"Qurban Qurbanovda idman namusu, qeyrəti var" MÜSAHİBƏ

12:21 - 7 İyun 2014

"Ronaldo bizim 11 futbolçumuzu pulu ilə cibində gəzdirər"
 
Sportnet.az-ın "Sportşou” rubrikasının növbəti qonağı tanınmış aktyor, şoumen Bəhram Bağırzadədir...
Sportal.az həmin söhbəti təqdim edir:

- Hansı idman növləri sizin üçün daha maraqlıdır?
- Sovetin vaxtında hər bir uşaq, hər bir gənc idmanla məşğul olmalı idi. Məşğul olmayana çox pis baxılırdı: Deməli, bunların evində nə isə problem var ki, idmanla məşğul ola bilmir. İdmana da getməyənlər musiqi ilə məşğul olurdu, dram dərnəklərinə gedirdi. Foto, rəsm, kartinq kimi çoxlu dərnəklər vardı. Şəxsən mən – Bəhram Bağırzadənin birinci idman növü basketbol olub. 1984-cü ildə sinfimizə iki müəllim daxil oldu, ən hündür uşaqları seçdilər. Əvvəllər bulvarda "Burevestnik” cəmiyyəti, yay meydançası vardı, uşaqlar orada basketbolla məşğul olurdu, hazırda indi ora kortdur. Artıq 12 yaşlı Bəhram Nəsimi rayonunun yığma komandasında oynayırdı. Biz həmişə Bakı birinciliyində 2-ci yeri tuturduq. Çünki Nərimanov rayonunun komandası həmişə 1-ci olurdu. Onlar doğrudan da çox güclü basketbolçular idilər. Sonra isə 1986-cı ildə üzgüçülüyə yazıldım. Üzgüçülükdə də nailiyyətlərim olub. 14 yaşımda ikən Bakı birinciliyində 3-cü yeri tutmuşdum. Nərimanov rayonunda "Trudovıye Rezervı”ya məxsus adlı hovuz vardı ki, biz orada "Burevestnik”i təmsil edirdik. 1987-ci ildən həndbolla məşğul oldum. Sinfimizin yarısı həndbolda da Azərbaycanın gənclər yığmasında oynayırdı. Orada da SSRİ birinciliyində - Moldovanın Kişnyov şəhərində 3-cü yer tutmuşduq. Paralel olaraq badmintonla, tennislə da məşğul olmuşam. İndiyədək səhərlər bədən tərbiyəsi, qaçış, üzmək və gimnastika ilə məşğul oluram. Mənim səhərim 8-də başlayır, 11-dək idmana həsr edirəm. Azarkeş kimi son illər Azərbaycanda olan dünya və Avropa çempionatında iştirak edirəm. Necə ki, rəhmətlik atam məni yarışlara aparıb, mən də öz övladlarımı aparıram. İstər bədii gimnastika olsun, istər futbol, istər cüdo yarışları, istər voleybol, istərsə də hokkey. "Qarabağ” bizi Çempionlar Liqasında təmsil edəcək. Ora da gedəcəyəm. Bu həm də övladlarıma tərbiyə prosesidir. Lazım deyil ki, sabah onlar idmançı olsunlar, yaxud da azarkeş. Ən azı vətənpərvər olmalıdırlar, millətini sevməlidirlər. İstər "KVN” olsun, istər teat sənəti, istər yaradıcılıq, istər idman və s. Onlar bilməlidir ki, azərbaycanlıdır və Azərbaycanın vurğunu olmalıdırlar.

- 6 aya 22 kq itirmisiniz. Yalnız pəhriz kömək etdi, yoxsa idmanın da rolu oldu?
- Hər insan öz orqanizmini yaxşı tanımalıdır, ona nə olar, nə yox. Mən bilirəm, hansı ərzaqlar olmaz, sadəcə nəfsimlə mübarizə apara bilmirəm. Bilsəydim, yəqin qəşəng atlet bədənli insan olardım. Əfsuslar olsun ki, bu kilolar məni narahat edir. Pəhrizlə arıqlamaq olar, amma o, doğrudan da xəstəliyə aparır. Əgər sən idmanla məşğul olmursansa, 40-ı keçmisənsə, sırf idmanla, fiziki hərəkətlə arıqlamaq istəyirsənsə, o da mümkün deyil. Bu, gənclik illərində, 17 - 25 yaşlarda mümkündür. Amma pəhrizsiz idmanla məşğul olmaq da mümkün deyil. Hamısı paralel olmalıdır.

- Səhnə insanlarından kimə idman etməyi, arıqlamağı məsləhət görərdiniz?
- Tək səhnədən söhbət getmir, insan öz çəkisini bilməli və sağlam həyat sürməlidir. Allah bizə cismimizi əmanət verib. Biz bu cismimizi o dünyada Allaha sağ-salamat qaytarmalıyıq və orqanizmimizə təcavüz etməməliyik. Hansı yeməklər bizə qadağa qoyulubsa, haramdırsa, olmaz. Şəxsi gigeyenana fikir verməlisən. Ən azı gündə 2 dəfə duş qəbul etmək, dişlərə fikir vermək, vaxtı-vaxtında həkimə getmək lazımdır. Peyğəmbərimiz bizə buyurub və bu, hədislərdə var. Bəziləri deyir ki, kişi manikür edir, halbuki peyğəmbərimiz bunu edib. Peyğəmbərimiz saqqalına, saç düzümünə fikir verib, saçını otlarla bir neçə dəfə yuyurdu, ondan gözəl ətir qoxusu gəlirdi. Deyirdi ki, məscidə gələndə ən gözəl libaslarınızı geyinin, ətirlərinizi vurun ki, cümə namazına gələn insanların əhval-ruhiyyəsi qalxsın, daha güclü imanlı olsunlar. Həm də demişdi ki, məscidə sarımsaq yeyib gəlmək olmaz. Əfsuslar olsun ki, biz buna riayət etmirik. Hətta teatrda dediyiniz tanınmış insanlar da var ki, həftələrlə çimmirlər, inanın mənə. Mən təsəvvür etmirəm ki, insan duş qəbul etməyə.

- Konçita obrazı təklif olunsaydı, qəbul edərdiniz?
- Mən oynamazdım. Həyat tərzimə uyğun deyil və o çıxış edəndə mən övladlarımın yanında pərt idim. Bir həftəyə başa salmışam ki, bu nədir, həyatda nəyi etmək olar, nəyi yox.

"SSRİ-nin məğlubiyyətindən sonra atam televizoru sındırdı...”

- İdman sahəsində sizi düşündürən, kədərli bir xatirəniz var?
- Var. 1982-ci il dünya çempionatında SSRİ yığması Braziliyaya uduzanda mən ağlamışam. O zamanlar SSRİ yığması doğrudan da güclü komanda idi. Əfsuslar olsun ki, 1:0 hesabı ilə öndə olduqları halda yenildilər – 1:2. Rəhmətlik atam televizoru sındırdı. Ona görə ki, biz azarkeş idik. Həm futbolun, həm də SSRİ yığmasının. Ümid edirəm ki, nə vaxtsa belə oyun göstərəcək futbolçularımız olacaq. Halbuki, üzümüzü ağ edən bizim güləşçilərimizdir. İstər klassiklər, istər cüdoçularımız, istər karateçilərimizə həqiqətən də azarkeşlik edirəm. Ən namuslu, qeyrətli uşaqlar çıxıb, güləşirlər, onlara halaldır.

- Siz də bu məsələyə toxundunuz, Faytonçu Nazim də kollektiv oyunlarda güclü olmadığımızı demişdi...
- Onu birinci 1996-cı ildə mən demişəm.

- O vaxtdan hələ düzəlməyib?
- Yox, onun düzəlməsi üçün, biz millət kimi düzəlməliyik. Biz hələ millət kimi düzəlməmişik, yəni bizdə kollektiv deyilən şey yoxdur. Məsələn, Sovetskini sökürlər və orada olan əhali bir yerə yığışıb sözünü deyə bilmir, hamısı gedib ərizəsini yazır ki, 1500 manata evimi sökün. O, millətdən gəlir, bizdə o birlik yoxdur. Bir kollektiv komandamız var çempion, o da "Parni İz Baku”dur. Bilirsiniz niyə? Bizə görə yox, çünki bizim valideynlərimizin hamısı ziyalı idi. Problem də olanda biz onu hörmətlə, izzətlə, hətta münaqişə düşəndə intelligentcəsinə həll edirdik, söyüş, dava-qırğınla yox. Nizam-intizam, savad olan yerdə komanda yaranır. Gəlin, 10 sual hazırlayaq, futbolçularımıza verək: Qara Qarayev, Fikrət Əmirov, Tahir Salahov kimdir? İnanın mənə, dünyadan xəbərləri yoxdur. Teatrda, ömürlərində bir dəfə foto-sərgidə olmayıblar.

"Əvvəllər insanlar güləşə baxmağa gedirdilər, indi isə Konçitaya”

- Hansı oyun indiyə qədər yadınızda qalıb?
- 1987-ci ildə "Neftçi” – "Kayrat” matçı. İndiki Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmişdi və "Neftçi” 6:0 hesabı ilə qalib gəlmişdi. Ondan savayı, yadımda qalan olmayıb. "Kayrat”ı bilirsiniz nə günə salmışdılar? 1985-ci ildə də "Neftçi” Türkiyənin "İzmir” komandasını 6:1 hesabı ilə udmuşdu, indiyə qədər gözümün qabağındadır. Çüdoçu Elnur Məmmədlinin əl hərəkəti heç vaxt yadımdan çıxmayacaq, Namiq Abdullayevin, Rövşən Bayramovun isə güləşməsi. Yadımdadır, 1976-cı ildə ABŞ yığması Bakıya SSRİ yığması ilə güləşməyə gəlmişdi. O zamanlar Azərbaycanı SSRİ-də Rafiq Hacıyev təmsil edirdi. O vaxtlar stadionlarımız yox idi, güləş yarışması sirkdə olurdu. O qədər azərbaycanlı uşaq azarkeşliyə gəlmişdi ki, hətta orada şüşələr sınırdı.

- İndi niyə bu qədər həvəs yoxdur: azarkeşlər azdır?
- Konçitalar çoxalıb, ona görə. Əvvəllər insanlar güləşə baxmağa gedirdi, indi isə Konçitaya. Rafiq Hacıyevin amerikanlını necə yıxdığı gözümün qabağındadır. Sovetskidə Rafiq müəllimi hər görəndə qucaqlayıb öpürəm, o hərəkəti cavan vaxtı güləşəndə o qədər davalarda istifadə etmişəm ki. Biz onlardan ibrət, dərs götürürük, indiki uşaqlar Konçitaya baxır, deyir hə, arvad paltarında saqqal, saç buraxım. Elələri var. Ona görə də milləti korlayırlar. Demirəm hamımız güləşçi olmalıyıq, amma daxilində güləşçi, mübariz olmalısan. Yoxdur, əfsuslar olsun ki.

"Qurban Qurbanovda idman namusu, qeyrəti var”

- Klublarımızdan hansına azarkeşlik edirsiniz?
- Sovetlər İttifaqında Azərbaycanı - Bakı şəhərini SSRİ də təmsil edəndə "Neftçi” azarkeşi idim. Müşahidələrimə görə, ən güclü iş "Qarabağ” da gedir. Çünki bu klubun sponsorları savadlı adamlardır, kim olduqlarını bilmirəm ha... İkincisi, onların liderləri var - Qurban Qurbanov. İnanın ki, Qurbanov hansı kluba getsə, mən onun azarkeşiyəm. Namus-qeyrət deyəndə mən idman namusu, qeyrəti nəzərdə tuturam, Qurban Qurbanovda o var. O hara gedir, qaldırır. Necə Faiq Qarayev, rəhmətlik Anar Məmmədxanov lider kimi voleybolu, "KVN”i qaldırıb, indi də bunu Qurban Qurbanov edir. Görürsən ki, 90 dəqiqə ərzində necə can qoyurlar. Bunu kim təşkil edir? Qurban Qurbanov. Ona görə ki, az danışır. Çox danışan insan bilin ki, heç nə bacarmır. Bəzi məşqçilər kimi mən elə etdim, belə etdim, bunlar hamısı boş şeydir. Qurban Qurbanov oyunu ilə danışır. Ona görə də mən o oyundan həzz alıram.

- Xarici klublardan hansının fanatısınız?
- Heç birinin. Mən yalnız Azərbaycanın, Azərbaycan idmanının və Azərbaycan klublarının azarkeşiyəm. Niyə hansısa kluba azarkeşlik etməliyəm? Xoşuma gələ bilər, həzz ala bilərəm, amma azarkeş deyiləm.

- Futbolçularımızı niyə xarici klublara transfer edə bilmirik?
- Bizim kimimiz var ki, transfer edək? Ad, soyad çəkin, deyim, transfer edək. 3-4 futbolçu getdi, tənbəllik etdilər, qovdular. Bura gəlib "Alınmadı” dedilər. Bəli, çox çətindir. Mən özüm MDB ölkələrinin yığmasında düz 10 il oynamışam. Orda çox çətindir, başqa bir mühit, başqa millətlər - ukrayalı, rus, erməni, kazak, yəhudi və başqaları, hamısı da peşəkar. Orda "Parni İz Baku KVN” komandasında bilirdim ki, Ənvər, Teymur, Tahir, Cabir pası necə verir, mən də "9-luğ”a qol vururdum, zal gülürdü. Qol - yəni, zarafatı düzgün ifadə edə bilirdim. Ona görə də bizim futbolçularımız digər klublara düşəndə öz azərbaycanlı beyni ilə, mentaliteti ilə başa düşmür ki, necə 8 saat məşq olar? Məşq 1 saat, uzağı 1,5 saat olar. Nəticə əldə etmək istəyirsənsə, sutkalarla məşq etməlisən. Kim olimpiadada Azərbaycanı təmsil edibsə, bilin ki, onun arxasında çox böyük əziyyətlər var. Futbolçularımız da bunu istəyirlərsə, çayxanada pivə içib, siqaret çəkməklə mümkün deyil. İstəyirlər, incisinlər, istəyirlər, inciməsinlər. Özləri bilərlər. Əfsuslar olsun ki, onlar heç vaxt Azərbaycanın tarixində qalmayacaqlar. Halbuki, Allah onlar üçün şərait yaradıb ki, yığmaya düşüblər. Təsəvvür edirsiniz, 9 milyon xalqı təmsil etmək nə deməkdir? Böyük pullar görürlər, ev, maşın alıb rahatlanırlar. Halbuki Kriştianu Ronaldu da onu alıb. Ronaldo bizim 11 futbolçumuzu pulu ilə cibində gəzdirər. Amma o, gün ərzində 3000 dəfə "pres” etməsə, evdən çıxmır. Çünki bilir ki, bu, onun biznesidir, bunu etməsə, bir az qarın buraxsa, qaça bilməz.

 
- Problemlərdən ümumi danışdıq. Sistemləşdirsək, problemin kökü nədədir?
- Təhsildə. Bizdə təhsil sistemi düzgün qurulsaydı... Tək təhsil yox, dünyagörüşü də önəmlidir. Birinci təhsildir, onu da məktəb verməlidir, valideyn verə bilmir. Biz özümüzə qapanmışıq, problem ondadır.

- Sizcə, məşqçi və ya menecer problemi var?
- Menecerin də, məşqçinin də - hamısının təhsili olmalıdır. Alman gəlib buraya. Avropa və dünya çempionu Berti Foqts nə qədər güclü baş məşqçi olsa da, 11 nəfər onu başa düşmürsə, mümkün deyil. Necə olur, Almaniya yığmasında nəticə göstərə bilir, bizdə yox? Çünki bizimkilər başa düşmürlər. Mən o yazıq Berti Foqtsu başa düşürəm. Məsələn, nə qubalılar, nə də şamaxılıların futboldan anlayışı yoxdur. Amma gəncəlilər, şəmkirlilər, sumqayıtlılar oynayırlar. Deməli, harada futbola meyllilik varsa, o rayonlarda məktəb açmaq lazımdır. Sadəcə, sizin dediyiniz menecerlər yoxdur ki, o işi təşkil eləsin.

Xəbər xətti