Mırta axtarışşünas Xoşqədəm Hidayətqızına da müraciət edə bilərsiniz
Bir il idi ki, heç nə yazmırdım. Təkcə sosial şəbəkələrdə status paylaşmaq və ya rəy bildirməklə “qurdumu öldürürdüm”. Amma bilirdim ki, bir gün əlimə qələm, daha doğrusu klaviatura alacam. Elə bil İlqarın məni “dümsükləməsi” də əlavə təkan oldu. Uzun müddət nə yazacağımı bilmirdim. Amma ilham pərisi yenə də məni yaxaladı.
Kim desə ki, dünya iqtisadi böhrandan çıxıb və hətta bu barədə səhər-axşam qulağımın dibində AzTV-vari zurnalar da püləsə, inanan deyiləm. Çün, burada mətləblər var və bunu görməmək ən azı elə görmək istəməməkdir.
İdman ictimaiyyatı adlı bir anlayış var. Və bu anlayış Azərbaycanda da yox deyil. İdman ictimaiyyatına futbolçular, struktur rəhbərləri, topdaşıyanlar, mətbuat, azarkeşlər, uşaqlarını hətta televizor qarşısında futbola baxmağa qoymayan valideynlər (qismən) və digər bu kimi canlı və cansız, fiziki və hüquqi şəxslər aid ola bilər. Və onlar arasında mənimlə yaxından-uzaqdan tanış olanlar “oyun satılıb” ifadəmi həmişə təbəssümlə və ən əsası ciddiyə almadan qəbul ediblər: “Əşşi Asifdi də, həmişə dediyi sözlərdi, fikir verməyin”. Verməyin verməyin də, kim nə deyir? Amma gəl, bundan sonra bəzi mətləblərə inanma, görək necə inanmırsan.
Deyəsən, gəlirəm mətləbə. Ən azı yaxınlaşıram. İlk olaraq İspaniya futbolundan danışım. Onda əvvəlcə oxuculara bir sual verim. Heç bilirsiniz, İspaniyanın dövlət büdcəsi nə qədərdir? Dəqiq rəqəmi bilmirsinizsə, müqayisə yolu ilə sualı sadələşdirim. İspaniya ilə Azərbaycan büdcəsi arasında fərq neçə dəfədir? İstəsəniz, bu arada yazını yarımçıq qoyub maraq xatirinə Google, Yandex, Rambler kimi axtarış saytlarına baxın. Lap elə mırta axtarışşünas Xoşqədəm Hidayətqızına da müraciət edə bilərsiniz. Amma özüm də açıqlaya bilərəm. İspaniyanın dövlət büdcəsi 39 milyard avrodur. Bizdə isə hardasa 20 milyard manat. Fərq təxminən 2 dəfədir. Kim necə istəyir, elə də fikirləşsin. Lap içində yarıyacan su olan stəkana nikbin və bədbinin özünəməxsus fikir bildirməsi kimi – “stəkan yarıya kimi doludur, stəkan yarıya kimi boşdur” məsəli.
İndi özümüz fikirləşməliyik ki, Azərbaycanın dövlət büdcəsi İspaniyadan cəmi 2 dəfə azdır, yoxsa o boyda İspaniyanın büdcəsi bizdən vur-tut 2 dəfə artıqdır. Yadıma durğunluq dövrünün lətifəsi düşdü. Leonid Brejnevlə Ronald Reyqan 100 metr məsafəyə qaçır. Bu qaçışda Amerika Birləşmiş Ştatları rəhbəri qələbə qazanır. Hər ölkə mətbuatı bu nəticəni özünəməxsus işıqlandırır:
“Pravda” qəzeti – Sovet İttifaqı Kommunist Partiyasının sədri, alovlu “leninçi” Leonid İliç Brejnev finişə 2-ci, Amerika Birləşmiş Ştatlarını prezidenti Ronald Reyqan isə axırdan əvvəl çatmışdır.
“Vaşinqton Post” qəzeti – Ronald Reyqan bu qaçışda birinci, Sovet rəhbəri Brejnev isə axırıncı olub.
Deyəsən, mətləbdən uzaqlaşıram. Hamısı o zəhrimar bir il idman dili ilə desək “oyun təcrübəsi”nin olmamasının təsirindəndir. Qayıdaq İspaniyaya. Ötən ilin avqust ayından etibarən bütün İspaniya, eləcə də bütün dünya “Real” – “Barcelona” qarşıdurmasında bu dəfə hansının birinci olacağını proqnozlaşdırırdı. Hətta “Atletiko”nun uzun müddət Kral klubundan qabaq, Barsa ilə daban-dabana addımlaması da azarkeşlərin “qulağına girmirdi”. Yəni bir atımlıq barıtları var, ötən il olduğu kimi bu dəfə də sona kimi dözməyəcəklər. Əvvəla “Atletiko” büdcəsinə görə bu komandalara yalnız paxıllıq edə bilər. İkincisi elə birinci ilə birbaşa əlaqəlidir – oyunçu seçimi. Futbolçuların adları iki qrandla müqayisədə parlamır, yalnız közərir. Üstəlik, komanda bu il Çempionlar Liqası və Kral kubokunda da inamla irəlilədiyindən, yəni heyətin 3 cəbhədə mübarizə apardığından madridlilərin çox davam etməyəcəyi düşünülürdü. Amma burada digər iki nüans vardı. Əvvəla baş məşqçi faktoru. Dieqo Simeone bu mövsümdə göstərəcəyi nəticədən asılı olmayaraq, İspaniyada ilin mütəxəssisi adına ən real namizəd olacaq. İkincisi və heç də geri qalmayan amil kollektivdir. Razılaşaq ki, oyun komponentində fədakarlıqda və qələbə əzmində “Atletiko” “Real”dan da, xüsusən “Barselona”dan çox üstündür. 1-2 nəfəri saymasaq, son müddət ərzində heyətdə dəyişikliyin olmaması klubda oyundaşlığı maksimal həddə çatdırıb ki, bu da nəticədə əksini tapıb. Eyni sözləri “Barselona” barədə də demək olar. Yəni heyət stabilliyini. Katalonlar hazırda ötən əsrin ortalarındakı “Real”ı xatırladır. 5 il ardıcıl Çempionlar Kubokunu qazanmış komanda sonradan “düşdü”. Səbəb isə komandanın yaşlaşması, hətta yazardım ki, qocalması idi. “Barsa” da hazırda həmin dövrü yaşayır. Xavinin yaşı 35-ə çatır. İnyestanın “hoqqa”ları artıq keçmir. Messi ötənilki zədədən hələ də özünə gələ bilmir. Böyük ümidlərlə transfer olunmuş Neymar hələ heç nə... “Real” məsələsi əlahiddə söhbətdir. Klub bu il heyətinə xeyli oyunçu cəlb etdi. Və çempionluğa əsas namizədlərdən sayılır. Amma burda da bir əmma var. Kral klubu əsas rəqibləri ilə keçirdiyi 4 oyunda cəmi 1 xal yığıb. Bu isə o deməkdir ki, “Real”ın çempionluq ehtimalı əsas rəqiblərin ara-sıra yersiz xal itirməsindən, ələlxüsus “Barselona”nın böyük diapazonlu sinusoidli oyununun nəticəsidir.
Bir də qayıdaq mövzuya. Hər şey yağ kimi gedirdi. 36-cı tura kimi. “Nədənsə” hər üç klub finişin 2 addımlığında “büdrədi”. “Barselona” Kamp Nouda 92-ci dəqiqədə “Xetafe”dən qol buraxaraq vacib 2 xaldan “məhrum oldu”. Ertəsi gün “Atletiko” səfərdə 0:2 hesabı ilə “üzüldü”. Səadət quşu özü qonmuşdu “Real”ın başına. Amma Ançelottinin yetirmələri də bundan istifadə edə bilməlidilər. Komanda uzatma dəqiqəsində Ronaldonun vurduğu şıllaqvari, amma insafən gözəl qolla evdə məğlubiyyətdən və biabırçılıqdan yaxa qurtardı. İş ondadır ki, büdrəməyəcəkləri halda bu komandaların çempionluğu yalnız öz əllərində olacaqdı (“Real”dan başqa). Amma indi kiminsə uğuru başqasından daha çox asılı idi. Təsəvvür edin, son turda “Barselona” – “Atletiko” oyununda yalnız qələbə katalonları çempion edəcəkdi. Əks nəticədə isə digər iki komanda birinci olacaqdı. Sizcə “Barselona” kimə üstünlük verərdi, “Atletiko”ya, ya əzəli rəqibi “Real”a? Kimin çempion olduğu isə artıq məlumdur - “Atletiko”.
Əslində, bu yazı ötən həftə dərc olunmalı idi. Amma mətbəələrin və yayım firmalarının işləməməsi üzündən qəzet çıxmadı və yubandı. Hər işdə bir xeyir olduğu kimi, gecikmənin də mənə xeyri dəydi. Çünki, məhz ötən tur 3 liderin yeridən xal itirməsi dediklərimin boş söz-söhbət olmadığına işarə idi. Belə ki, ötən həftə “Real” məğlub oldu, “Atletiko” ilə “Barselona” isə 1 xalla kifayətləndilər. Ehtimal nəzəriyyəsinə görə, bu 3 komandanın hər birinin ardıcıl 2 turda qələbə üzünə həsrət qalması bilirsiniz nəyə bərabərdir? Yaxşı halda dənizdə bir damlaya.
Bunları nəyə görə sadaladım. Bu mövsümün əvvəlində “Real” trasferlərə külli miqdarda vəsait xərclədi. Dünyadakı iqtisadi böhranı nəzərə alsaq, futbolçuların məvacibini heç də həmişə vaxtında ödəmək olmur. Bunun üçün totalizatorlarda “İlanı Seyidəhməd əli ilə tutmaq” ən asan çıxış yolu sayıla bilər. Yəni, öz komandanın uğursuzluğuna və ya hansısa bir nüansına mərc qoyursan və bu mərcdə “udursan”.
Və ya götürək İngiltərəni. Öz meydanında uduzmaq nə olduğunu bilməyən Mourinyonun “Çelsi”si “Sanderlend”ə məğlub olur. O “Sanderlend”ə ki, səfərdə “Siti” ilə heç-heçə edib, “Mançester Yunayted”ə qalib gəlir. Aşkar autsayder çempionluğa 2 real namizəddən 4 xal alır və Avropa Liqasına düşməyə iddiasını bitirməyən “Yunayted”i udur. Və yaxud götürək “Liverpul”u. Premyer Lliqda ilk çempionluğuna çooox yaxın olan Mersisayd təmsilçisi “Kristal Palas”la oyunda 3:0 hesabı ilə irəlidə ola-ola son 11 dəqiqədə qapısından 3 qol buraxmağa “imkan tapır”. Hələ uzatma dəqiqələrində meydan sahibləri qələbə qolunu da “vura bilərdilər”. Amma görünür bu çox “ağ olardı”.
Bu kimi “faktlar” az deyil. İtaliyada komandalar dəfələrlə çempionluqdan məhrum edilib, aşağı liqalara yuvalandırılıb. Babal yumaq olmaz ki, sadaladığım qarşılaşmaların hamısında totalizator, və ya danışılmış oyunlar faktoru var. Amma onunla da razılaşaq ki, hətta ən həvəskar səviyyədə olan komanda oyunun sonuna qalmış 11 dəqiqə ərzində 3 top fərqli qələbəni əldən verməz. Öldürün məni, amma inanmaram. Aydın məsələdir ki, hərənin çörəyi bir yerdən çıxır. Digər tərəfdən görünən kəndə bələdçi nəyə lazım? Kim çörəyi qulağına yeyər ki? Çörək demişkən, Əliağa Vahidin qəzəlindən çörəklə bağlı bir beyt yadıma düşdü. Üzüm ayağınızın altına, söyüş deyil, sitatdı:
Üzü dönsün görüm ol
ağuya dönmüş çörəyin,
Yaxşı möhtac elədi
q...ə, o...ə bizi.
Redaksiyadan: Deyə bilərsiniz ki, İspaniyanın, İngiltərənini bizim futbola nə dəxli? Dəxli var. Bizim komandalar da özlərinə görə transferlərə kifayət qədər böyük pullar xərcləyirlər. Bu üzdən həmin pulu çıxarmağın ən yaxşı yolu totalizatordur. Onsuz da Azərbaycan futbolunda bilet, atribut satışından, digər mənfəət mənbələrindən xərclənən pulların qarşılığını götürmək mümkün deyil. Totalizatorlar sağ olsunlar. Lap bir atalar məsəli yada düşdü - “Qızım sənə deyirəm, gəlinim sən eşit”.
Asif BAĞIROV “Het-trik news”
saytlarin hazirlanmasi