Bir şəklin tarixçəsi: "Şəmkir"in çempionluğu (V yazı)

10:11 - 15 İyul 2014

"Şəmkir"in ilk zəfəri

15-20 il əvvəl qərb bölgəsinin komandaları Azərbaycan futbolunda sözün yaxşı mənasında hegemonluq edirdilər. Azərbaycan çempionatını bu bölgəni təmsil edən komandalarsız təsəvvür etmək mümkün deyildi. 1992-ci ildə keçirilən ilk birinciliyi yada salaq – 7 komanda qərb bölgəsinin təmsilçisiydi. Onlardan “Turan” və “Kəpəz” çempionluq uğrunda oynayan komandalar idi və hər ikisi müxtəlif vaxtlarda Azərbaycan çempionu olublar. 1999/2000-ci il mövsümündə bu ikiliyə daha bir “qərb”li qoşuldu. “Şəmkir”i nəzərdə tuturam. Şəmkir klubu 3 mövsüm ardıcıl qızıl medal qazanan ilk komanda kimi tarixə düşməyə çox yaxın olub. Nə yazıq ki, 2001/02-ci il mövsümündə utancverici hadisələr yaşandı və çempionat yarımçıq dayandırıldı.

Bu yazıda sayca 5-ci çempion komanda olan “Şəmkir”in ilk zəfərindən və çempionluqda pay sahibi olanlardan bəhs edəcəyəm. Buna kimi isə əvvəlcə komandanın ölkə birinciliklərindəki çıxışına ötəri nəzər salaq. İlk birincilikdə “Şəmkir” yox idi. 1993-cü ildə keçirilən 2-ci çempionatda komanda 1-ci Divizionda mübarizə aparıb və B qrupunda 3-cü yeri tutub. Növbəti ildə də eyni nəticəni təkrarlayan “Şəmkir” 1994/95-ci il mövsümündə 48 xalla1-ci yeri tutaraq (28 oyun, 21 qələbə, 6 heç-heçə, 1 məğlubiyyət) yüksək dəstəyə vəsiqə qazanıb. 1997/98-ci il mövsümünə kimi zəif komanda təsiri bağışlayan komanda rəhmətlik Şahbaz Süleymanovun gəlişindən sonra dirçəlib və həmin mövsüm 3-cü olub. Növbəti birincilikdə gümüş medallara sahib çıxan “Şəmkir” yeni əsrin ilk ilində nəhayət istəyinə çataraq qızıl medallara sahib çıxıb. 12 komandanın mübarizə apardığı çempionatda şəmkirlilər 2-ci olan “Kəpəz”i 11 xal qabaqlayıblar. 2000/01-ci il mövsümündə isə “Neftçi” ilə eyni xal (51) yığdığından bu iki komanda arasında Sumqayıtda “qızıl oyun” keçirilib. “Şəmkir” 1:0 hesabı ilə qalib gəlib.

Komanda 3-cü dəfə də çempion adını qazanmalı idi. Başa çatmayan çempionatda 12 komanda 2 mərhələdə mübarizə aparırdı. İlk 6 yeri tutan komandalar ikinci mərhələdə qalibi müəyyən etməli idilər. “Şəmkir” 44 xal yığan “Neftçi” və “Şəfa”nı 6 xal qabaqlayaraq ilk mərhələnin qalibi olmuşdu. İkinci mərhələdə inamla çıxış edən komanda “Kəpəz” (4:1), “Şəfa” (1:0) və “Qarabağ-Azərsun”la (2:0) keçirdiyi oyunlardan maksimum xal yığmışdı. Üstəlik, 2-ci yerdə qərarlaşan “Neftçi” şəmkirlilərdən 4 xal geri qalırdı. Hər şeyin “yağ kimi” getdiyi bir vaxtda çempionat yarımçıq dayandırıldı. Səbəbi başqa söhbətin mövzüsüdür. Təkcə onu qeyd edə bilərəm ki, alternativ çempionatın keçirilməsi ilə əlaqədar UEFA Azərbaycanı cəzalandırmışdı. Nə isə...
Keçim “Şəmkir”in ilk çempionluğuna. Bayaq qeyd etdiyim kimi 1999/2000 mövsümündə birincilikdə 12 komanda çıxış edirdi. “Şəmkir” keçirdiyi 22 oyundan sonra (17 qələbə, 4 heç-heçə, 1 məğlubiyyət) 55 xalla çempionluğu vaxtından əvvəl bayram etmişdi. Həmin zəfərin memarları ilə tanış olaq. Bundan sonra 2-ci çempionluqda payı olanlar haqqında da məlumat verəcəm.

Əvvəl qapıçılardan başlayım. Komandanın əsas qolkiperi Rauf Mehdiyev idi. Əslən Bakıdan olan Rauf komandaya 1998-ci ildə qoşulub. Buna kimi o, “Tərəqqi”, “Azəri”, “Neftçi”, “Fərid” və OİK-də çıxış edib. 1998/99-cu il mövsümündə 31 oyunda meydana çıxan Mehdiyev qapısında 30 qol görüb. İlk çempionluqda isə 22 oyunun 21-də çərçivəni qoruyub və cəmi 6 (!) top buraxıb. 2004-cü ilə kimi “Şəmkir”də olan futbolçu daha sonra “Qarabağ”a keçib. Bir il burada oynadıqdan sonra müxtəlif vaxtlarda “Bakı”, “Olimpik”, “Karvan” və “Neftçi”nin şərəfini qoruyub. 1 dəfə “Bakı”, 2 dəfə isə “Neftçi” ilə çempionluq sevinci yaşayıb. Üstəlik, “Olimpik”də oynadığı vaxtlar gümüş medal da qazanıb. Karyerasına 2012-ci ildə “Neftçi”də son qoyan qolkiper yığmada da çıxış etməyə imkan tapıb – 6 oyun (-4 qol). Onlardan ən yadaqalanı Bolqarıstan ilə heç-heçə (0:0) başa çatan oyundu. Rauf haqqında 2 maraqlı məlumat da vermək yerinə düşər. Birincisi, Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının 2007-ci ildə hazırladığı cədvələ görə qapısını 746 dəqiqə toxunulmaz saxlayan Mehdiyev “dünyanın 200 ən yaxşı qapıçısı”ndan biri olub. İkincisi isə, müstəqillik dövründə yüksək dəstədə ən çox oyun keçirən qapıçıdır – 271 (bəzi mənbələrdə 230 oyun göstərilir – İ.T.). Hazırda məşqçiliklə məşğuldur, “Simurq”un əvəzedici komandasında çalışır. Eyni zamanda əsas yığmada qapıçılarla işləyən məşqçidir.

 Komandanın digər qapıçısı Nəsimi Dadaşov əslən salyanlıdır. “Şəmkir”ə kimi  “Plastik” və “Qarabağ”ın şərəfini qoruyub. “Şəmkir”də cəmi 1 oyunda meydana çıxıb və qapısında 2 qol görüb (buna görə Nəsimiyə qızıl medal düşmür – İ.T. ). Bu, onun karyerasında son oyun olub. Həmin il futbolla vidalaşan Dadaşov haqqında hər hansı məlumat əldə edə bilmədim. Eşitdiyimə görə Rusiyadadır, ticarətlə məşğuldur.
Komandanın heyətində cəmi 1 oyunda meydana çıxan daha bir futbolçu da olub. Gürcü Demuri Kakubavanı nəzərdə tuturam. Düzü, bu futbolçu elə həmin bircə oyunla Azərbaycan futbolu tarixinə legioner kimi duşə bilib. O vaxtdan Demurini gördüm deyən olmayıb. Bəlkə heç o vaxtkı Kakubava futbolçuların və məşqçilərin də yadında qalmayıb. “Şəmkir”ə necə düşdüyü barədə nəsə deyə bilmərəm. İnternetdən əldə etdiyim məlumata görə, yarımmüdafiəçi idi və öz ölkəsinin “Amirani”, “Dinamo” (Zuqdudi), “Lokomotiv” və “Arsenali” komandalarında çıxış edib. İnternet-statistikaya görə “Şəmkir”ə 1998-ci ildə gəlib və ilk mövsümündə 9 dəfə meydana çıxıb. Amma Rasim Əliyevin mənə təqdim etdiyi statistikada cəmi 1 oyun göstərilib. Hər halda Rasimə inanmaq daha yaxşıdır. Demuri Kakubava yəqin ki, Gürcüstanda yaşayır. Nə işlə məşğul olmasına gəlincə... Nəyimizə  lazımdır? Amma digər gürcü Badri Kvaratsxeliya barəsində danışmağa dəyər. Onun haqqında bir qədər sonra. Çünki, futbolçuları əlifba sırası ilə təqdim etməyi nəzərdə tutmuşam.

Aleksandr Musatkin bakılı balasıdır. “Şəmkir”dən əvvəl “Xəzri-Eltac” (1994/95-ci il mövsümündən “Xəzri” olub – İ.T.), “Bakı fəhləsi”, “ANS-Pivani”də çıxış edib. “Şəmkir”in heyətində 7 oyunda meydanda olub. Daha sonra “Ümid” və “Bakılı”da çıxış edən Saşa karyerasını 2005-ci ildə bitirib. Ümumilikdə, adı 181 oyunun protokolunda var və 11 qol vurub. Hazırda Bakıda yaşayır, hakimliklə məşğuldur, laysmandır.
Musatkindən fərqli olaraq Azər Məmmədov əsas heyət üzvü olub. Azər Gəncə futbol məktəbinin yetirməsidir. “Şəmkir”ə kimi əsasən “Kəpəz”də, qısa fasilələrlə isə “Xəzri” və OİK-də çıxış edib. Azər Məmmədov karyerası boyu xeyli titul qazanıb. “Kəpəz” – 2 qızıl, 1 bürünc, 2 kubok. “Şəmkir” – 2 qızıl, 1 gümüş. “Qarabağ” – 1 kubok. Son mövsümü doğma “Kəpəz”də baş məşqçi kimi başa vuran Məmmədov bir ara Gəncədə restoran sahibi olub. İşləri də pis getmirmiş. Elmar Vəliyevin Gəncəyə icra başçısı təyin olunmasından sonra restoranı sökülüb. İndi “Qarabağ”ın aşağı yaş qrupunda uşaqlara dərs keçir.

Arif Məmmədov mingəçevirlidir. Milli çempionatlarda uzun müddət doğma şəhərinin komandasının şərəfini qoruyub. 1996-cı ildə “Şəmkir”ə gələn Arif 1998/99-cu il mövsümündə komandadan ayrı düşərək MOİK və “Araz”da oynasa da, 1 ildən sonra yenidən Şəmkirə qayıdıb – çempion olmaq üçün.  Amma bu ona qismət olmayıb. Bayaq haqqında bəhs etdiyim Nəsimi və Demuri kimi cəmi 1 oyunda forma geyinən Məmmədov karyerasını həmin mövsüm bitirib. Milli çempionatlarda 163 oyunda meydana çıxan və 5 qol vuran veteran futbolçunun Mingəçevirdə yaşadığını dəqiq bilirəm. Amma nə işlə məşğul olmasından xəbərsizəm.

Söz verdiyim kimi, növbə gəlib çatdı gürcü balasına. Badri Kvaratsxeliya Azərbaycan çempionatında 1997-ci ildə “Kəpəz”də debüt edib. Buna kimi ölkəsinin “Skuri”, “Dinamo” (Tbilisi), “Kaxeti”, “Metallurq”, ŞSS “Akademiya”, “Merani” klublarının şərəfini qoruyub. Həmin il Gəncə komandasının heyətində “qızıl dubl” edən hücumçu növbəti mövsüm “Şəmkir”ə dəvət alıb. Burada da qol vurmaq bacarığı ilə seçilən Badri 2005-ci ilə kimi “Şəmkir sakini” olub. Azərbaycanda çıxış etdiyi müddətdə 132 oyunda 71 dəfə fərqlənib. Badrini daha çox Çempionlar Liqasında ilk dəfə mərhələ adlayan “Şəmkir”in heyətində “Skonto”ya vurduğu qollarla xatırlayırıq. Məhz onun Bakıda keçirilən cavab qarşılaşmasının son dəqiqələrində vurduğu qol əlavə vaxtın təyin olunması ilə nəticələnmişdi (əsas vaxt 2:1 hesabı ilə başa çatmışdı – İ.T.). Yeri gəlmişkən, Badri 3 dəfə yığma komandamızda da çıxış etməyə imkan tapıb. Bir ara “Standard”ın baş məşqçisi kimi ölkəmizdə fəaliyyət göstərib. Ötən il isə “Qəbələ”də məşqçi kimi işləyib. Tiflisdə yaşayır, işsizdir. İki oğlu var və hər ikisi “Dinamo”nun futbol akademiyasında təhsil alır. Belə getsə, 3-5 il sonra Azərbaycan çempionatında yeni kvaratsxeliyalar peyda ola bilər.

Etimad Qurbanov haqqında “Turan”ın çempionluğundan bəhs etdiyim yazıda geniş məlumat vermişdim. Hər halda qısaca xatırlatma yerinə düşər. “Edik” tovuzludur. 6 illik Tovuz “fəaliyyət”indən sonra “iş yeri”ni qonşu rayona dəyişib. Hər iki komandanın heyətində çempion olan və müxtəlif əyarlı medallar qazanan Qurbanov hazırda doğma rayonunda yaşayır, uşaq futbolunda məşqçidir.

Təcrübəli Əli Abışov komandaya 1998/99-cu il mövsümündə qoşulub. Buna kimi “Plastik”, “İnşaatçı” (Sabirabad), “Neftçi”, “Xəzri”, “Bakı fəhləsi”, “ANS Pivani”nin şərəfini qoruyan Abışov 2004-cü ilə kimi “Şəmkir”də çıxış edib. Daha sonra “Gəncə”, “Şahdağ-Samur” və “Gilan”da oynayan müdafiəçi karyerasını 2008-ci ildə adını dəyişib “Qəbələ” qoyan Qəbələ klubunda başa vurub. Əslən Hacıqabuldan olan Abışov hazırda “Qəbələ”də seleksiyaçı-məşqçidir. Statistika yaddan çıxmışdı, Əli müəllim milli çempionatlar tarixində 280 matçda forma geyinib, 34 qol vurub. Abışov haqqında maraqlı bir məlumat da verim – Əli müəllim yaxşı futbolçu olduğu qədər də zərb alətlərinin mahir ifaçısı imiş. Nağaranın “anasını ağladırmış”. Bunu mənə həmkarlarımdan biri xəbər verdi. Hətta, “Şəmkir”də oynadığı vaxtlar imkan tapan kimi  Hacıqabul toylarında iştirak edirmiş.  

Komandanın müdafiə xəttində daha bir təcrübəli futbolçu çıxış edib. Faiq Cabbarov haqqında “Kəpəz”in çempionluğundan bəhs edən 3-cü yazımda məlumat vermişdim. Amma onu da “Edik”dən seçməyəcəm. Faiq gəncəlidir, 1992-ci ildə “Neftçi”də  çempionluğu dadıb (24 oyun, 2 qol). 1993-cü ildən doğma Gəncəyə qayıdıb və 1999-cu ilə kimi “Kəpəz”də çıxış edib. 4 dəfə çempion olub, o qədər də kuboku başı üzərinə qaldırıb. “Şəmkir”lə də 2 dəfə qızıl medal aldıqdan sonra “Şəfa”yə keçib. 2003/04-cü il mövsümündə yenidən “Şəmkir”ə, oradan isə “Kəpəz”ə qayıdıb. Karyerasını 2005-ci ildə doğma komandasında bitirib. Cabbarov yığmanın heyətində də çıxış edib, 21 oyunda millinin şərəfini qoruyub. Hazırda Gəncədə yaşayır, işsizdir.
Faiqin həmyerlisi Xaliq Mərdanov Şəmkirə 1 mövsüm əvvəl köç edib. Buna görə də onun kolleksiyasında 1 kubok və 1 qızıl medal azdır. Əvəzində 1 gümüş var. “Şəmkir”də 2005-ci ilə kimi oynayıb. Növbəti mövsüm “Gəncə”li, daha bir il sonra isə “Qarabağ”lı olub. Karyerasını 2007-ci ildə Ağdam klubunda bitirib. Hazırda məşqçiliklə məşğuldur, Gəncədə yaşayır. Faiq milli çempionatlar tarixində 232 (22 qol), Xaliq isə 271 oyunda (24 qol) forma geyinib.

Həmin vaxtlar İsmayıl Məmmədov Azərbaycan futbolunun ən istedadlı yarımmüdafiəçilərindən biri sayılırdı. İsmayıl Sumqayıt futbol məktəbinin yetirməsidir. Peşəkar futbola da elə bu şəhəri təmsil edən “Xəzər”də başlayıb. Həmin vaxt İsmayılın cəmi 16 yaşı vardı. 4 il “Xəzər”də çıxış edən Məmmədov bu komanda ilə 2 gümüş medal qazanıb. “Şəmkir”ə kimi “Sumqayıt”, OİK və “Kimyaçı”nın (Sumqayıt) şərəfini qoruyub. 1999/2000-ci il mövsümündə əyalət klubuna dəvət olunub və 3 il burada top qovub. “Şəmkir”dən sonra “Neftçi”, “Qarabağ”, “Karvan”, “İnter”, “Standard”, “Gənclərbirliyi”, MOİK-də çıxış edib. Karyerasını 2010-cu ildə “Karvan”da bitirib. “Neftçi”də çempionluq və kubok sevinci yaşayıb. “Karvan”la isə 3-cü gümüş medalını qazanıb. Milli çempionatlarda 351 oyun keçirib, 76 dəfə fərqlənib. Bir ara millinin şərəfini də qoruyub. Hazırda Sumqayıtda yaşayır, Sumqayıt Futbol Akademiyasında məşqçi kimi çalışır.
“Şəmkir”də çıxış edən daha bir sumqayıtlı Mehman Yunusov idi. 1992-94-cü illərdə “Xəzər”in (2 gümüş), 1994-96-cı illər aralığında  “Neftçi”nin (1 qızıl, 1 bürünc, 1 kubok), daha sonra “Sumqayıt”ın şərəfini qorumuş müdafiəçi 1997/98-ci il mövsümünə “Neftçi”də başlamışdı. Amma birinciliyin gedişində “Şəmkir”in dəvətini qəbul edib. 2004-cü ilə kimi Şəmkir klubunda çıxış edən Yunusov daha sonra (2004/05) “Qarabağ”a, oradan isə “Karvan”a keçib. 2006-cı ildə Yevlaxda futbolla vidalaşan Yunusovun milli çempionatlar tarixindəki statistikası belədir – 298 oyun, 2 qol. Yunusov 6 rəsmi oyunda millinin şərəfini qoruyub. Bakıda Slovakiya üzərində tarixi qələbədə (2:0) onun da əməyi olub. Hazırda Sumqayıtda yaşayır, “Sumqayıt”ın əvəzedicilərinin baş məşqçisidir.

“Şəmkir”in çempion olmasında payı olan futbolçulardan biri də daha çox “Xəzər”li kimi yadda qalan Mübariz Orucov idi. 1997-ci ilə kimi Sumqayıt klublarında oynayan Orucov 1997-ci ilin sonunda “Viləş”ə keçib. “Şəmkir”ə 1999-cu ildə dəvət olunub. Bu klubun 1 çempionluğunda iştirakçı olub. 2001-ci ildə yenidən “Viləş”ə qayıdan Mübariz 2 illik fasilədən sonra bir daha “şəmkirli” olub. Karyerasını 2008-ci ildə “Karvan”da bitirib. Buna kimi isə 2003-06-cı illər aralığında Ağdam təmsilçisinin şərəfini qoruyub. Statistikaya gəlincə, yarımmüdafiəçi üçün rəqəmlər kifayət qədər normal hesab edilə bilər – 311 oyun, 26 qol. Sumqayıtda yaşayır, “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədovun köməkçisidir.
Mahir Əliyev haqqında “Qarabağ”ın çempionluğundan bəhs edən yazımda məlumat vermişdim. Həmin yazıda getməyən bəzi faktları diqqətinizə çatdırıram. Uzun müddət “Qarabağ”ın şərəfini qorumuş Əliyev “Şəmkir”ə kimi “Bakı fəhləsi” və “ANS Pivani”də də çıxış edib. “Şəmkir”də cəmi 1 mövsüm oynayıb. Karyerasını 2000/01-ci il mövsümündən sonra bitirib. Həmin mövsümü “Xəzər Universiteti”ndə başlayan Mahirin son klubu “Ümid” olub. 10 mövsümdə 212 oyunda forma geyinib, 65 qol vurub. Daha sonra məşqçiliyə başlayıb. Bir müddət “Gənclərbirliyi”nin,“Neftçi”nin əvəzedicilərinin baş məşqçisi olduqdan sonra “İnter”də uşaq futbolunda çalışıb. Hazırda AFFA-da elit məşqçidir.
Mahmud Qurbanov – bu futbolçu olan yerdə demək olar ki, həmişə çempionluq var idi. Mahmud haqqında çox yazmayacam. Onu hamımız tanıyırıq. Təkcə statistika ilə kifayətlənmək istəyirəm – 421 oyun, 61 qol. 11 çempionluq və sayını itirdiyim kuboklar da öz yerində. Əgər 2001/02-ci il mövsümü yarımçıq qalmasaydı, Mahmudun qızıl medallarının sayı 12 olacaqdı. Gəncəli istedad Bakıda yaşayır, Berti Foqtsun köməkçisidir. İndən belə çətin ki, kimsə Mahmudun rekordunu qırsın. Rekord bir yana, indiki zamanda yığmanın Mahmud kimi futbolçuya ehtiyacı böyükdür...
Mətləb Məmmədov peşəkar karyerasına “Şəmkir”də və məhz “qızıl mövsüm”də başlayıb. 3 il bu komandada çıxış etdikdən sonra müxtəlif vaxtlarda “Kəpəz”, “Karvan”, “Qəbələ”nin şərəfini qoruyub. Hazırda “”Mil-Muğan”ın baş məşqçisi olan gəncəli karyerası ərzində 147 oyunda meydanda olub, 13 qol vurub.

Komandanın əsas heyət üzvlərindən olan Nizami Ocaqverdiyev haqqında da əvvəlki yazılarımda məlumat vermişdim. Bu dəfə qısa xatırlatma verəcəm – tovuzlu Nizami milli çempionatlarda çıxış etdiyi 12 mövsümün yarısını “Turan”da, yarısını isə “Şəmkir”də keçirib. Bu klublarla 3 dəfə çempion olub, 2 dəfə gümüş, bu qədər də bürünc medala layiq görülüb. Meydana çıxdığı 218 oyunda 8 dəfə fərqlənib. Tovuzda yaşayır, “Turan-T”nin baş məşqçisidir.
Nizamidən fərqli olaraq Ruslan Sadıqov əsas heyət oyunçusu olmayıb. “Şəmkir”də çıxış etdiyi bir mövsümdə cəmi 10 oyunda meydana çıxıb. Bu da Ruslanın gənc olmasından irəli gəlirdi. Əslən gəncəli olan Ruslan karyerasına 1995-ci ildə “Kəpəz”də başlayıb. Daha sonra U-18, “Dinamo”nun şərəfini qoruyan futbolçu futbol həyatının əksər hissəsini Gəncədə keçirib. Futbolla 2008-ci ildə Bərdənin ABN-ində vidalaşıb. “Dinamo” ilə gümüş, “Şəmkir” və “Kəpəz”lə qızıl medallara layiq görülüb. Harada yaşadığı, nə işlə məşğul olduğu barədə məlumat tapa bilmədim.
Həmin mövsüm komandada daha bir futbolçu çıxış edib – Mehman İbrahimov. Əslən Neftçaladan olan Mehman milli çempionatlarda ilk dəfə 1994/95-ci ildə doğma rayonunun “Pambıqçı” komandasında görünüb. “Şəmkir”ə 1998-ci ildə keçib. Əsas heyət üzvü olub. Çempionluq ilində 28 oyunda 4 qol vurub. “Şəmkir”dən sonra “Viləş”də çıxış edən futbolçu karyerasını 2002-ci ildə “Turan”da bitirib. Karyerası ərzində 143 oyunda 46 dəfə fərqlənib. Neftçalada yaşayır, məşqçiliklə məşğuldur.

Və nəhayət, sonuncu futbolçu Viktor Kulikov haqqında. Badri ilə hücumda əla tandem təşkil edən Viktor ilk dəfə 1997/98-ci il mövsümündə görünüb. 3 il “Bakılı”nın şərəfini qoruyan hücumçu 1999/2000-ci il mövsümündə “Şəmkir”dən dəvət alıb. 2004-cü ilə kimi Şəmkirdə oynayıb. Ukraynalının “Bakılı”dan əvvəlki və “Şəmkir”dən sonrakı klubları haqda hər hansı bilgi əldə edə bilməsəm də, milli çempionatlar tarixində keçirdiyi oyunların və qolların sayını deyə bilərəm – 111 oyun, 36 qol. Yeri gəlmişkən, ilk çempionluqda Viktor 12 qol vurmuşdu. Badri isə 16 qolla birinciliyin bombardiri adına sahib çıxmışdı. Bakıda yaşayır, tikinti sahəsində çalışır. Sənəti də elektrikdir. Viktorun futbolu buraxdıqdan sonra vətəninə getməyib ölkəmizdə qalmasının maraqlı səbəbi var. Azərbaycanda olduğu müddətdə aliment borcu yığılıb. Bu pulu ödəyə bilməyən Viktor Ukraynaya dönəcəyi təqdirdə həbs olunacaq. Salamatı burada qalmaqdır.

Növbə çatdı çempionluqda futbolçulardan heç də az zəhməti olmayan texniki heyət və rəhbərliyə. Bezdirici olmasın deyə, onların əksəriyyəti haqqında yığcam məlumatla kifayətlənəcəm. Komandanın baş məşqçisi Ağasəlim Mircavadov idi. Ağasəlim müəllim haqqında ətraflı yazmağa ehtiyac yoxdu. Üzdə olan mütəxəssisdir, “əməkdar məşqçi”dir. Bir neçə ildir ki işsiz olan Mircavadov Bakıda yaşayır. Onun köməkçisi olan Zakir Mahmudov da bekardır. Son iş yeri Sumqayıt Futbol Akademiyasında olub. Sumqayıtda yaşayır. Komandanın həkimi Rəhim Məhərrəmov isə işsiz deyil. “Qəbələ”də futbolçuların sağlamlığına nəzarət edir. “Şəmkir”də Məhərrəmovun köməkçisi olmuş və soyadlarını dəqiqləşdirə bilmədiyim Nicatla klubun adminstratoru Novruz şəmkirlidirlər və hazırda Şəmkirdə yaşayırlar. Yəqin ki, hərəsi bir işlə ailəsini dolandırır. Texniki heyət haqqında toplaya bildiklərim bu qədər. Klubun prezidenti yazının əvvəlində də qeyd etdiyim kimi Şahbaz Süleymanov olub. Şahbaz müəllim ötən il iyulun əvvəllərində dünyasını dəyişib. Onun barəsində geniş məlumat verməyəcəm. Çünki haqqında fərqli bir yazı hazırlayıram. Sağlıq olsun, növbəti nömrələrimizdən birində oxuculara təqdim edəcəm.

2000/01-ci il mövsümü
Həmin il komandada xeyli dəyişikliklər baş vermişdi, komanda daha da güclənmişdi. İlk çempionlardan Aleksandr Musatkin, Arif Məmmədov, Mahir Əliyev, Nəsimi Dadaşov və Ruslan Sadıqov “Şəmkir”dən ayrılmış, Aslan Kərimov, Aqil Məmmədov, Etibar Tanrıverdiyev, Hüseyn Məhəmmədov, Xaqani Məmmədov, İmamyar Süleymanov, Mirbağır İsayev, Tural Hüseynov, Vüsal Hüseynov və Azərbaycan futbolunun “qaymaq”larından biri Vidadi Rzayev komandaya dəvət olunmuşdular. Onların əksəriyyəti haqqında ötən yazılarımda məlumat vermişdim. Həmin “əksəriyyət” də daxil olmaqla hamısı barəsində statistik məlumatlar aşağıdakı kimidir:

 
Vidadi Rzayev
Çıxış etdiyi klublar: “Turan”, “Neftçi”, “Kəpəz”, “Şəmkir” “Qarabağ”, “Olimpik”.
Karyerasını bitirib: “Olimpik” – 2007-ci il.
Statistika: 291 oyun, 66 qol.
Nailiyyətləri: 7 qızıl, 3 gümüş, 3 bürünc, 3 kubok.
Yığmadakı çıxışı: 35 oyun, 5 qol.
Göygöldə yaşayır, “Kəpəz”in baş məşqçisidir.

 
 
Aslan Kərimov
Çıxış etdiyi klublar: “Azəri”, “Qarabağ”, “Şəmkir” “Neftçi”, “Kəpəz”, “ANS Pivani”.
Karyerasını bitirib: “Qarabağ” – 2011-ci il.
Statistika: 383 oyun, 16 qol.
Nailiyyətləri: 3 qızıl, 2 gümüş, 2 bürünc, 3 kubok.
Yığmadakı çıxışı: 80 oyun, 1 qol.
Bakıda yaşayır, yığmanın baş  məşqçisi Berti Foqtsun köməkçisidir.

 
Hüseyn Məhəmmədov
Çıxış etdiyi klublar: “Turan”, “Kəpəz”, “Şəmkir”, “Neftçi”, “Karvan”, “Standard”.
Karyerasını bitirib: “Araz Naxçıvan” (1-ci dəstə) – 2013-cü il.
Statistika: 226 oyun, –156 qol.
Nailiyyətləri: 7 qızıl, 3 gümüş, 3 bürünc, 4 kubok
Yığmadakı çıxışı: qeyri-rəsmi oyunlar da daxil olmaqla 48 oyun, –12 qol.
Bakıda yaşayır, bildiklərini “Neftçi”nin aşağı yaş qrupundakı qapıçılara öyrədir.

 
Aqil Məmmədov
Çıxış etdiyi klublar: “Xəzər” (Sumqayıt), “Turan”, “Kür-Nur”, “Sumqayıt”, “Şəmkir”, “Kimyaçı”, “Neftçi”, “Qarabağ”, “Standard”, “Sumqayıt Şəhər”.
Karyerasını bitirib: “Sumqayıt Şəhər” – 2012-ci il.
Statistika: 362 oyun, 44 qol.
Nailiyyətləri: 2 qızıl, 4 gümüş, 2 bürünc, 1 kubok
Yığmadakı çıxışı: 6 oyun.
Sumqayıtda yaşayır, “Sumqayıt”ın baş məşqçisidir.

 
Etibar Tanrıverdiyev
Çıxış etdiyi klublar: “Turan” “Nicat”, “Bakı fəhləsi”, OİK, Fərid, “Neftçi”, “Bakılı”, “Dinamo”, “Şəmkir”, “Qarabağ-Azərsun”, “Karat”, “MTK-Araz”.
Karyerasını bitirib: “MTK-Araz” – 2007-cü il.
Statistika: 133 oyun, –137 qol.
Nailiyyətləri: 1 qızıl, 2 bürünc
Yığmadakı çıxışı: oynamayıb.
Sumqayıtda yaşayır, U-15-də qapıçılarla işləyən məşqçidir.

 
Xaqani Məmmədov
Çıxış etdiyi klublar: “Şirvan” (Kürdəmir), “Neftçi”, “Sumqayıt”, OİK, “ANS-Pivani”, “Şəmkir”, “Xəzər-Lənkəran”, “Olimpik”, “İnter”, “Karvan”.
Karyerasını bitirib: “Xəzər-Lənkəran” – 2011-ci il.
Statistika: 276 oyun, 103 qol.
Nailiyyətləri: 2 qızıl, 3 gümüş, 2 bürünc, 2 kubok.
Yığmadakı çıxışı: 20 oyun, 1 qol.
“Qəbələ”nin Futbol Akademiyasında məşqçidir.

 
İmamyar Süleymanov
Çıxış etdiyi klublar: “Kəpəz”, “Xəzri”, “Şəmkir”, “Araz-Naxçıvan”, “Turan”.
Karyerasını bitirib: “Kəpəz” – 2004-cü il.
Statistika: 211 oyun, 84 qol.
Nailiyyətləri: 5 qızıl, 1 gümüş, 2 bürünc, 3 kubok.
Yığmadakı çıxışı: oynamayıb.
Moskvada yaşayır, ticarətlə məşğuldur

 
Mirbağır İsayev
Çıxış etdiyi klublar: “Tərəqqi”, “Neftçi”, OİK, “Qarabağ”, “ANS-Pivani”, “Şəmkir”
Karyerasını bitirib: “Şəmkir” – 2001-ci il.
Statistika: 150 oyun, 17 qol.
Nailiyyətləri: 1 qızıl, 1 gümüş, 1 bürünc, 1 kubok.
Yığmadakı çıxışı: 11 oyun, 1 qol.
Bakıda  yaşayır, U-17-nin baş məşqçisidir.

 
Vüsal Hüseynov
Çıxış etdiyi klublar: “Şəmkir”, “Xəzər-Lənkəran”, “Olimpik”, “Standart”, “Masallı”, “Qəbələ”, “Turan”, “Muğan”
Karyerasını bitirib: “Muğan” – 2011-ci il.
Statistika: 133 oyun, 12 qol.
Nailiyyətləri: 1 gümüş
Yığmadakı çıxışı: 6 oyun.
Eşitdiyimə görə, Rusiyada ticarətlə məşğuldur.

Qeyd: Vüsal “Şəmkir”də keçirdiyi 2 mövsümün hər birində cəmi 1 oyunda meydanda olduğu üçün ona qızıl medal düşməyib.
Həmin mövsüm “Şəmkir”in heyətində cəmi 2 oyunda forma geyən və 1 qol buraxan qapıçı Tural Hacıyev də çempion adını qazanmayıb. Növbəti 2 mövsümü “Ədliyyə”nin heyətində çıxış edən və milli çempionatlarda 20 oyunda “görünən” (-35 qol) Tural karyerasını  2005-ci ildə bitirib. O vaxtdan ondan bir xəbər yoxdur.

“Şəmkir”in çempion heyəti haqqında toplaya bildiklərim bu qədər. Əgər statistik məlumatlarda və ya hər hansı digər məqamlarda yanlışlığa yol vermişəmsə, türklər demiş kusura bakmayın. Sonda yazının ərsəyə gəlməsində göstərdikləri köməyə görə statistik Rasim Əliyevə və “Futbol+” qəzetinin əməkdaşı, əslən Şəmkirdən olan Rəşad Qasımova minnətdarlığımı bildirirəm.

İlqar TAĞIYEV (“Het-trik news” qəzeti)

P.S. Növbəti yazılar “Xəzər Lənkəran”, “Bakı” və “İnter”in ilk və yeganə çempionluqları haqqında olacaq.
 

Xəbər xətti