdi. İddialarını isə, çempionatın gərgin keçməməsi ilə dəstəkləməyə çalışdılar. Lakin son illərdə keçirilmiş, Hollandiya çempionatlarına göz gəzdirdikdə burada “Ayaks”, “PSV”, “AZ-Alkmar” və “Tvente”nin çempionluq uğrunda sona qədər mübarizə apardığının şahidi oluruq. Bundan əlavə, çempionatlarının səviyyəsi daha aşağı olan Rusiya, Ukrayna, və Portuqaliyanın klubları dəfələrlə UEFA kubokunu qazanıb, Çempionlar liqasında da yarımfinal və final oyunları oynayıblar. Bütün bunları nəzərə alaraq, “Ayaks” klubunun Avropadakı uğursuzluğunu çempionatın səviyyəsi ilə əlaqələndirməyin düzgün olmadığını düşünürük. 
 
“Ayaks”  güclü futbolçular yetişdirmir
 
Səslənən fikirlər arasında diqqəti çəkən məsələlərdən biri də, “Ayaks” klubun əvvəlki illərdən fərqli olaraq, artıq yaxşı futbolçular yetişdirə bilmədiyi idi. İlk baxışda həqiqətə oxşayır ancaq hazırda futbol həyatlarını davam etdirən hollandiyalı futbolçulardan U.Snayder, K.J.Huntelar, R.Babel, M.Stekelenburg və bir sıra başqa oyunçuların Ayaks Futbol Məktəbindən çıxdığını gördükdə bu iddianın da doğru olmadığını anlayırıq. Hollandiyalı olmayıb, lakin dünya futboluna məhz “Ayaks”ın bəxş etdiyi C.Eriksen, Z.İbrahimoviç, və L.Suarezi də nəzərə alsaq, əslində klubun hələ də dünyada ən güclü oyunçuları kəşf edən məktəb olduğunu görürük.
 
“Ayaks” klubu yetişdirdiyi futbolçuları klubda saxlaya bilmir 
 
“Ayaks”ın artıq yaxşı oyunçular yetişdirə bilmədiyini deyənlərlə yanaşı, klubun əslində yaxşı oyunçular yetişdirdiyini, lakin onları klubda saxlaya bilmədikləri fikrini irəli sürən dostlarımız da var idi. Daha öncəki iki fikirdən fərqli olaraq, bu fikir daha dolğun idi və razılaşmamaq olmazdı. Bəs necə olurdu ki, klub əvvəllər oyunçularını saxlaya bilirdi, indi isə yox?
 
1995-ci ilə kimi, futbolçular oynadıqları kluba demək olar ki, təhkimli idilər. Futbolçular, klub prezidentlərinin və ya idarəçilərin razılığı olmadan heç bir kluba keçə bilməzdilər. Hətta klubları ilə müqaviləsi bitən oyunçular da klubu tərk edə bilməzdilər. Lakin 1990-cı ildən başlayaraq hadisələr fərqli yöndə inkişaf etməyə başladı. Belçikanın “RFC Liege” klubunun oyunçusu Jean-Marc Bosmanın klubu ilə müqaviləsi başa çatır. Klub rəsmiləri isə ona əvvəlki maaşından 60% daha az maaş təklif edərək onun klubda futbol oynamağa davam etməsini istəyirlər. Bosman isə qəti şəkildə bunu qəbul etmir və Fransanın “Dunkerque” klubundan gələn transfer təklifini dəyərləndirməyə çalışır. Lakin bu dəfə də “Liege” klubunun rəhbərliyi Bosmanın transfer qiymətini çox yüksəldir və nəticədə fransız klub bu transferdən imtina edir. Klubun bu davranışlarına görə Bosman öncə yerli məhkəmələrə, daha sonra isə Avropa Ədalət Məhkəməsinə müraciət edir. 5 il davam edən məhkəmə prossesi Bosmanın xeyrinə nəticələnir və “RFC Liege” klubu oyunçuya təzminat ödəmək məcburiyyətində qalır. Bundan əlavə, Avropa Ədalət Məhkəməsi “Bosman Qaydaları” adlı qanunlar toplusu hazırlayır. Bosman Qaydalarına əsasən futbolçular da digər işçilər kimi həmkarlar ittifaqı yaratmaq hüququna sahib oldular. Bundan əlavə onların da işsizliyə görə təzminat almaq hüququ təmin edildi. Ən əsası isə klubu ilə müqaviləsi bitən oyunçu Avropa Birliyi daxilində istənilən bir kluba heç bir transfer məbləği olmadan, sərbəst şəkildə keçə bilmək hüququ qazandı. 
 
Sonda vurğuladığımız məsələ əslində “Ayaks” klubunun da böyük uğurlarının sonunu gətirdi. Belə ki, daima öz futbol məktəbindən çıxmış oyunçular sayəsində Avropada böyük uğurlar qazanan “Ayaks”, bundan sonra ya həmin oyunçuları satmalı idi, ya da ki, külli miqdarda maaş ödəyərək bu oyunçuları klubda saxlamalı idi. “Ayaks” böyük maliyyə resurslarına malik olmadığı üçün, birinci variantı seçmək məcburiyyətində qaldı. Təkcə 1995-ci ildə Çempionlar Liqasını qazanan heyətin oyunçularından E.Davids və P.Kluivert “Ayaks”la müqavilələri bitməsi və Bosman qaydalarının qüvvəyə minməsi səbəbi ilə heç bir transfer qiyməti olmadan “Milan” klubuna keçdilər. Bunun ardınca isə “Ayaks”ın digər futbolçuları da klubu bu minvalla tərk etməyə başladılar. Bu prosses indi də davam edir və Hollandiya klubunda bir az yaxşı oyun göstərən oyunçu Avropanın digər böyük klubları tərəfindən transfer edilir.
 
Sonda dəyərli oxuyucularımızın da öz fikirlərini bildirəcəyini arzu edir və gələcəkdə onlardan gələcək təkliflər əsasında yeni yazılar yazmağı ümid edirik.
 
Tural Həsənov

Xəbər xətti