Bu dəfə "Kəpəz"in ilk çempionluğu haqqqında
“Bir şəklin tarixçəsi...” rubrikasında bu dəfə 3-cü çempion “Turan” haqqında yazmalı idim. Təəssüf ki, çempion heyətin şəklini tapa bilmədim. Nə keçmiş rəhbərlikdə, nə də futbolçularda belə bir foto qalmayıb. “Turan”ı sonraya saxlayıb gəncəlilərə müraciət etdim. “Kəpəz”in çempion heyətinin şəkli ilə bağlı isə hər hansı problemlə üzləşmədim. Bu işdə klubun sadiq azarkeşləri Adil Məmmədov və Zahid Hüseynovla yanaşı veteran futbolçu Mahmud Qurbanov da dadıma çatdı. Əvvəlcə 1994/95-ci il mövsümündə çempion olmuş komandanın müstəqillik dövründə buna kimi əldə etdiyi nəticələrə ötəri nəzər salaq.
İlk milli çempionatda “Kəpəz”in çıxışı o qədər də uğurlu alınmamışdı. 26 komandanın mübarizə apardığı birincilikdə gəncəlilər “Neftçi”, “Xəzər” (Sumqayıt), “Turan” və “Qarabağ”dan sonra 5-ci olmuşdular.
1993-cü il mövsümündə isə format dəyişmişdi. Belə ki, 20 komanda 2 yarımqrupda mübarizə aparırdı. Qrupda ilk iki yeri tutanlar yarımfinala vəsiqə qazanırdılar. “A” qrupunda qərarlaşan “Kəpəz” yekunda “Turan”la eyni xal toplamışdı. Ancaq vurulan və buraxılan topların fərqinə görə Gəncə komandası qrup qalibi olmuş və digər qrupda ikinci yeri tutan Sumqayıt “Xəzər”i qarşılaşmışdı. Finala vəsiqəni həll edən həmin oyunun əsas vaxtında hesab açılmamışdı. Oyunsonrası penaltilərdən isə sumqayıtlılar daha səmərəli istifadə etmişdilər – 3:4. Digər yarımfinalda “Qarabağ”a 0:1 hesabı ilə məğlub olan “Turan” 3-cü yer uğrunda oyuna çıxmadığından “Kəpəz” avtomatik olaraq bürünc medallara sahib çıxmışdı.
3-cü milli çempionatda da “Kəpəz” bürünc medallara layiq görülmüşdü. Gəncəlilər bu dəfə özlərindən irəli “Turan” və “Qarabağ”ı buraxmışdılar. Əvəzində komanda Azərbaycan Kubokunun qalibi ola bilmişdi. “Kəpəz” finalda Lənkəranın “Xəzər”inə 2:0 hesabı ilə qalib gəlmişdi. Bu gəncəlilərin müstəqillik dönəmində qazandıqları ilk ciddi uğur idi. Növbəti mövsüm isə...
Nəhayət, 1994/95-ci il mövsümündə “Kəpəz” ilk dəfə çempion adını qazana bildi. Əsas rəqiblərindən olan “Turan”ı 2, “Neftçi”ni isə 4 xal qabaqlayan gəncəlilərin 13 komandanın iştirak etdiyi birincilikdə keçirdikləri 24 oyunun 19-da qalib gəlmişdilər. Komanda cəmi 1 oyunda məğlub olmuşdu – Tovuzda “Turan”a (0:1).
Tarixlə hələlik bu qədər. İndi keçim əsas məsələyə. Yəni, “Kəpəz”i çempion edənlərlə tanışlığa. Oxuculara 2 şəkil təqdim edirəm. Hər ikisi eyni gündə çəkilib. Onların birində “Kəpəz”in son ev oyunda meydana çıxan “11”lik, digərində isə çempion komandanın bütün üzvləri ilə yanaşı məşqçilər korpusu və komandanın uğurunda pay sahibi olan, kluba himayədarlıq edən şəxslər də yer alıb. Söhbəti də məhz ikinci şəklin üzərində quracağam. Bəri başdan qeyd edim ki, şəkildə gördüklərinizin hamısı, istər futbolçular, istərsə də digərləri gəncəlidirlər. Tək iki nəfərdən başqa. Onun haqqında da tanışlıq zamanı məlumat verəcəm.
Ənənəvi olaraq ayaq üstə dayananlardan başlayım. Soldan birinci mülki geyimli şəxs Fuad İsmayılovdur. Komandada baş məşqçinin köməkçilərindən biri idi. Sonradan müxtəlif vaxtlarda “Gəncə”nin baş məşqçisi vəzifəsində çalışıb. Hazırda Gəncədə U-17 komandasının baş məşqçisidir. Fuad müəllimin yanındakı qapıçı Vüqar Məmmədovdur. Karyerasını “Kəpəz”də bitirdikdən sonra məşqçilik fəaliyyətinə başlayıb. Ötən ilə kimi “Qəbələ”də əsas komandanın qapıçılarla işləyən məşqçisi idi. Bu ildən isə klubun əvəzedici komandasında çalışır.
Digər mülki geyimli şəxs klubun o vaxtkı inzibatçısı Nofəl Əzizovdur. Əzizov komandanın o vaxtkı baş məşqçisi Mehman Allahverdiyevin ən sevimli kadrlarından biridir. Mehman müəllim nə vaxt komandada olub, Nofəl Əzizovu da özü ilə gətirib. Hazırda Gəncə klubunun vitse-prezidentidir.
Nofəl müəllimin yanında dayanan futbolçu Fazil Pərvərovdur. Hücumameylli yarımmüdafiəçi mövqeyində çıxış edən Pərvərov yaxşı fiziki gücə, qol duyumuna malik olan bir futbolçu idi. Bir vaxtlar millinin heyətində də çıxış etməyə imkan tapmış Fazil müəllim karyerasını “Şəmkir”də başa vurub. Hazırda 46 yaşı var. Gəncədə xırda ticarətlə məşğuldur. Eşitdiyinə görə, əvvəlki futbolçu formasından əsər-əlamət qalmayıb. Xeyli artıq çəkisi var.
Növbəti mülki geyimli adam komandanın o vaxtkı himayədarlarından biridir. Söhbət Eldar Rüstəmovdan gedir. Eldar müəllim o vaxt Gəncə şəhər Polis İdarəsinin rəisinin 1-ci müavini idi. Hazırda nə işlə məşğul olduğundan xəbərsizəm. Onun yanında dayanan digər mülki geyimli şəxsi də tanımıram. Yəqin ki, o da komandanın o vaxtkı himayədarlarından biri olub. Amma qara kostyumlu 3-cü şəxsi nəinki mən, o cümlədən əksər gəncəlilər yaxşı xatırlayırlar. Gəncənin o vaxtkı icra başçısı Rasim Daşdəmirovu nəzərdə tuturam. Düzü, hazırda nə işlə məşğul olduğundan məlumatsızam... Siyasətə baş qoşmayım, mövzumuz futboldu.
Yəqin ki, Faiq Cabbarovu tanıdınız. Rasim müəllimin yanında dayanan “Kəpəz”in ən istedadlı futbolçularından biri və komandanın o vaxtkı vitse-kapitanıdır. Dövrünün keçilməz müdafiəçilərindən olan Faiq Cabbarov “Kəpəz”dən sonra “Neftçi” və “Şəmkir”in uğurları üçün də çalışıb. Cabbarov yığmanın heyətində də çıxış edib, 21 oyunda millinin şərəfini qoruyub. Hazırda Gəncədə yaşayır, işsizdir.
Faiqin arxasında dayanan eynəkli adam da komandanın sponsorlarından biri olub. Natiq Əfəndiyev həmin vaxt Gəncə şəhər Polis İdarəsinin rəisi idi. Hazırda... Yox, siyasətdən danışmayacağıma söz vermişdim.
Növbədə komandanın çempion olmasında ən böyük pay sahibi – komandanın baş məşqçisi Mehman Allahverdiyev gəlir. Mehman müəllim haqqında o qədər yazmaq olar ki. Qısaca onu deyim ki, futbolçu karyerası ərzində SSRİ çempionatında çıxış edən “Neftçi”nin şərəfini qoruması onun necə bir istedadlı futbolçu olmasından xəbər verir. Futbolu buraxdıqdan sonra məşqçiliyə başlayıb və “Kəpəz”in sükanı arxasına keçib. Məşqçi kimi isə uğurları çoxdur. Hazırda Gəncədə yaşayır, Gəncə futbolunda kuratorudur.
Mehman müəlimin arxasında dayanan isə Novruz Əzimovdur. Novruz müəllim haqqında da uzun-uzadı məlumat verməyə ehtiyac görmürəm. SSRİ dönəmində “Neftçi”nin sayılıb-seçilən müdafiəçilərindən olan Əzimov müstəqillik qazandıqdan sonra əvvəl “Göyəzən”ə, oradan isə “Kəpəz”ə keçib. Uzun müddət burada futbol oynadıqdan sonra polis orqanlarında işləyib, çempion heyətdə yeganə oynayan məşqçi idi. Bayaq qeyd etmişdim ki, şəkildə gördüklərinizdən 2 nəfər gəncəli deyil. Onlardan biri də məhz Əzimovdur. Novruz müəllim əslən Laçındandır və onu yaxşı futbolçu olduğu qədər də, qorxmaz döyüşçü kimi tanıyıram. Əzimov topu silaha dəyişərək Qarabağda vuruşan azsaylı futbolçularımızdan biridir. Hazırda Bakıda yaşayır, məşqçiliklə məşğuldur. İndiki iş yeri “Bakı” Futbol Klubudur, idman direktoru vəzifəsində çalışır. Novruz Əzimov haqqında daha bir maraqlı fakt – veteran futbolçu müdafiəçi olmasına və nadir hallarda fərqlənməsinə baxmayaraq, SSRİ çempionatında “Neftçi”nin vurduğu son qolun müəllifidir. Özü də həmin qolu sıradan yox, adlı-sanlı Kiyev “Dinamo”sunun qapısından keçirib.
Mehman Allahverdiyevlə çiyin-çiyinə dayanan eynigeyimli şəxs elə həyatda da Allahverdiyevlə yanaşı addımlayır. Tahir Mirzəyev “Kəpəz”in o vaxtkı rəisi idi. Mehman müəllim nə vaxt “Kəpəz”də işləyibsə, Tahir müəllim də onunla yanaşı olub. Hazırda “Kəpəz”də rəhbər vəzifədə çalışır.
Növbəti futbolçu komandanın kapitanı Xaliq Mərdanovdur. Uzun müddət “Kəpəz”in uğurları üçün çalışıb, daha sonra “Şəmkir” və “Qarabağ” kimi klublarda çıxış edib. Karyerasını bitirdikdən sonra isə məşqçiliyi seçib. “Kəpəz”dən savayı Şahin Diniyevin vaxtında “Rəvan”da məşqçi kimi çalışdığını deyə bilərəm. Hazırda Gəncədə yaşayır, fəaliyyəti futbolla bağlıdır.
Komandanın digər “legioner”i Nadir Şükürov. Şükürov əslən İmişlidəndir. “Kəpəz”ə gələndə hələ SSRİ dağılmamışdı. Uzun müddət SSRİ birinciliyinin 9-cu zonasında “Kəpəz”in qapısını qoruyub. Yerli futbolçulara o qədər qaynayıb-qarışıbmış ki, çoxları onu gəncəli kimi tanıyırdılar. “Kəpəz”dən sonra bir neçə klubun da şərəfini qoruyan Şükürov Mehman Allahverdiyevin vaxtında komandanın qapıçılarla işləyən məşqçisi olub. Hazırda U-17 yığmamızda eyni işi görür.
Nadirin yanında dayanan cavan oğlan Sədrəddin Məmmədovdur. Komandada hamı onu Sədi deyə çağırırmış. Komandanın həkimi və masajisti idi. Uzun müddət “Kəpəz”də futbolçuların sağlamlığına cavabdehlik daşıyıb. Hazırda Premyer Liqaya vəsiqə qazanan “Araz Naxçıvan” klubunun həkimidir.
Üst sırada sonuncu şəxs isə rəhmətlik Rəşid Özbəyovdur. Rəşid müəllim həmin vaxt komandanın məşqçilərindən biri idi. İmperiya dönəmində “Neftçi”nin ən yaxşı futbolçularından biri kimi yadda qalan Özbəyov 2001-ci il sentyabrın 16-da dünyasını dəyişib. 50 illik yubileyinə cəmi 2 gün qalmış. Allah rəhmət eləsin! Rəşid müəllim haqqında az məlumat verdim. Bu da səbəbsiz deyil. Yaxınlarda onun haqqında geniş material hazırlamağı nəzərdə tutmuşam.
Gəlib çatdıq aşağı sıradakı “11-li y”ə. Soldan birinci gəncəli balası Anar Kələntərovdur. O vaxt Anar gənc idi və komandaya yenicə qoşulmuşdu. Əsas heyət oyunçusu olmasa da, tez-tez əvəzetmədən meydana çıxmaq imkanı qazanırdı. “Kəpəz”dən sonra bir çox digər komandalarımızın şərəfini qoruyub, o cümlədən Polşada legioner həyatı yaşayıb. Hazırda Gəncədə yaşayır, uşaq futbolunda məşqçi kimi çalışır.
İkinci futbolçu isə Cavid Əhmədovdur. Əhmədov sovet dövründən qalan futbolçulardandır. Cinah müdafiəçisi mövqeyində çıxış edən Cavid müəllim uzun müddət “Kəpəz”in şərəfini qoruyub, karyerasına da elə Gəncə klubunda son qoyub. Daha sonra məşqçiliyə başlayıb. İlk iş yeri “Şəmkir” olub. Şahin Diniyev millidə baş məşqçi olarkən, inzibatçı kimi də çalışıb. Hazırda da bu vəzifəni yerinə yetirir.
Gəncə futbolunda Süleymanov qardaşlarının xüsusi yeri var. Yadigar və İmamyar Süleymanovları nəzərdə tuturam. Cavid Əhmədovun yanında dayanan böyük qardaş Yadigardır. Yadigar “Kəpəz”ə Vladimirin “Torpedo” komandasından gəlmişdi. Amma buna kimi uzun müddət doğma komandada çıxış etmişdi. Keçmiş komanda yoldaşlarının yadında istedadlı hücumçu olduğu qədər də, gülərüz insan kimi qala bilib. Yeri gəlmişkən, Yadigar Süleymanov müstəqil futbol tariximizdə ad qoya bilən tək-tük futbolçülardandır. Avrokuboklar tarixində ilk qolumuzun müəllifi məhz Yadigar Süleymanovdur. Bu məqamda bir nüansı xatırlatmaq istəyirəm. Milli çempionatımız 1992-ci ildən keçirilməyə başlasa da, 1993/94-cü il mövsümündən sonra Azərbaycan klubları Avropa səhnəsinə ayaq aça bilmişdilər. Özü də həmin il yalnız çempion olan komanda Azərbaycanı UEFA Kubokunda təmsil edə bilərdi. Həmin il çempion “Turan” olmuşdu və Tovuz klubunun rəqibi adlı-sanlı “Fənərbaxça” idi. Tovuzlular hər iki oyunda məğlub olsalar da (0:4, 0:2), tarixə avrokuboklarda ilk iştirakçılarımız kimi düşə bilmişdilər. Növbəti mövsüm “Kəpəz” çempion olduğundan qitəmiqyaslı yarışlarda ölkəmizi onlar təmsil etdilər. Özü də ilk dəfə olaraq Çempionlar Liqasında. Avstriyanın “Austriya” klubuna hər iki oyunda böyük hesabla (0:4, 1:5) məğlub olan gəncəlilərin heyətində yeganə qolu Yadigar vurmuşdu. Bu da bir tarixdir. Hə, lap fikrimdən çıxmışdı, Yadigar hazırda Moskvada yaşayır. Rusiya paytaxtında ticarətlə məşğuldur. Bundan başqa orada azərbaycanlılardan ibarət həvəskar komanda da yaradıb, özü də hərdən cavanlığını yada salır.
Mövzudan uzaq düşməyim, sıradakı növbəti futbolçu bu yazının ərsəyə gəlməsində əməyi olan Mahmud Qurbanovdur. Mahmud elə bir rekorda imza atıb ki, çətin indən belə kimsə onun uğurunu təkrarlasın. Qurbanov 11 dəfə Azərbaycan çempionu olub. Bu Mahmudun ilk çempionluğudur. Çempionluq sayından başqa Mahmud Azərbaycanın gəlib-keçmiş ən yaxşı pleymeykerlərindən biri hesab olunur. “Kəpəz”lə yanaşı “Neftçi”, “Şəmkir”, “Xəzər Lənkəran”, “İnter” və “Bakı” klublarında birinci olan Qurbanov haqqında yarızarafat, yarıciddi belə bir deyim də var idi – “Mahmud haradadırsa, çempionluq oradadır”. “Professor” ləqəbli futbolçu millidə də ən çox oyun keçirən futbolçulardandır. 2011-ci ildə futbolçu karyerasını bitirən Mahmudun məşqçi kimi karyerası o qədər də uğurlu alınmayıb. Bir müddət Gəncənin “Tərəqqi” komandasını çalışdırdıqdan sonra yarımcan “Kəpəz”i götürən Qurbanov istefa verdikdən sonra bir müddət işsiz qalmışdı. Hazırda isə işləyir. Özü də elə-belə yerdə yox – millidə. Berti Foqtsun köməkçisidir. Özünün də dediyi kimi, “telli oğlan” haqqında bu qədər.
Mahmudun əlini çiyninə qoyduğu futbolçu Rövşən Əhmədovdur. Bu, Rövşənin ikinci çempionluğudur. Buna kimi bir mövsüm əvvəl “Turan”da çıxış edən Əhmədov Tovuz klubunun heyətində çempionluq sevincini dadmışdı. Komanda yoldaşları onu “cinboy” deyə çağırırdılar. Bu da Rövşənin sürətli və cəld olmasından irəli gəlirdi. “Kəpəz”in çempion olmasında onun böyük əməyi olub. Bir neçə il əvvəl Samuxun həvəskarlardan ibarət komandasının məşqçisi idi. Hazırda nə işlə məşğul olduğundan xəbərsizəm. Tək bildiyim Gəncədə yaşamasıdır.
Rövşənin arxasındakı komandanın əsas qapıçısı Xaliq Qafarovdur. O vaxt “Kəpəz”də qapını kimin qoruyacağı uğrunda əməlli-başlı rəqabət var idi. Əsas mübarizə də Xaliq Qafarovla Nadir Şükürov arasında gedirmiş. Statistikaya nəzər salsaq görərik ki, məşqçilər daha çox Qafarova etimad göstərirmişlər. Bunun da səbəbi yəqin ki, Qafarovun təcrübəsinin çoxluğu idi. Amma kimin qapıda dayanmasından asılı olmayaraq “Kəpəz”in qapısının etibarlı əllərdə olduğunu əminliklə demək olar. Axı, komanda 24 oyunda cəmi 19 qol buraxmışdı. Xaliq Qafarov futbolçu həyatı ilə vidalaşdıqdan sonra məşqçi kimi fəaliyyət göstərməyə başlayıb. Mahmud Qurbanovun vaxtında “Kəpəz”də qapıçılarla işləyən məşqçi idi. Hazırda Gəncədə “sportşkola”dadır.
Gəncə futbolunun yetişdirdiyi istedadlı futbolçulardan daha birisi – Ceyhun Tanverdiyev. “Kəpəz”ə Mahmud Qurbanovla bir vaxtda təşrif buyuran Ceyhun da Qurbanov kimi orta sahə oyunçusu idi. Dövrünün perspektivli futbolçularından biri hesab edilən Tanverdiyevin futbolçu karyerası həmyaşıdı qədər uğurlu alınmasa da, olimpiya və əsas millinin şərəfini qorumağa imkan tapıb. Karyerasını “Kəpəz”də bitirib. İndi Gəncədə yaşayır və balacalara futbolun sirlərini öyrədir.
Növbəti futbolçu komandanın ağsaqqallarından biri Tofiq Məmmədovdur. Tofiq dayı sonuncu müdafiəçi mövqeyində çıxış edirdi. Sürətli olmasa da, etibarlı oyunu ilə azarkeşlərin yaddaşında qalıb. Maraqlıdır ki, Məmmədov müdafiəçilərin tez-tez istifadə etdiyi sürüşmə fəndinə nadir ehtiyac duyurmuş. Bu da onun oyunu oxumaq bacarığından irəli gəlirdi. Oynadığı futboldan başqa nümunəvi davranışı ilə də komanda daxilində böyük nüfuza malik imiş. Futbolla “Kəpəz”də vidalaşıb. Bir ara Moskvada ticarətlə məşğul olub, bir müddət isə komandanın rəisi vəzifəsində çalışıb. Hazırda Gəncədə yaşayır, elit məşqçidir.
Gəlib çatdıq son “üçlüy”ə. Əlləri qoynunda olan futbolçu Süleymanov qardaşlarının kiçiyi İmamyardır. O da böyük qardaşı kimi hücumçu idi. “Kəpəz”dən sonra “Şəmkir”də çıxış edib. Bir neçə oyunda milliyə də dəvət alıb. İndi də qardaşından ayrılmayıb. Yadigar Süleymanovla birlikdə Rusiya paytaxtında yaşayır və ticarətlə məğşuldur. Eşitdiyimə görə dindardır.
İmamyarın yanındakı da balaca qardaşdır. Mehman Allahverdiyevin kiçik qardaşı Fizulini nəzərdə tuturam. Fizuli cinah müdafiəçisi mövqeyində çıxış edirdi. Mehman müəllimin qardaşı olduğuna görə yox, göstərdiyi oyun və davranışı ilə komandanın ağsaqqallarından biri hesab olunurdu. Onun haqqında maraqlı bir məlumat da verim – karyerası ərzində ancaq “Kəpəz”də çıxış edib. Nə az, nə çox düz 20 il. Bir neçə oyunda milli komandanın şərəfini qoruyan kiçik Allahverdiyev böyük Allahverdiyevin “Kəpəz”də işlədiyi vaxtlarda ona kömək edib. İndi də Gəncə klubundadır, məşqçilər korpusunda yer alır.
Və nəhayət sonuncu çempion Mehman Hacıyev haqqında. Müdafiəçi olan Mehman “Kəpəz”ə həmin mövsüm cəlb olunmuşdu. Çempion olduqdan sonra bir müddət Gəncə klubunda çıxış edən Hacıyev bir ara “Qarabağ”ın da şərəfini qoruyub. Futbolla “Kəpəz”də vidalaşıb. Daha sonra uzun müddət Moskvada ticarətlə “çörək pulu”nu çıxarıb. Gəncəyə döndükdən sonra “Kəpəz”in əvəzedici komandasının baş məşqçisi işləyib. Mahmud Qurbanovun vaxtında isə “professor”un köməkçilərindən biri olub. Daha sonra bir ara “Simurq”da görünən Mehman hazırda Gəncədə yaşayır, Mahmudun sözü olmasın, gününü futbol oynamaqla keçirir.
Qəhrəmanlar haqqında bu qədər. Sonda bir neçə maraqlı məqama da toxunmaq istəyirəm. Birincisi, həmin dövrün futbolçularının 3-4-ü çıxmaq şərtilə demək olar ki, hamısı rəhmətlik Konstantin Abramenkonun şagirdləri olub. Abramenko haqqında da bir yazı hazırlamaq bəndənizin boynuna. İkincisi, mükafatla bağlıdır. Görmüşük ki, komanda çempion olanda və ya kuboku qazananda sponsorlar futbolçulara müəyyən məbləğdə mükafat verirlər. Amma ilk çempionluğunda “Kəpəz”in futbolçuları qara qəpik də almayıblar. Səbəb isə pulsuzluq idi. Doğrudur, himayədarlar “Kəpəz”ə köməklik göstərirdilər. Komandanın forma, idman ləvazimatları, nəqliyyat və digər xərclərini qarşılayırdılar. Amma mükafat yox idi. Üçüncüsü, yazının əvvəlində də qeyd etdiyim kimi çempion heyət bütünlüklə gəncəlilərdən təşkil olunmuşdu. Belə bir hadisə Azərbaycan futbolu tarixində yekdir. Həmin gəncəlilərlə yanaşı digər klublarımızda da bu şəhərin yetirmələri çıxış edirdilər. Təkcə, Vidadi Rzayev və Yunis Hüseynovun adını çəkmək kifayətdir. Bununla Gəncə futbol məktəbinin əzəmətinə işarə vururam. Dördüncüsü, “Kəpəz” 1997/98 və 1998/99-cu illərdə də çempion olub. Bundan başqa klub 4 dəfə Azərbaycan Kubokuna da sahib çıxıb. Beşincisi... maraqlı məqamlar çoxdur. Bir neçəsi, o cümlədən “Kəpəz”in digər uğurları qalsın başqa yazıya. Təki, sağlıq olsun!
İlqar TAĞIYEV “Het-trik news”
P.S. Şəkildə futbolçuların arxasındakı tribunalara diqqət yetirin. Azarkeşlərlə dolu tribunalara. İndi nə həmin “Kəpəz” var, nə həmin tribunalar. Azarkeşlər isə yetərincədir. Heyf o günlərdən.
saytlarin hazirlanmasi