Bir şəklin tarixçəsi YAZI

12:45 - 20 May 2014

Və ya 21 il əvvəlki çempionlar indi haradadırlar?
 
Bu mövsüm “Qarabağ”ın çempionluğunu gözləyənlər çox idi. Son illər göstərdikləri məzmunlu futbol sayəsində ağdamlıların 21 illik həsrətinə nəhayət, bu il son qoyuldu. Düz 21 il əvvəl iyulun 23-də Ağdam işğal olunmuşdu. İşğaldan bir neçə gün sonra isə “Qarabağ” birinciliyin həlledici qarşılaşmasında “Xəzər”i (Sumqayıt) 1:0 hesabı ilə məğlub edərək ağdamlıların dərdini bir qədər azaltmışdı. Düzü, o vaxtkı çempionluq, ilk çempionlar haqqında material hazırlamağı çoxdan düşünürdüm. Bu işdə köməyimə “Qarabağ”ın fəxri-prezidenti Adil Nadirov çatdı. Adil müəllim ilk çempionluğu özündə əks etdirən şəkili təqdim edəndə artıq yazını hansı mövzuda hazırlayacağımı da dəqiqləşdirdim – görəsən, 21 il əvvəlki qələbənin memarları indi haradadılar? Bu işdə isə dadıma komandanın keçmiş futbolçusu, ilk çempionlardan biri Elşad Xudadatov çatdı. Beləliklə, bir şəklin tarixçəsi...
 
Bu şəkil düz 21 il əvvəl – 1993-cü ilin avqustunda çəkilib. Həmin mövsümün son turunda Tofiq Bəhramov adın Respublika stadionunda “Xəzər”i məğlub edən “Qarabağ” ilk çempionluğunu bayram etmişdi. Əslindən, buna bayram da demək olmazdı, sadəcə, qeyd etmişdilər. Axı, Ağdamsız nə bayram?
Haşiyə: 1993-cü il mövsümündə birincilikdə 20 komanda 2 yarımqrupda mübarizə aparırdı. Qrupda ilk 2 yeri tutanlar yarımfinala vəsiqə qazanmışdılar – “A” qrupudan rəhmətlik “Turan” və “Kəpəz”, “B” qrupundan isə “Qarabağ” və “Xəzər”. Yarımfinalda “Turan”ı minimal hesabla məğlum edən ağdamlıların finaldakı rəqibi digər yarımfinalda “Kəpəz”i penaltilər seriyasından sonra adlayan “Xəzər” olmuşdu. Bakıda keçirilən finalda isə “Qarabağ” qalib gəlmişdi – 1:0. Maraqlı 2 məqama toxunum – birincisi, bir qədər əvvəl qeyd etdiyim kimi, həmin il çempionatda 20 komanda mübarizə aparırdı. Özü də həmin komandaların 15-i (!) bölgələri təmsil edirdi. “Pirojki futbolu” dövründə, müharibənin getdiyi, idman qurğularının olmadığı bir vaxtda keçirilən çempionat indikindən qat-qat maraqlı idi. Hazırda dövlətin futbola kifayət qədər diqqət ayırdığı bir dövrdə Premyer Liqada cəmi 10 komanda var. Onların da yarısı paytaxtı təmsil edir....
 
İkinci məqam isə PFL-in saytında finalda “Qarabağ”ın “Xəzər”i deyil, “Turan”ı məğlub etməsinin göstərilməsidir. Ümumiyyətlə, PFL-in rəsmi saytının arxivində bir çox yanlışlıqlar var və həmin səhvlər aradan qaldırılarsa, pis olmaz. Əlqərəz...
 
Elşad Xudadatovun şəkildəki duruşuna fikir versəniz, taqətsiz olduğunu görərsiniz. Dediyinə görə həmin oyunda bəlkə də hamıdan çox o “işləmişdi”: “Final oyununa 3-5-2 sistemi ilə çıxmışdıq. Həmin sistemdə cinah yarımmüdafiəçilərinin üzərinə böyük yük düşürdü. Mən sol kənar yarımmüdafiəçisi idim. O qədər qaçmışdım ki, oyundan sonra hərəkət etməyə halım qalmamışdı, ayaqlarımın ağrısından səhərə kimi yata bilməmişdim”.
 
Keçək şəkildə gördüyümüz şəxslərə. Ayaqüstə duranlardan soldakı bığlı kişini Elşad müəllim xatırlasa da, adını yada sala bilmədi. Bildiyi isə həmin adamın ağdamlı azarkeşlərdən biri olması idi. Onun yanında dayanan dolubədənli isə Ağdamın keçmiş icra başçısı Həsən Sarıyevdi. Həsən müəllim “Qarabağ”a ən çox can yandıran insanlardan biri olub. Komandaya həm maddi, pulu olmayanda isə mənəvi dəstək göstərib. Ağdam işğal olunmamışdan əvvəl Papravənddəki çaxır zavodunun direktoru idi. İşğaldan bir müddət sonra isə rayon icra hakimiyyətinin başçısı təyin olunmuşdu. Yeri gəlmişkən, o dövrdə komandaya dəstək olanlardan biri də Ağdam Şampan Zavodunun direktoru Siyavuş Fərzəliyev olub. 1994-cü ilə kimi komandaya dayaq duran Siyavuş müəllim şəkildəkilərin arasında yoxdur. Amma onun komandaya elədiklərini nəzərə alaraq xatırlamaq yerinə düşür. Siyavuş müəllim 2008-ci ildə dünyasını dəyişib. Həsən müəllim isə sağ-salamatdı və bildiyimə görə, hazırda işləmir.
 
Həsən müəllimdən sağda dayananın Azərdi. Sovet dövründə Ağdamda komsomlçu kimi tanınıb. O da komandanın sadiq azarkeşlərindən idi. 
Yəqin ki, Rüstəm müəllimi tanıdınız – “qara paltarlı adam”ı deyirəm. Rüstəm Rəhimov final görüşünün baş hakimi idi. Onun yanındakı uşaqla dayanan kişinin kimliyini isə Elşad müəllim xatırlaya bilmədi. Güman ki, Həsən müəllimin qonaqlarından biri olub. 
 
“Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim...”. Adil müəllimdən şəkildəkilərdən hansının özü olduğunu soruşdum. Düzü, əvvəlcə tanımadım. “Naməlum” şəxsin yanında dayanan olduğunu deyəndə məşhur mahnının sözləri yadıma düşdü. Çox dəyişibsiniz Adil müəllim. Hazırda “Qarabağ”ın fəxri-prezidenti olan Adil Nadirovun arxasında dayanan eynəkli kişi komandanın masajisti idi. Adı Alikdi. Elşad müəllimin onun haqqında bildiyi tək şey “Qarabağ”dan ayrıldıqdan sonra bir müddət “Bakı fəhləsi”ndə işləməsidi. Vəssəlam. 
 
Gəlib çatdıq futbolçulara – ilk çempionluğun əsl səbəbkarlarına. Mahir Əliyev karyerasını “Qarabağ”da başa vurduqdan sonra məşqçiliyə başlayıb. Bir müddət “Gənclərbirliyi”nin, (Türkiyənin yox ha, Sumqayıtın – red.) “Neftçi”nin əvəzedicilərinin baş məşqçisi olduqdan sonra “İnter”də uşaq futbolunda çalışıb. Hazırda AFFA-da elit məşqçidir. Mahirin yanındakı cavan oğlan Elşad Əhmədovdur. Əslən Yevlaxdan olan Əhmədov hazırda “Neftçi”nin əvəzedici komandasının baş məşqçisidir. Mahirlə Elşadın arxasında dayanan şəxs də Xudadatovun tanımadıqlarındandır. Elşadın sağındakı isə hamımızın gözəl tanıdığı Aslan Kərimovdur. “Bakılı oğlan” “Qarabağ”dan başqa bir neçə komandada, o cümlədən millidəki oyunu ilə yadda qalıb. Aslan hazırda yığma komandanın baş məşqçisi Berti Foqtsun köməkçisi olmaqla yanaşı, “Qarabağ”da aşağı yaş qruplarından ibarət komandalardan birinin baş məşqçisidir.  Elşadla Aslanın çiyinlərindən boylanan isə Vüqardır. Birdən Vüqar Nadirovla səhv salarsınız. O vaxt Nadirovun cəmi 6 yaşı vardı və Allahdan başqa kimsə bilmirdi ki, 21 il sonrakı çempion heyətdə o da olacaq. Bu, başqa Vüqardı. O da futbolçu olub. Özü də komandada hamı onu “Jiquli” deyə çağırırmış. Elşad müəllim Vüqar haqqında kədərli bir əhvalat danışdı: “Boydan balaca və bir qədər hərəkətli olduğuna görə hamı onu “Jiquli” deyə çağırırdı. Evləri düz “İmarət”in yanında idi. Ağdama atılan qrad mərmilərindən biri Vüqargilin evinə düşmüşdü və valideynləri həlak olmuşdular”.
 
“Jiquli”nin yanında dayanan bığlı kişi komandanın həkimi Aydın dayıdır. Futbolçular onun xətrini çox istəyirmiş. Özü də əksəriyyətinin onunla şirin zarafatları olub. Hər dəfə səfərdən qayıdanda əllərinə keçəni onun çantasına qoyurmuşlar. Kişi evə gedəndə çantanın içindən ölü dövşandan tutmuş daş-kəsəyə kimi tapırmış...
 
Yaşar Hüseynov və Ağasəlim Mircavadov. Hər iki ism futbol ictimaiyyətinə və azarkeşlərə yaxşı tanışdır. Futbolçu karyerasını Ağdam klubunda bitirən Hüseynov hazırda elə bu klubda çalışır, əvəzedici komandada məşqçi kimi. Ağasəlim müəllim isə “Qarabağ”da 1996-cı ilə kişi işləyib. Daha sonra bir neçə digər yerli klubların sükanı arxasına keçən təcrübəli mütəxəssis məşqçi kimi 4 dəfə də çempion olub. Hazırda işsizdir. Onun solunda dayanan daha bir “qarapaltarlı adam” final matçında yan xətt hakimi olmuş Nüvər Xasıyevdir. SSRİ dönəmində “Spartak” cəmiyyətində çalışmış Nüvər müəllim Elşadın futbolçu kimi yetişməsində böyük rol oynayıb. Bu haqda geniş danışan həmsöhbətimin dediyinə görə, bir vaxtlar SSRİ-nin aşağı yaş qruplarından ibarət yığmasının heyətinə düşməsində Xasıyevin əməyi danılmazdır. 
 
Xısayevdən sonra gələn iki nəfər qardaşdılar – Məmməd və Gülağa Məmmədovlar. Çoxları onları tanımaya bilər. Amma ağdamlılar çətin ki, Məmmədovları unutsunlar. Ağdam futbolunda xüsusi çəkiyə malik olublar. Hər ikisi uzun müddət “Qarabağ”ın şərəfini qoruyub. Yaşca böyük olan Gülağa Məmmədov 1993-cü ildə komandada adminstrator kimi çalışırdı. Kiçik qardaş Məmməd isə şəkildə də gördüyünüz kimi futbolçu idi. Gülağa müəllim çempionluqdan sonra uzun müddət “Qarabağ”da qalıb. 2000-ci illərin əvvəllərində Sverdlovska köçüb və bir müddət orada ticarətlə məşğul olub. Hazırda “Sədərək” ticarət mərkəzində dəri məmulatlarının alveri ilə məşğuldur. Məmməd də ticarətlə məşğuldur. Amma Odessada. Xudadatovun sözlərinə görə, artıq neçə ildir ki, Ukraynada yaşayan Məmməd orada alverlə məşğuldur. Ailəlidir, 1 qızı var.
 
Komandanın dirəyi, yəni qapıçısı Camaləddin Əliyev. Qardaşların ortasında dayanan Camaləddin müəllim karyerasını bitirdikdən sonra daim futbolun içində olub və bu üzdən onun haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur. Hazırda “İnter”in qapıçılarla işləyən məşqçisidir. Camaləddin müəllimi qucaqlayan telli oğlan isə komandanın ehtiyat qapıçısı Namiq Bəşirovdur. Əslən Əli-Bayramlıdan (Şirvan - red.) olan Namiq hazırda doğma şəhərində yaşayır. Nə işlə məşğul olduğu isə nə mənə, nə də Xudadatova məlumdur. 
 
Növbəti 3 nəfərdən birincisi – bir qədər arxa planda görünən bığlı kişinin klubla heç bir bağlılığı olmayıb. Güman ki, o da sıravi azarkeşlərdən biridi. Qoltuğunda bloknot olan ikinci adam isə Nazim Mehrəliyedir. Keçmiş futbolçu olan Nazim müəllim 1989-cu ildə karyerasını bitirib və məşqçiliyə başlayıb. Bir ara “Qarabağ”ın baş məşqçisi olan Mehrəliyev çempion olan zaman Ağasəlim Mircavadovun köməkçisi idi. Ağasəlim müəllimin qısa müddətə “Bakı fəhləsi”nə gedişindən sonra da komandanı o çalışdırıb.  Yeri gəlmişkən, Nazim müəllim indiki “Qarabağ”ın futbolçusu və millinin üzvü Vüqar Nadirovun qaynatasıdır. 
 
“Qara paltarlı adamlar” silsiləsi davam edir... Nazim müəllimin yanında dayanan şəxs digər yan xətt hakimi Orucəli Durmuşovdur. Durmuşov hazırda hakim-inspektordur.
 
Növbə gəldi aşağı sıradakılara. Oturanlar arasında soldan birinci bazburutlu kişini Elşad Xudadatov xatırlasa da, adını yada sala bilmədi: “Xətrimi çox istəyirdi. Həmişə görəndə qucaqlayıb üzümdən öpərdi. Adını unutmuşam. Amma Ağdamda yaşadığını və komandanın ən sadiq azarkeşlərindən biri olduğunu dəqiq bilirəm”.
 
Yəqin ki, Zaur Qarayevi tanıdınız. O da bir çox digər futbolçular kimi karyerasını bitirdikdən sonra futboldan uzaqlaşmadı. Əslən Mingəçevirdən olan Qarayev hazırda AFFA-da elit məşqçi kimi çalışır. Zaurun yanındakı cavan oğlan “Qarabağ”a sadiq insan kimi tanınır. Bu gün də “Qarabağ”dadır. Hamı onu Şahid dayı deyə çağırır. Kiməsə gülməli gələ bilər – cavan oğlan hara, dayı hara? Zarafat deyil, üstündən 21 il keçib, bu gün-sabah həmin cavan oğlanın 60 yaşı olacaq. Şahid Həsənov da köhnə futbolçulardandır. Həmin vaxt karyerasını başa vurmuşdu. Nazim Mehrəliyev kimi o da Ağasəlim müəllimin köməkçisi idi.
 
Nöbəti 6 nəfər formasındanda göründüyü kimi komandanın futbolçularıdır. Növbə ilə tanış edim. İlk olaraq Müşfiq Hüseynov haqqında. “Qarabağ”dan başqa bir neçə komandada, o cümlədən Rusiyanın “Saturn”unda çıxış edən Hüseynov hazırda Qurban Qurbanovun köməkçisidir. Onun yanındakı isə Səttar Əliyevdir – kapitan. Əliyev isə U-17 milli komandasında Mirbağır İsayevlə birgə çalışır.
 
Gəlib çıxdıq “əsərin qəhrəmanı”na. Yəni, bayaqdan şəkildəkilər haqqında danışan Elşad Xudadatova. 1997-ci ildə peşəkar futbolla vidalaşan Elşadla qiyabi tanış idim. Bu görüşdən sonra onun  maraqlı həmsöhbət olduğunun da fərqinə vardım. Ağdam, “Qarabağ”, müharibə, futbol və s. mövzülarda kədərli və eyni zamanda baməzə söhbətlərdən sonra Xudadatovdan növbəti saylarımızın birində “Mən futbolçu olanda” rubrikasında geniş müsahibə götürmək qərarına gəldim. İnşallah, yaxın həftələrdə onu da “qarmağıma keçirəcəm”. Söz verirəm ki, maraqlı olacaq. Maraqlı həmsöhbət haqqında yazmağa nə var ki... Qısaca, Elşad yenə də “Qarabağ”dadır. 19 yaşlı futbolçulardan ibarət komandanın baş məşqçisi olmaqla yanaşı, “Gənclər futbolunun inkişafı” proqramının rəhbəridir.
 
Elşad müəllimin yanındakı Zakir Mehrəliyedir. O da ağdamlıdır. Ağdam futbolunun yetirməsi olan Zakir o vaxt əsas heyət oyunçusu olmasa da, Ağasəlim müəllim ara-sıra ona da özünü göstərməyə şans verirmiş. Zədə səbəbindən futbolla tez vidalaşıb. Heç 20 yaşı yox imiş. İndi Quzanlıda yaşayır. Balaca bir dükanı var, alverlə ailəsini dolandırır. Zakirin şəkildəki “qonşusu” Elfariz İsayevdir. Əslən Tərtərdən olan Elfariz hazırda Ağsuda Rüfət Quliyevlə birgə gənc futbolçulara “dərs keçir”. Bakıdakı futboltəmayyüllü internat məktəbində Aslan Kərimovla birgə təhsil alıb. “Qarabağ”a da bir yerdə gəlmişdilər – 1993-cü ilin yanvarında. Ümumiyyətlə, o vaxtlar komandadakı futbolçuların əksəriyyəti ağdamlı olsalar da, gəlmələr də az deyildi. Xudadatovun sözlərinə görə, gəlmələr yerlilərə o qədər qaynayıb-qarışmışdılar ki, hamı onları ağdamlı kimi tanıyırdı. Belə baxanda Elşad düz deyir. Elə götürək Aslan Kərimovu. Ötən ilin dekabrında – Aslanın ad günü ərəfəsində onunla müsahibə götürənə kimi Kərimovun ağdamlı olduğunu düşünürdüm. Məhz həmin vaxt Aslanın Biləcəridən olduğunu bilmişdim. Aslandan söz düşmüşkən, Elşad onun haqqında maraqlı bir hadisəni danışdı: “1993-cü ilin yanvarında dəniz kənarında məşq edirdik. “Dır-dır” oynayayırdıq. Aslan başını aşağı salıb qaçırdı, qumluqdakı günlüyü görmədi və qəfldən ora çırpılıb yıxıldı. Yaxınlaşıb yerdən qaldırdım və soruşdum ki, adın nədir? Cavab verdi ki, Aslan. Dedim, get, sən futbolçu olacaqsan...”.
 
Mətləbdən uzaq düşdüm. Elfarizin yanındakı bığ yeri təzə tərləyən gənc Kənan Kərimovdur. Bir vaxtlar respublikanın sayılıb-seçilən hücumçularından olan Kənan əslən Yevlaxdandır. İndi də Yevlax da yaşayır və “Karvan”ın baş məşqçisidir.
 
Şəkildəki sonuncu futbolçu Təbriz Həsənovdur. “Qarabağ”dan sonra bir neçə komandada çıxış edən Həsənov hazırda U-16 milli komandamızın baş məşqçisidir. 
 
Həsənovdan solda dayanan mülki formada olan 3 nəfərdən birincisini Ağdamda usta Sərdar kimi tanıyırdılar. Həm yaxşı dəmirçi, həm də mahir rəngsazdır. O da komandanın sadiq azarkeşlərindəndir. Sərdar dayı nəinki “Qarabağ”ın ev oyunlarında, hətta səfər qarşılaşmalarında da sevimli komandasını tək buraxmayıb. İndi də köhnə peşəsi ilə məşğuldur. Əhmədlidə işləyir. Allah eləməmiş, kimin avtomobili əzilsə, usta Sərdarın yanına gedə bilər. Sərdar dayının yanındakı zolaqlı köynəkdəki kişi Ramiz Şahməmmədovdur. Köhnə futbolçulardan olub. Uzun müddət “Qarabağ”ın şərəfini qoruyub. Bir ara komandanın məşqçisi kimi də çalışıb. Elşadın tanıdıqlarından dünyasını dəyişən yeganə şəxs Ramiz dayıdır. 2007-ci ilin yanvarında vəfat edib. Allah rəhmət eləsin!
 
Şəkildəki sonuncu kişini Ağdamda hamı dəllək Aydın kimi tanıyırdı. Ağdam işğal olunandan sonra bir müddət Bakıda yaşayıb. Onun indi harada, nə işlə məşğul olduğundan xəbər yoxdur. Balacalar lap yaddan çıxmışdı. Dəllək Aydının başının üstündə dayanan 2 azyaşlı azarkeşi nəzərdə tuturam. Həmsöhbətim həmin uşaqların ağdamlı olduğunu xatırlasa da, kim olduqlarını yada sala bilmədi: “Dəqiq bilirəm ki, ağdamlıdılar. Stadionun yanında qalırdılar. Amma ad ilə tanımıram. Uşaqdılar da, şəkil çəkiləndə deməyəcəkdik ki, kənara durun”.
 
“Qarabağ”ın çempion olmasında 3 futbolçunun da əməyi olub. Amma final oyunu günü onlar komanda ilə birgə deyildilər. Söhbət Ramiz Məlikov, Mehman Alışanov  Cavanşir Novruzovdan gedir. Ramiz Məlikov “sovetski uşağı” idi. Həmin mövsüm hansısa səbəbdən bir müddət komandadan ayrı düşmüşdü. Mehman Alışanov isə mingəçevirlidir, mövsümün gedişində ağır zədə almışdı. “Turan”la oyun zamanı tovuzluların yarımmüdafiəçisi Məqsəd Yaqubəliyevlə toqquşan Mehmanın ayağı bir neçə yerdən sınmışdı və buna görə uzun müddət futbol oynaya bilməmişdi. Şəkil çəkilən vaxt isə Alışanovun ayağı gipsdə idi. O ki qaldı Ramiz Novruzova - ağdamlı balası hazırda “Qəbələ”də seleksiyaçı məşqçi kimi çalışır.
 
21 il əvvəl “Qarabağ”ın ilk çempionluğunu özündə əks etdirən şəkil və oradakılar haqqında bu qədər. Allah bilən məsləhətdi, qismət olsa, “Qarabağ”ın builki çempionluğu haqqında 21 il sonra xatirə yazmaq arzusu ilə...
 
İlqar TAĞIYEV “Het-trik news”
 
P.S. Çərşənbə günü “Qarabağ”ın çempionluğunu qeyd etmək üçün futbol ictimaiyyəti, klub və mətbuat nümayəndələrinin iştirakı ilə “Ay işığı”nda ziyafət təşkil olunmuşdu. 21 il əvvəlki çempionların əksəriyyətinin ziyafət iştirakçıları arasında olacağını düşünürdüm. Klubda işləyənlərdən savayı digərlərini görmədim...

Xəbər xətti