Klub prezidentlərimiz üçün Sergey Qaliski nümunəsi: Jurnalistlərlə futbol haqqında danışmaqdan yorulmayan milyarder YAZI

12:37 - 1 Sentyabr 2014

Müzakirədən çəkinmək lazım deyil, müzakirə alternativ fikirlər deməkdir

 

“Krasnodar” son illər Rusiya futbolunda inkişaf strategiyasına görə digərlərindən açıq-aşkar fərqlənir. Klub bir neçə il ərzində Rusiyada ən yaxşılardan sayılan futbol akademiyası yaratdı. Komanda ötən mövsümün yekunlarına görə Avroliqaya vəsiqə qazandı, bir neçə gün əvvəl isə “Real Sosyedad”ı darmadağın etməklə qrup mərhələsinə adladı.  

 

Qısa zamanda keçilən yolun əsas memarı Sergey Qaliskidir. O, Rusiyada “Maqnit” dükanlar şəbəkəsinin sahibidir. Məşhur “Forbes” jurnalının məlumatına görə, Qaliskinin varidatı 10,3 milyard dollardır. Ancaq düşünməyin ki, o, futbola böyük pullar yatırır. “Krasnodar”ın illik büdcəsi 65 milyon dollardır. Müqayisə üçün deyim ki, “Zenit”in büdcəsi 300, “Lokomotiv”in 210, ÇSKA, “Spartak” və “Dinamo”nun büdcəsi isə 150 milyon dollardan yuxarıdır. Lakin Qaliskinin futbol baxışları digərlərindən çox fərqlənir. Fəal “twitter” istifadəçisi olan bu adamın fikirlərini və müsahibələrini oxuyarkən də nə qədər futbola yaxın adam olduğunu görmək mümkündür. Qaliskinin ən böyük özəlliyi də mütəmadi olaraq jurnalistlərlə ünsiyyətdə olması, “twitter”də yazışması və dialoqdan qaçmamasıdır. Onun bu haqda fikirləri də çox maraqlıdır:

 

Jurnalistlərlə ünsiyyətdə olmaq istəməyən klub rəhbərlərini heç anlamıram. Müasir dönəmdə jurnalistlərin cəmiyyətdə rolu çox böyükdür. Onlar ictimai fikri formalaşdıran insanlardır. Məşğul adam olmağıma baxmayaraq, demək olar ki, hər gün jurnalistlərlə ünsiyyətdə olmağa çalışıram. Demək olar ki, , “twitter”də futbolumuz haqqında gedən bütün müzakirələrdə varam. Vaxtım olsaydı, hər gün böyük məmnuniyyətlə 5-6 saat jurnalistlərlə futbol haqqında müzakirələr aparardım”.

 

Bəli, bu fikrin daşıyıcısı Rusiyanın ən varlı insanlarından biri Sergey Qaliskidir. Təəssüf ki, bizim klub rəhbərlərinin futbola yanaşması hələ bu qədər təkmilləşməyib.  

 

Aparıcı klubların prezidentləri arasında mətbuata daha yaxın Sadıq Sadıqov və Hafiz Məmmədov sayıla bilər.

 

İddialı klub prezidentləri arasında futbolumuzda baş verənləri ən yaxından izləyən şəxs “Neftçi”nin prezidenti Sadıq Sadıqovdur. O, mətbuat işçiləri ilə həmişə ünsiyyət saxlayıb. Sadıqov qəzetləri, saytları, televiziyadakı futbol verilişlərini mütəmadi izlədiyinə görə də digərlərindən fərqlənir. Futbolun içində olan adamdır. Lakin Sadıq bəy həm də bir qədər əhval-ruhiyyə adamıdır. Ona görə də, onun jurnalistlərlə münasibəti ideal səviyyədə deyil! 

 

Hafiz Məmmədov da hər zaman jurnalistlərlə dialoq aparmaqda maraqlı görünüb və şəxsən mən özüm də bir neçə dəfə onunla futbol haqqında söhbət etmişəm. Deyərdim ki, Hafiz Məmmədovun dünya futbolunda gedən proseslərdən yetəri qədər məlumatı var. Ancaq o, futbola çox az vaxt ayırır. Buna görə də, onu futbolumuzun iniçində olan adam kimi hesaba almaq olmur.

 

 

“Qarabağ”ın sahiblərindən olan Tahir Gözəl ötən il jurnalistlərlə görüş keçirdi. Orada mətbuatın durumu ilə maraqlandı, futbolumuz haqqında müzakirələr apardı. Ancaq bunun davamı gəlmədi. Hətta müzakirə olunan bir çox məsələlərin həlli istiqamətində də heç nə etmədi. Tahir bəyin yanaşması pis deyildi, ancaq 2-3 ildənbir jurnalistlərlə bir araya gəlmək Qaliski üslubuna heç uyğun deyil!

 

Qalanları ilə bağlı vəziyyət isə daha qəlizdir. “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimovu ümumiyyətlə heç bir müzakirədə, brifinqdə görməmişəm. Mais bəyi sanki futbol ictimaiyyətindən təcrid ediblər.

 

“Qəbələ”nin sahibi Tale Heydərov ictimai adamdır. Ancaq futbolda onun varlığı ilə yoxluqu hiss olunmur. Məşğul adamdır deyə bilərdik. Ancaq Qaliskidən daha məşğul ola bilməz hər halda!

 

Söhbət yalnız futboldan getmir. Əgər cəmiyyət olaraq inkişaf etmək istəyiriksə, ilk növbədə təfəkkürümüz dəyişməlidir. Bizim problemlərimizin kökü düşüncəmizin, həyata baxış nöqtəmizin yanlış olmasındadır. Daha sadə, daha sərbəst olmalıyıq. Sıravi futbol adamından tutmuş, klub prezidentinə qədər hər birimiz axtarışda olmalıyıq. Müzakirədən çəkinmək lazım deyil, müzakirə alternativ fikirlər deməkdir. Klublarımızın az qala bərbad səviyyədə idarə oldunduğu dönəmdə klub prezdentlərinin bu sahə ilə daha çox maraqlanması, futbolu daha çox öyrənməsi gərəkir. Buna ən bariz numunə Qaliskidir. Biz yazdıq, nəticə çıxarıb-çıxarmamaq artıq hər kəsin özünə qalır.

 

Emin Abbasov

Xəbər xətti