Bu dəfə "Bakı"nın ikinci çempionluğu haqda YAZI

00:18 - 26 Avqust 2014

Bir şəklin tarixçəsi (VII yazı)


Bu yazı “Bakı”nın 2008/09-cu il mövsümündə qazandığı 2-ci çempionluğu haqqındadır. Ötən sayımızda komandanın 2005/06-cı il mövsümündəki ilk zəfəri və həmin çempionluğun memarları haqqında geniş bəhs etmiş, çempion komandanın heyətində bir oyun belə keçirmiş futbolçuların karyeralarından və indi nə işlə məşğul olduqlarından xəbər vermiş, texniki heyəti də yada salmışdım. Keçən dəfəki yazıda adları çəkilmiş futbolçulardan Elvin Əliyev (20 oyun), Rafael Əmirbəyov (20 oyun), Ramazan Abbasov (9 oyun), Xalidu Sissoko (18 oyun, –9 qol) ilə yanaşı “Kəpəz” və “Şəmkir”lə qızıl medallara sahib çıxmış və 2-ci dövrədə “İnter”dən ayrılaraq komandaya qoşulmuş Mahmud Qurbanovdan geniş bəhs etdiyimdən bu dəfə onları “nahahat” etməyəcəm, ikinci çempionluqda payı olan digər futbolçular və texniki heyət haqqında danışacam.

Əvvəlcə “Bakı”nın ikinci çempionluğu haqqında.  14 komandanın mübarizə apardığı birincilikdə “Bakı” “İnter”i 1 xal qabaqlayaraq 62 xalla çempion olmuşdu. Komanda 26 oyunun 20-də qələbə qazanmış, 2-də 1 xalla kifayətlənmiş, 4-də isə məğlub olmuşdu. “Bakı” həmin mövsümün ən çox qol vuran (54 qol, “İnter”lə şərikli) və ən az qol buraxan (13) komandası olmuşdu. Maraqlıdır ki, komanda qalib gəldiyi 20 oyunun 17-də rəqiblərini “suxoy” udmuşdu. Çempionluq ilində komandanın heyətində meydana 27 futbolçu çıxmışdı ki, onların da 17-i əcnəbi idi. Tanışlığa özümüzünkülərdən başlayım.


Bəxtiyar Soltanov komandanın ən gənc futbolçularından idi. “Bakı”nın yetirməsi olan Bəxtiyar U-17-nin heyətində  2005-ci il oktyabrın 30-da “Avro-2006”nın seçmə mərhələsi çərçivəsində ermənilərlə oyunda 2 qol vurmuşdu. Həmin oyundan sonra komanda ilə Bakıya dönən futbolçunu qarşılamaq üçün klubun prezidenti Hafiz Məmmədov  hava limanına xüsusi avtomobil göndərmiş və futbolçuya qiymətli hədiyyə bağışlamışdı.
Böyükağa Hacıyevin vaxtında Bəxtiyar əsas komandaya düşə bilmirdi. Bu üzdən “Simurq”a keçmək imkanı vardı. Amma o, əyalətə yollanmamağa üstünlük verdi. Coko Haciyevski gələndən sonra əvəzedicilərin məşqçini izləyən zaman gənc futbolçunu əsas komandaya çağırdı və tədricən əsas heyətdə oynatmağa başladı. Belə oyunların birində, elə söhbət açdığım çempionluq mövsümünün 19-cu turunda Bəxtiyar “Bakılı” ilə oyunda “het-trik” etdi. Buna kimi isə hələ yanvar ayında digər “Bakı”lı Aqil Məmmədovla birgə  Belçikanın “Anderlext” klubunun təlim-məşqinə qatılmış, əvəzedicilərin heyətində “Serkl-Brügge”yə qarşı (5:1) matçın ikinci hissəsində oyuna qoşulmuşdu. Yeri gəlmişkən, bir ara onunla Türkiyənin “Gənclərbirliyi” və “Kasımpaşa” klubları yaxından maraqlanırdılar. Futbolçunun transfer qiyməti isə 750 min ABŞ dolları idi.

Bəxtiyarın ulduzu tez parladığı kimi tez də söndü.  2011-ci ildə “Qarabağ”a keçən futbolçu (26 oyun, 1 qol) daha sonra “Kəpəz” (11, 2) və “Simurq”da (3) görsəndi. Son mövsüm Premyer Liqada “Rəvan”ın heyətində cəmi 2 oyunda meydana çıxan Soltanov  “Araz-Naxçıvan”a keçdi. Yeni mövsümdən onu Naxçıvan təmsilçisinin heyətində tez-tez Premyer Liqada görəcəyik. Bəxtiyar millidə oynamağa imkan tapmayıb. Səbəbini bilirəm. Milli çempionatlardakı statistikaya gəlincə, 7 mövsümdə 92 oyunda meydana çıxıb, 13 qol vurub.
Komandanın digər gənc və istedadlı futbolçusu Cəmşid Məhərrəmov idi. Cəmşid əslən Ağdamdandır. Karyerasına  hərbi xidmətlə əlaqədar 2003-cü ildə MOİK-də başlayıb. Vətənə “borcu”nu ödədikdən sonra “Karvan”a keçib. “Bakı”ya 2007/08-ci il mövsümündə gəlib. Komandanın əsas heyət oyunçularından biri idi.  2012-ci ilin qışına kimi “Bakı”da olub və daha sonra yarım mövsümlük “Gəncə”yə keçib. Son klubu “Rəvan”idi.
Cəmşidi “Bakı”ya Böyükağa Hacıyev gətirmişdi. Onu dayaq yarımmüdafiəçisi mövqeyində, özü də gec-gec oynadırdı. Hacıyevski isə Məhərrəmovun cinahlarda sınadı və bəhrəsini gördü. İndiyə kimi 238 oyunda forma geyinən və cəmi 3 dəfə fərqlənən Cəmşid millidə də 5 oyunda çıxış edib.
Komandanın daha bir gənc futbolçusu Rəhman Hacıyev idi. Rəhman Tovuzda anadan olub. Çempionluq ilində son turda meydana çıxıb və həmin oyunla Azərbaycan futbolu tarixinə ən gənc ölkə çempionu kimi düşüb. “Muğan”la qarşılaşmada meydana çıxan Hacıyev həmin gün 15 yaş 9 aylığında idi. “Bakı”nın 4:0 qalib gəldiyi qarşılaşmada Rəhman oyunun 86-cı dəqiqəsində Uilyam Roşa Batistanın əvəzinə meydana çıxmışdı və topla ilk təmasında qol ötürməsi vermişdi. 15 yaşlı futbolçunun debütu o qədər inamlı alınmışdı ki, oyunu tribunadan izləyən AFFA prezidenti Rövnəq Abdullayev də gənc istedadın hərəkətlərini alqışlamışdı. Rəhman ötən mövsümün əvvəlinə kimi “Bakı”da çıxış edib. Daha sonra “Sumqayıt”a keçib (93 oyun, 5 qol). Hazırda Vaqif Cavadovla birlikdə Türkiyənin  “Qaziantep Böyükşehir Bələdiyyə”sinin şərəfini qoruyur. Yeri gəlmişkən, Hacıyev hələ 2010-cu ildə Türkiyənin 1-ci dəstəsində çıxış edə bilərdi. “Altay” ilə razılıq əldə olunsa da, sənədləşmədə problemlər ortaya çıxmışdı və legioner həyatı yaşamaq qisməti olmamışdı.
Amma Saşa Yunisoğlunun vətəndən xaricdə çıxış etmək barədə problemi yox idi. Saşa futbolçu karyerasına ötən əsrin son ilində “Xəzər Universiteti”ndə başlayıb. Daha sonra yerli klublardan “Bakılı”, “MKT-Araz”,  əcnəbi klublardan isə “Diskoboliya”nın (Polşa) şərəfini qoruyub. Saşa Polşada olduğu vaxt “Diskoboliya” “Poloniya” ilə birləşdi və komandanın adı “Poloniya” olub. Amma Saşa “Poloniya”nın heyətində bir oyuna belə çıxmayıb. Yunisoğlu “Bakı”ya 2008/09-cu il mövsümünün ikinci yarısında qoşulub (6 oyun). Paytaxt klubundan sonra “Qəbələ”də çıxış edən Saşa bir çox yerli klubların düşərgəsində olsa da, yalnız son mövsüm normal futbol oynaya bilib. Türkiyənin “Dənizlispor”unda çıxış edən Yunisoğlunun yeni ünvanı məlum deyil. Yunisoğlu millidə 27 dəfə forma geyinib, qol vurmayıb. Milli çempionatlar da isə 5 dəfə (118 oyun) fərqlənməyə imkan tapıb.
Rəhman Hacıyev kimi Səbuhi Həsənov da həmin mövsüm komandanın heyətində cəmi 1 oyunda meydana çıxıb. “Bakı”ya “Turan”dan gələn Həsənov nə həmin oyunda, nə də ümumiyyətlə, karyerası ərzində ciddi bir göstərici ilə yadda qala bilməyib. Futbola 2004-cü ildə “Ədliyyə”də başlayan Səbuhi “Muğan” (8 oyun) və “Simurq”da da (9 oyun) görünüb. 5 mövsüm ərzində cəmi 39 oyun onun karyerasının alınmamasından xəbər verir. Son mövsümü Ukraynanın aşağı dəstə komandalarından olan SKA “Zarya”da (Luqansk) çıxış edib. Amma müharibəyə görə Azərbaycana qayıtmaq məcburiyyətində qalıb. Bir müddət əvvəl AZAL-da baxışda olmuşdu. Hazırda “Neftçala”nın şərəfini qoruyur.
Nəhayət, yerlilərdən son futbolçu – həmişəgənc ağsaqqal Ramal Hüseynov barədə. Ramal karyerasına 1998-ci ildə Qusarın “Şahdağ” komandasında başlayıb. Daha sonra “Şəfa”da, MOİK-də, “Turan”da, “Qarabağ”da çıxış edib. “Bakı”ya 2007-ci ilin əvvəlində gəlib. Arada 3 oyunda “Neftçi”nin şərəfini qoruyub. Çempion olduqdan sonra yerli klublardan “Standard” və “Gəncə”nin də formasını geyinib. Milli çempionatlar tarixində 203 dəfə meydana çıxan futbolçu 8 qol vurub. Yığmanın 27 oyunda iştirak edən Hüseynov Türkiyə Superliqasında oynayan tək-tük futbolçularımızdandır. Söz düşmüşkən, Ramal Superliqada cəmi 1 oyunda çıxış edib və 1 qol vurub. Çıxış etdiyi komanda isə “Kocaelispor” idi. Hazırda “Araz-Naxçıvan”ın düşərgəsindədir.
Növbə çatdı əcnəbilərə. Onların arasında ən çox oyun keçirən futbolçulardan biri Amiran Muciri idi. Gürcü balası futbolçu karyerasına doğulduğu Batumi şəhərinin “Dinamo” klubunda başlayıb. Daha sonra İsrail, Bolqarıstan və Kiprdə legioner həyatı yaşayıb. Çıxış etdiyi ən samballı klub Sofiyanın ÇSKA-sı olub. “Bakı”ya 2007-ci ildə transfer olunub. Həmin vaxt 34 yaşı olmasına baxmayaraq, 4 il Azərbaycanda futbol oynayıb. Çempionluq ilində 22 oyunda meydana çıxıb, 11 qol vurub. 2009/10-cu il mövsümünün 2-ci yarısında “Standard”a keçib və bu onun son klubu olub. Azərbaycanda oynadığı 4 mövsümdə 70 oyunun iştirakçısı olub, 16 qol vurub. Amiran yaşlı olmasına baxmayaraq, sərgilədiyi futbolla çoxlarının zövqünü oxşamağı bacaran birisi idi. 2007/08-ci il mövsümünün qış fasiləsində “Bakı” “Antalyaspor”la yoxlama  oyunu keçirirmiş (0:0).  Oyundan sonra yerli jurnalislər qarşılaşmanın ən yaxşısı olan Muciriylə yaxından maraqlanıblar. Hətta bu futbolçunun “Qalatasaray” və “Fənərbaxça”da oynaya biləcəyini deyirmişlər.  Amma biləndə ki, vaxtilə Gürcüstan millisinin şərəfini qorumuş  Mucirinin 35 yaşı var... Heç müsahibə belə götürmək istəməyiblər. Hazırda nə işlə məşğul olmasından xəbərsizəm. Yəqin ki, Gürcüstanda nə iləsə başını qatır.
 

Amiranın həmyerlisi Georgi Demetradze “az aşın duzu” olmayıb.  Ölkəmizdə cəmi 1 mövsüm (10 oyun, 2 qol) çıxış edən bico futbola “Kaxeti”də başlayıb, “Bakı”ya kimi isə Tiflis və Kiyev “Dinamo”larının, habelə “Feyenoord”, “Alaniya”, “Real Sosyedad”, “Lokomotiv” (Moskva) və digər babat klubların şərəfini qoruyub.
Demetradze Rusiya, Gürcüstan və Ukrayna çempionatlarının bombardiri olsa da, Azərbaycanda əsl oyununu göstərə bilmədi. Bəlkə də bu, onun yaşının çoxluğu ilə əlaqədar idi. “Bakı”dan sonra Sxinvali “Spartak”ına keçib və karyerasını 2010-cu ilə elə bu klubda başa vurub. Daha dəqiq, məcbur edilib. Belə ki, 2010-cu il iyulun 8-də “oğru aləmi”ndə tanınmış ismlərdən olan Vato Kipiani ilə əlaqələrinə  və qanunsuz mərc oyunlarına bağlılığına görə həbs edilən Georgi 6 illik türmə həyatına məhkum edilib. 2012-ci ilin dekabrında amnistiyaya düşən Demetradze hazırda Kutaisi “Torpedo”sunun prezidentidir. Demetradze 1996-2007-ci illərdə ölkəsinin millisinin şərəfini qoruyub və 55 oyunda 12 qol vurub.
“Bakı”nın çempionluğunda daha bir gürcünün əməyi olub. Söhbət Demetradzenin adaşından gedir. Georgi Adamiya  Azərbaycanda ilk dəfə 2004/05-ci il mövsümündə “VİT-Corciya”dan “Neftçi”yə keçib. 4 ildən çox “flaqman”ın şərəfini qoruduqdan sonra 2008/09-cu il mövsümünün ikinci yarısında “Bakı”yla anlaşıb. Daha sonra “Qarabağ” və “İnter”in şərəfini qoruyan Adamiya 2013-cü ildə 12 illik Azərbaycan macərasından sonra ölkəsinə dönüb və “Zestafoni”nin uğuru üçün çalışıb. Adamiya yüksək texnikası və gözəl driblinqləri ilə azarkeşlərin yadında qalıb. Yeri gəlmişkən, bir ara yığmamızın heyətinə cəlb olunması gündəmə gəlmişdi. Lakin Gürcüstanın gənclərdən ibarət millisində oynadığından Azərbaycanın yığmasının formasını geyinmək ona qismət olmadı. Statistikaya gəlincə, milli çempionatlar tarixində 199 oyunda meydana çıxıb və 66 dəfə rəqibləri məyus edib.
Adamiyadan fərqli olaraq Fabio Luis Ramim yığmamızda oynayıb (16 oyun) və qollar da vurub (4). İlk oyunu Reykiyavikdə islandlara qarşı olub. Həmin matç 1:1 hesabı ilə başa çatmışdı və qolumuzu da məhz sözügedən futbolçu cərimə zərbəsindən vurmuşdu. Fabionun ölkəmizdə ilk klubu “MKT-Araz” olub. 2004-ci ildə Linense “Atletiko”sundan İmişliyə gələn sambaçı 2007-ci ilin yanvarında “Olimpik”ə keçib. “Bakı”ya Hacıyevskinin istəyi ilə transfer olunub və Azərbaycandakı karyerasının sonuna kimi “Bakı”lı olub. Aleksandr Starkovun gəlişindən sonra 2012-ci ilin yayında komandadan və ümumiyyətlə, Azərbaycandan ayrılıb. Ölkəmizdə 149 oyunun iştirakçısı olub, 27 dəfə fərqlənib. Məşğuliyyətinə gəlincə, vətənində menecerliklə məşğuldur.

Ölkəmizdə uzun müddət top qovanlardan biri də Əhməd Ticani idi. Onu da bir ara milliləşdirmək istəmişik. Alınmayıb. Yaxşı ki, alınmayıb. Əhməd nigeriyalıdır. Azərbaycana 2005-ci ildə gəlib və ilk klubu “Şahdağ-Samur” olub. Çempionluq mövsümündə “Bakı”ya keçib və yüksək dəstədə 2010-cü ilə kimi oynayıb. Daha sonra vətəninə qayıdan Ticani ötən mövsüm 1-ci dəstədə çıxış edən “Şuşa”nın şərəfini qoruyub. Bir müddət əvvəl “Şuşa”nın məşq prosesini izləyərkən, Ticani ilə rastlaşdım və karyerası haqqında ayaqüstü söhbət elədik. Nigeriyaya qayıtmaq fikrində idi. Deyəsən, artıq Azərbaycanda ona ehtiyac qalmayıb. Ölkəsindən isə dəvət var idi.

Ticani haqqında maraqlı bir əhvalatı xatırladım.  2007-ci il oktyabrın 20-də “Bakı” “Neftçi” ilə qarşılaşırdı. Həmin oyunda Ticaninin komandası “flaqman”ı 5:1 hesabı ilə məğlub etmişdi. Bu, “Neftçi”nin milli çempionatlar tarixində ən böyükhesablı məğlubiyyəti idi. Qolun 3-ü Ticani vurmuşdu. Qollardan söz düşmüşkən, Əhməd yüksək dəstədə 34 dəfə fərqlənib (100 oyun). Mətləbdən uzaqlaşmayım, həmin oyunla bağlı bir fotoşəkil var. Yaxın saylarımızda həmin şəklin tarixçəsindən bəhs edən “yüngülvari” bir yazı hazırlayacam. Fikrimcə, maraqlı olacaq.
Vadim Borets də Ticani kimi uzun müddət ölkəmizdə çıxış edib. Futbolçu karyerasına 1993-cü ildə Moldovanın  “Zimbru” komandasında başlayıb. Daha sonra “Şerif” və “Tiraspol”un şərəfini qoruyub. Azərbaycanda oynadığı ilk klub “Neftçi” olub. Bura icarə əsasənda çıxış etdiyi “Diskoboliya”dan (Polşa) gəlib. 2008-ci ilə kimi “Neftçi”də oynayan Vadimin növbəti dayanacağı “Bakı” olub. Paytaxt klubunda 2012-ci ilə kimi çıxış edib. Milli çempionatar tarixində 138 oyunda (8 qol) meydana çıxan moldovalı ölkəsinin yığmasında da az oyun keçirməyib – 40 matç, 1 qol. Özü də həmin qolu adlı-sanlı Hollandiya yığmasının qapısından keçirib. 2013-cü ilin əvvəlində karyerasının bitirdiyini elan edib. Hazırda Moldovanın 16 yaşlı futbolçulardan ibarət millisinin baş məşqçisidir.
“Bakı”nın digər moldovalı legioneri Aleksey Savinov idi. Boretsdən fərqli olaraq Savinov Azərbaycanda yalnız “Bakı”nın şərəfini qoruyub. Aleksey “Bakı”ya kimi ölkəsinin və Ukraynanın bir neçə komandasının üzvü olub. Komandamıza 2008-ci ildə “Daçiya”dan transfer olunub. Azərbaycanda oynadığı 4 mövsümdə 58 oyunda forma geyib və cəmi 1 dəfə qol vurmağın dadını görüb. “Bakı”dan sonra ölkəsinə qayıdıb və “Kostulenı”nın şərəfini qoruyub. 2014-cü ildən “Veris”dədir. Yeri gəlmişkən, Aleksey hər iki klubda oynamaqla yanaşı, həm də məşqçi kimi fəaliyyət göstərir. Yəni, oynayan məşqçidir. Moldova millisinə gəlincə, 36 dəfə meydana çıxıb, qol vurmayıb.
Bolqar futbolçular  Stanislav Baçev və Aleksandr Tomaş (Tomovski)  Aleksey kimi ölkəmizdə yalnız “Bakı”nın şərəfini qoruyub. Amma bir qədər az –hər ikisi  2 mövsüm. “Bakı” Baçevin oynadığı yeganə əcnəbi klub olub. Buraya gələnə kimi ölkəsinin “Pirin”, “Liteks”, “Dubnitsa” klublarının futbolçusu olan Stanislav paytaxtımıza 2007-ci ildə təşrif buyurub. 2 mövsüm ərzində 22 oyunun iştirakçısı olub, 2 qol vurub. Daha sonra “Beroe”yə (Stara Zaqora) keçib və 2011-ci ildə futbolla vidalaşıb. Tomaş isə bir qədər zəngin karyeraya sahib olub.  “Bakı”ya kimi ölkəsinin ÇSKA, Yunanıstanın OFİ, Ukraynanın “Metallurq” (Zaparojye) və yenə də Bolqarıstanın “Çerno More”sində futbolçu həyatı yaşayıb. “Bakı”dan sonra “Beroe”yə, oradan isə “Etır”a keçib. 2012-ci ildə karyerasını bitirib. Milli çempionatımızda 23, Bolqarıstan millisində isə 6 oyunda forma geyinib. 14 illik karyerası ərzində cəmi 6 qol vurub.
Ancaq “Bakı”lı olan başqa bir futbolçu qapıçı Marko Şarliya idi. 2008-ci ildə transfer edilən xorvat 2012-ci ilin yayına kimi 84 oyunda komandanın qapısını qoruyub, 66 qol buraxıb. Hacıyevskinin vaxtında daha çox Sissokonun əvəzləyicisi kimi oynayan Marko Bülənt Qorxmazın vaxtında əsas qapıçı olub. Təəssüf ki, Şarliya haqqında ətraflı məlumat toplaya bilmədim. Tək bildiyim odur ki, hazırda Zaqreb “Lokomotiv”inin qapısını qoruyur.
 Komandanın əsas heyət oyunçularından biri də Ernad Skuliç idi. Ernadı 2007-ci ilin yayında Hacıyevskinin istəyi ilə Xorvatiyanın “İnter” klubundan gətirilmişdi. Xorvat  müdafiəçi mövsün ərzində keçirilən 26 oyunun yalnız birini tribunadan izləmişdi. Qalan 25 oyunda meydanda olan Skuliç “Bakı”da 4 mövsüm çıxış etdi (80 oyun, 6 qol). Daha sonra həmin “İnter”ə qayıdan futbolçu Zaqrebin “Luçko”, ötən il isə Kiprin “Açna” klubunda top qovub. İndi də adıçəkilən son klubun şərəfini qoruyur.
Haqqında bəhs edəcəyim son 4 futbolçu – serb Dejan Brankoviç (16 oyun), makedoniyalı Draqan Naçevski (19 oyun, 4 qol), Draqanın həmyerlisi Georgi Xrıstov (6 oyun) və braziliyalı Uilyam Roşa Batista (8 oyun, 4 qol) cəmi 1 mövsüm ölkəmizdə qonaq olublar. Birinci adını çəkdiyim Brankoviç 2007-ci ilin dekabrında “Bakı” ilə müqavilə imzalamışdı. 2007/08-ci il mövsümündə “Qəbələ” ilə kubok qarşılaşmasının cavab oyununda buraxdığı kobud səhvdən sonra Hacıyevski onun əsas heyətdəki yerini əlindən almışdı. Həmin oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatmışdı və penaltilər seriyasından sonra “Bakı” yarışdan kənar qalmışdı. Dejan futbolçu karyerası ilə öyünə bilməz. Adi komandalarda gün keçirən müdafiəçidaha çox həyat yoldaşı ilə fəxr edə bilər. Axı, onun nişanlısı “Miss Belqrad” idi. Nə isə... Haqqında bildiyim son informasiya Finlandiyanın JJK-sında oynamasıdır.
Draqan Naçevski “Bakı”dan əvvəl “Vardar”, “Matsari”, Yunanıstanın “Erqotelis”, “Kerkira” klublarında çıxış edib. Azərbaycandan sonra yenidən Yunanıstana qayıdıb və Allah bilir neçənci dəstə komandası olan “İlioupoli”də top qovub. Daha sonra Makedoniyanın “Metallurq”unda  (Skopye) 2 il futbol oynayıb. 2012-ci ildən bu günə kimi “Teteks”dədir. Draqan Makedoniya millisində də çıxış etməyə imkan tapıb və 14 dəfə milli formanı geyinib, 1 dəfə fərqlənib.

Bolqar Georgi Xrıstov çox səviyyəli futbolçu idi. Serbiya (“Partizan”), İngiltərə (“Barnsli”), Hollandiya (“Niymegen”, “Zvolle”, “Den Boş” ), Şotlandiya (“Danfermlayn”), İsrail (“Hapoel” Nazaret) və Yunanıstanda (“Niki Volos”, “Olimpiakos”) legioner həyatı yaşaması və uzun müddət Makedoniya millisinin şərəfini qoruması (48 oyun, 16 qol) bunu deməyə əsas verir. Amma Bakının suyu ona düşməyib. Bayaq da qeyd etdiyim kimi, burada cəmi 6 oyunun iştirakçısı olub. Xrıstov “Bakı”dan ayrıldıqdan sonra Dejan Brankoviçlə birgə JJK-ya keçib. Fin klubunun heyətində 9 oyunda meydana çıxıb, 1 qol vurub və 2010-cu ildə futbola “əlvida” deyib.

Uilyam Roşa Batista “Bakı”ya Ukraynanın “Xarkov”undan gəlmişdi. Buna kimi “Portuqeza” (Santista), “Union” (Barbarense), “Levski” (Bolqarıstan), “Spartak” (Pleven, Bolqarıstan), “Opava” (Çexiya) və “Karpatı” (Ukrayna) komandalarının heyətində yer almışdı. “Bakı” ilə çempion olduqdan sonra da elə “Karpatı”ya qayıtdı. Yeri gəlmişkən, bu klubla 2006-cı ildə Ukrayna birinciliyinin gümüş medalını qazanmışdı. 2011-ci ildə Ukraynanın digər klubu “Obolon”a yollanan Batista  haqqında toplaya bildiklərim bu qədər.
Bir az da komandanın çempionluğunda futbolçulardan heç də az əməyi olmayan texniki heyət və məşqçilər korpusu barədə. Rəhbərlik haqqında 3 nəfəri çıxmaq şərtilə heç nə yazmayacam. Çünki, hamısı barədə bundan əvvəlki çempionluğa həsr olunmuş yazıda məlumat vermişdim. Həmin 3 nəfər isə ilk çempionluqda yox idilər və sadəcə adlarını xatırladacam. Tunc Afşar klubun vitse-prezidenti, Akif Özakyol isə koordinatoru idi. Hər ikisi klubdan ayrılıblar. Nəriman Mehdiyev isə marketinq şöbəsinin müdiri idi. Hə, bir də mətbuat xidmətinin rəhbərliyində də dəyişiklik olmuşdu. İbrahim Cəfərovu Ruslan Əlişzadə əvəzləmişdi.

Amma baş məşqçi Coko Hacıyevski haqqında geniş danışmağa dəyər. Haciyesvki 1955-ci il martın 31-də keçmiş Yuqoslaviyada, Bitola qəsəbəsində anadan olub. Futbolçu karyerası ərzində “Teteks” və “Pelister”də çıxış edib. Məşqçi karyerasına 1988-ci ildə vətəni Makedoniyada –  “Pelister”də başlayıb. 1991-1993-cü illərdə “Vardar”ı çalışdırdıqdan sonra Bolqarıstana üz tutub və Sofiyanın ÇSKA klubu ilə anlaşıb. Bir mövsüm bu klubda işlədikdən sonra vətəninə dönərək, yenidən “Vardar”ın başına keçib. 1995-1996 mövsümünü Serbiyanın “Voyvodina” klubuna, 1996-cı ildə Makedoniya millisinə baş məşqçisi təyin olunub. Hacievski 1998-ci ildə Dünya Çempionatının seçmə mərhələsində  Makedoniya milli futbol komandasına qrupda 13 xal qazandırıb və komanda 4-cü yerdə qərarlaşıb.

2000-ci ildə Yaponiyayanın “Yubilo İvata” klubu ilə anlaşıb. Bu klubda işləyərkən onun komandasına Yaponiya Superkuboku uğrunda oyunda məşhur braziliyalı Zikonun çalışdırdığı “Kaşima Antlers”i 3:2 hesabı ilə məğlub etmişdi. Daha sonra müxtəlif vaxtlarda “Vardar”, Yunanıstanın “Kastoriaya” və “Doksa Drama”komandalarına cavabdeh olub. “Bakı”ya 2007-ci ildə Bolqarıstanın “Vihren”indən gəlib.  

2007-ci ildə bir müddət Azərbaycan milli futbol komandası başçılıq edib. Azərbaycan yığması onun rəhbərliyi altında iki rəsmi, bir yoldaşlıq oyununa çıxıb. “Bakı”dan ayrıldıqdan sonra – 2009-cu ilin sonları və 2010-un əvvələrində Cənubi Kiprin “Atromitos” klubunda çalışıb. 2010-cu ildə yenidən Azərbaycana qayıdıb və bu dəfə “Simurq”un sükanı arxasına keçib. 2011-ci ildə Zaqatala klubundan ayrıldıqdan sonra Səudiyyət Ərəbistanının “Nayran” və “Əl-Taavon” klublarında işləyib. Hazırda həmin ölkənin “Əl-Hədisiyah”ındadır.

 Məşqçi karyerası ərzində Azərbaycandan başqa 5 dəfə də Makedoniya çempionu olub, müxtəlif komandalarla bir neçə mükafatlar və kuboklar qazanıb.
Coko haqqında bir maraqlı faktı da qeyd edim. Məhz onun rəhbərliyi altında Azərbaycanı təmsil edən klub ilk dəfə Avrokubokların “pley-off”una vəsiqə qazanıb. Bu 2009/10-cu il mövsümündə Çempionlar Liqasında “Levski” ilə oyundan sonra olmuşdu. Təəssüf ki, Avroliqanın “pley-off”unda “Bakı” “Bazel” səddində ilişmişdi. Yeri gəlmişkən, Avroliqanın həmin mərhələsində digər təmsilçimiz “Qarabağ” da iştirak edirdi. Amma “Bakı”nın “pley-off”da çıxış edəcəyi bir neçə gün əvvəl məlum olmuşdu və bu üzdən ilkə imza atmışdı.

Hacıyevskinin “Bakı”dakı köməkçiləri Çudomir Çakarov və Muarem Zekir idilər. Çakarov bolqardır. Bülent Korkmazın gəlişindən sonra “Bakı”dakı iş yerini itirmişdi və “Vihren”ə işə düzəlmişdi. 2010-cu ildə yenidən Azərbaycana qayıdan Cakarov “Qarabağ”ın məşqçilər korpusunda yer alıb.
Muarem Zekir də makedoniyalıdır. Komandanın qapıçılarla işləyən məşqçisi idi. Haciyevskinin dönəmində “Bakı”ya gələn Bülənt Qorxmazın vaxtında əvəzedici heyətə göndərilmişdi. Bojidar Bandoviçin baş məşqçi postuna təyinat almasından sonra yenidən əsas komandaya qəbul edilmişdi. 2012-ci ildə onun yerini sabiq tələbəsi Xalidu Sissoko ələ keçirib.
İlqar TAĞIYEV
“Het-trik news” qəzeti

Xəbər xətti