Gürcü balası ilə əlifba dərsi
Badri Kvaratsxeliya – yaxın keçmişimizin ən istedadlı hücumçularından biri. 90-cı illərin sonralından Azərbaycana gələn Badri 10 ilə yaxın ölkəmizdə futbol oynayıb, “Kəpəz”lə 1, “Şəmkir”lə 2 dəfə çempion olub, kuboku qazanıb, yığmamızın şərəfini qoruyub. Milli çempionatlar tarixində 132 oyunda meydana çıxıb və 71 qol vurub. Bir sözlə, gürcü balası adını Azərbaycan futbolunun tarixinə yaza bilib.
Badri ilə Tovuzda məzuniyyətdə olarkən görüşdüm. Sadə insandır, ünsiyyətcildir, heç deməzsən keçmişdə tanınmış biri olub. Bizim bəzi veteran futbolçular kimi özünü dartmır. “Turan-T”yə yenicə baş məşqçi təyin olunmuş Kvaratsxeliyaya “əlifba dərsi” keçmək istəyimi bildirəndə məmnuniyyətlə razılaşdı. “Dərs”imiz 4 saata yaxın davam etdi. Bu müddət ərzində onunla rus dilini “yıxıb-sürüdük”. “Dərs” qurtaranda isə... Müsahibəyə görə Badriyə “yağlı 5” vermək olar.
Badri Kvaratsxeliya 1965-ci il fevralın 15-də Gürcüstanın Calencixa rayonunun Nakipu kəndində anadan olub. Futbola doğrulduğu rayonda başlayıb. İlk klubu da yerli “Skuri” olub. Daha sonra növbə ilə “Dinamo” (Tiflis), “Kaxeti”, “Metallurq”, “Akademiya” və “Merani”nin şərəfini qoruyub. 1997-ci ildə “Kəpəz”ə keçib. Bir il sonra isə Gəncəni Şəmkirə dəyişib. Futbolçu karyerasına 2005-ci ildə “Şəmkir”də son qoyub. Hazırda məşqçiliklə məşğuldur. Məşqçi kimi ilk iş yeri “Syoni” olub. Müxtəlif vaxtlarda “Standard”, “Spartak” (Sxinvali) və “Qəbələ”də çalışıb. Hazırda “Turan-T”nin baş məşqçisidir. Ailəlidir, 2 oğlu var.
Badri ilk dəfə futbol məşğələlərinə Calencixadakı İdman Məktəbində başlayıb. Sonradan “Skuri”yə dəvət edilib. “Skuri”nin əsas heyəti təlim-məşq toplanışlarında olanda bir neçə gənc və perspektivli futbolçu ilə birlikdə Badrini də özləri ilə aparırmışlar. Get-gedə məşqçilərin “gözlərinə girməyi” bacaran Badrinin “Skuri”dəki ilk oyunu xatirində deyil. Yadında qalan bunun 1982-ci ildə baş verdiyi və oyuna sonradan daxil olmasıdır. 17 yaşlı gənci birdən-birə əsas heyətə salmazdılar ki.
1990-cı ildən etibarən Gürcüstan özünün müstəqil futbol çempionatını keçirməyə başlayır. O vaxta kimi Badri heç hara getməmişdi, “Skuri”də idi. İlk müstəqil birinciliyin bombardiri olan hücumçu sərgilədiyi oyun sayəsində Gürcüstanın “1 nömrə”li komandası olan Tiflis “Dinamo”sundan təklif alır və dərhal da qəbul edir. Kim istəyərdi ki, “Dinamo” kimi komandada oynamasın? Lakin “Skuri” rəhbərliyi onu Tiflisə buraxmağa razı olmur. Təsəvvür edin ki, Badri yarım il “Dinamo”nun bazasında qalır, komanda ilə məşq edir, hətta maaş alır. Amma “Skuri”nin heyətində çıxış edir. Daha dəqiq, oyundan-oyuna onlara qoşulur. O da hər dəfə yox. Yol uzaq olduğundan, kefi istəyəndə Calencixaya gedir. Yarım ildən sonra mövsüm başa çatır və Kvaratsxeliya “Dinamo”nun forması ilə meydanlara çıxa bilir. “Dinamo”da cəmi 1 mövsüm çıxış edir və çempion olmaqla bərabər ölkə kubokunu da qazanır. Bu, onun karyerasında ilk ciddi uğur idi. Çempionat başa çatanda Avstriyanın “Austriya” komandasından dəvət alır. Lakin həmin vaxt Gürcüstanda müharibə getdiyindən Badri ölkənin ağır günündə vətəni tərk etməyi özümə sığışdırmır.
“Dinamo”dan sonra ona Telavinin “Kaxeti” komandasından dəvət gəlir. Şərtlər əla idi. “Kaxeti” futbolçuya avtomobil, ev və yaxşı maaş təklif edirdi. Keçid baş tutur. Gəl ki, orada Badrinin bəxti gətirmir. 1994-cü ildə hakimi vurduğuna görə futboldan birdəfəlik ayrı düşə bilərmiş. Hadisə belə baş verib. Deməli, kubok oyunu imiş. Hansı komanda ilə qarşılaşdıqları yadında deyil. “Kaxeti” səfərdə 1:2 məğlub olubmuş. Bir həftə sonra isə cavab qarşılaşması keçiriləcəkmiş. Buna kimi isə çempionat oyunu var imiş. Məhz həmin oyunda hakimin Badrini meydandan qovması futbolçunun başına bəla olub. Kubokun cavab oyununda oynaya bilməyəcəyindən əsəbiləşən Kvaratsxeliya matç başa çatan kimi hakimə yaxınlaşaraq etirazını bildirib və onu itələyib. Vurmaqdan söhbət gedə bilməzdi. Amma Nizam-İntizam Komitəsi Badrinin referini vurduğunu əsas gətirərək, onu futboldan birdəfəlik uzaqlaşdırıb. Sonradan Revaz Dzodzuaşvilinin sayəsində cəzası 1 ilə endirilib və müddət başa çatdıqdan sonra Dzodzuaşvilinin baş məşqçisi olduğu “Metallurq”a keçib. “Metallurq”da olarkən Nalçik “Spartak”ından yaxşı təklif var imiş. Badrinin ora keçməyinə klub rəhbərliyi imkan verməyib. Elə qiymət oxuyublar ki, həmin pula Rusiyanın yüksək dəstəsində oynayan 3-4 futbolçu almaq olarmış. Acıq eləyib komandadan ayrılmaq istəsə də, buraxmayıblar. Axı, müqaviləsi varmış: “Yenə də yarım il futbolsuz qaldım. Gürcüstanın daxili işlər naziri Şota Qorqodze ilə təsadüfi görüşüm problemi həll elədi. Nazirliyin futbol akademiyasında dost-tanışlarla futbol oynayırdıq. Məni görüb yanına çağırdı, niyə futbol oynamadığımı soruşdu. Vəziyyəti izah elədim. Razılığımı alandan sonra “Metallurq” rəhbərliyi ilə danışıb məni nazirliyin “Akademiya” komandasına gətirdi. Məqsədi aşağı dəstəyə düşmək təhlükəsi ilə üzləşən komandasına mənim sayəmdə kömək etmək idi. 3 ay “Akademiya”da oynadıqdan sonra mövsüm başa çatdı. Yeni birincilikdə isə artıq “Merani”yə keçdim. Güclü komandamız var idi. 4-cü yeri tutduq və İntertoto kubokuna vəsiqə qazandıq”.
“Merani” Badrinin vətənindəki son klub olub. 1997-ci ilin payızında “Kəpəz”ə gələn Kvaratsxeliya futbolçu karyerasına Azərbaycanda son qoyub. Ölkəmizdəki karyerası, maraqları, ailəsi... “Əlifba dərsi”ndən sonra yaxşı tanıdığınız Badrini lap yaxşı tanıyacaqsınız.
A - Ailə. Qərbi Gürcüstanda anadan olmuşam, uşaqlığım və futbolda ilk illərim Çalencixada keçib. Çalencixa kiçik bir qəsəbədir, Zuqdididən 23 km məsafədə, Abxaziya ilə sərhəddə yerləşir. Ailədə 3 uşaq olmuşuq - 2 qardaş və 1 bacı. Evin sonbeşiyiyəm. Atam Mamiya Kvaratsxeliya keçmiş futbolçu, anam isə evdar qadın olub. Böyük qardaşım Tamazi də gəncliyində futbolçu idi. Ağır zədədən sonra özünə başqa sənət seçdi. Yaxşı futbolçu olub. Amma atama çata bilməzdi. Doğrudur, atamın oyununu görməmişəm. Başqalarından eşitdiyimə görə, əla hücumçuydu. Yüksək texnikaya malik sürətli bir futbolçu. Mən balaca olanda bir dəfə yaşlı kişilər yığışıb futbol oynayırdılar. İlk dəfə atamın oyununu onda izləmişəm. Yaşı 40-ı keçmişdi, gəl ki, onun oyuna baxanda düşündüm - indi belə oynayırsa, görün cavanlığında nələr eləyib. Həmin oyunda “şvedka” (pəncənin çöl hissəsi - İ.T.) ilə qol vurdu. İndiki futbolçuların əksəriyyəti elə qol vurmağı ancaq arzulaya bilərlər. O vaxt ən böyük arzum atam kimi futbol oynamaq idi.
Qəsəbədə 3 səkkizillik, 1 onillik məktəb var idi. 3-cü sinifdə oxuyanda məktəblər arasında çempionat keçirilirdi. 10 yaşım var idi. Kiçik olmağıma baxmayaraq, məni məktəbin komandasına götürmüşdülər. Uşaqların hamısı məndən böyük idi, 8-ci sinif şagirdləriydilər. Həmin çempionatda bizim komanda çempion oldu. Bu, ilk qələbəmiydi. Məktəb evimizə yaxın olduğundan bütün günümüz orada keçirdi. Səhər dərsə, dərsdən sonra isə stadiona. Başqa məşğuliyyətim yox idi.
B- Badri. Mənası “bədirlənmiş ay”dır. Azərbaycanlılarda Bədri adı var. Bax, Badri Bədrinin sinonimidir. Bir sirr açacam - əslində mənim adım Badri deyil, Xviçadır. Doğrudur, pasportda Badri yazılıb. Amma Gürcüstanda hamı məni Xviça deyə çağırır. Bunun da maraqlı tarixçəsi var. Mən anadan olanda atam adımı Xviça qoymaq istəyib. Xviça tarixi addır. Gürcüstanın tarixindən xəbərdar olanlar Qoça və Xviça adlı iki qardaş haqqında məlumatsız deyillər. Hər ikisi qəhrəmanlıq simvolu kimi tanınır. SSRİ dövründə yeni doğulmuş uşaqlara belə adlar qoymaq çətin olduğundan atam məcbur olub Badri adını seçib.
C - Cəza. Bayaq qeyd etdim, hakimi itələdiyimə görə məni futboldan ömürlük “silmişdilər”. Futbol oynamaq istəmirdim, iyrənmişdim. Əfv olunmağımın, yenidən futbola qayıtmağımın səbəbkarı “Dinamo”dakı məşqçim Revaz Dzodzuaşvili oldu. Rustavinin “Metallurq” komandasına baş məşqçi təyin olunmuşdu. Mənə təklif etdi ki, bağışlanmağıma kömək edəcək. Amma bir şərtlə - gərək onun komandasında oynayım. Razılaşdım. Gürcüstan Futbol Federasiyası ilə uzun danışıqlar getdi. O vaxt federasiyasının prezidenti Nodar Axalkatsi idi. Qəbulunda oldum, səhvimi başa düşdüyümü və bağışlanmamı istədim. Qısası, hər şey yaxşı oldu, yenidən futbola qayıtdım.
Bir də “Şəmkir”də oynayarkən Çempionlar Liqasında “Barri Taun” ilə cavab oyununda meydandan qovulmağım yadımdan çıxmaz. O səddi keçməli idik. Birinci oyun Uelsdə idi və ilk hissədə xeyli qol epizodu qaçırdıq. İkinci hissədə isə boş yerə 2 top buraxdıq. Əsas heyətdə yox idim, sona 10-15 dəqiqə qalmış Ağasəlim müəllim məni meydana buraxdı. Heç nə edə bilmədik. Çox adam məni Bakıdakı qarşılaşmada aldığım qırmızı vərəqəyə görə qınadı. Amma günah məndə deyildi. Dizimin zədəsi tam sağalmamışdı və sarıqla meydana çıxmışdım. Rəqibin futbolçusu da zədəli olduğumu bilib dizimə təpik vurdu. “Beynim tüstüləndi”, geri dönüb onu itələdim. Nə onun məni, nə də mənim onu vurduğumu hakim görməmişdi. Yan xətt hakiminin sözü ilə meydandan qovuldum. Əslində həmin hərəkətə görə sarı vərəqə düşürdü. Hakim elə bil qanımıza susamışdı. Nə isə...
Ç - Çempion. Karyeram ərzində 4 dəfə çempion adını qazanmışam. İlk çempionluğum Tiflis “Dinamo”sunda olub. Qalan 3 “qızıl” Azərbaycanla bağlıdır. 1 dəfə “Kəpəz”lə, 2 dəfə isə “Şəmkir”lə çempion olmuşam. Hə, bir də məşqçi kimi də birinci olmaq qismətimə yazılıb. “Syoni”də Kaxaber Sxadadzenin köməkçisi işləyəndə Gürcüstan çempionu adını qazanmışdıq. Hamısı mənə əzizdir. Medalları bu günə kimi də saxlayıram.
D - Dost. Azərbaycanda dostlarım çoxdur. Ən yaxın olanı Ramiz Məmmədovdur. Onunla ailəvi dostuq. Ramizin evinə gedəndə elə bilirəm ki, qardaşımgildəyəm. Qoşqar Hacıyevlə də yaxın münasibətlərimiz var. Tez-tez ailəmlə onun qonağı olurdum. Allah rəhmət eləsin, bir neçə il əvvəl həyat yoldaşı vəfat etdi. Bizim üçün ağır itki idi. Dostlarım çoxdur. Hamısının adını çəkə bilmərəm. Birdən kimsə yaddan çıxar. Sonra inciyərlər.
E - Erməni. Doğulub böyüdüyüm rayonda ermənilər yox idi. Azərbaycanda olduğum müddətdə də təbii ki, erməni ilə ünsiyyətdə ola bilməzdim. Həyatımda hər hansı erməni ilə münasibətim olmayıb. Bu mövzu bir qədər siyasi xarakter daşıdığı üçün fikir bildirməsəm olar?
Ə - Əlifba. Təbii ki, məktəbdə ilk dərsim əlifba dərsi olub... Bizim hərflər sizinkilərdən xeyli fərqlənir. Həm görünüşünə, həm də tələffüzünə görə. Sizdə 32, bizdə isə 33 hərf var. Bundan başqa sizdə cümlə böyük hərflə başlayır. Gürcü əlifbasında isə böyük hərf yoxdur. Maraqlıdır, deyilmi? İlk baxışdan adama çətin gələ bilər, amma elə deyil. Bəlkə də doğmadır deyə, mənə asan görünür.
F - Final. Əsas final oyunun iştirakçısı olmaq yox, finalda qalib gəlməkdir. Karyeram ərzində 5 dəfə kubokun finalında iştirak eləmişəm. Bu, ilk dəfə 1993-cü ildə “Dinamo”da olarkən baş verib. Rəqibimiz Batuminin “Dinamo” komandası idi. 4:1 hesabı ilə qalib gəlmişdik. Doğrudur, qol vura bilməmişdim, amma əsas qələbə idi.
İkinci dəfə “Kəpəz”də olarkən finalda “Qarabağ” ilə oynayırdıq və 2:0 hesabı ilə qalib gəldik. “Dinamo”dan fərqli olaraq “Kəpəz”də finalda qol vurmuşdum. Təəssüf ki, “Şəmkir”lə kuboku qazanmaq qismət olmadı. 3 dəfə finala çıxdıq və hamısında da uduzduq. İkinsində “Neftçi” imkan vermədi. Onlarla hər iki oyunda meydanda olmuşam. Elə üçüncü finalda da kubok “Neftçi”yə verildi. Həmin finalda nəinki mən, bütün komanda meydana çıxmadı. Bizə texniki məğlubiyyət verildi. “Şəmkir”in ilk çempionluğu “qızıl oyun”dan sonra elan olunub. Həmin matçı da final adlandırmaq olar. Zədəyə görə meydanda olmasam da, uşaqlar məsələni mənsiz “həll eləmişdilər”. Yəqin ki bilirsiniz də, rəqib kim idi? Həmin “Neftçi”.
G - Gürcüstan. Azərbaycanı çox sevirəm. Bura mənim ikinci vətənimdir. Həyatımın 13 ilini Azərbaycanda yaşamışam. Ürəyimin bir hissəsini Azərbaycan zəbt edib. Övladlarım burada böyüyüblər, Azərbaycan dilini öyrəniblər. Evə gedəndə böyük oğlum məni görən kimi azərbaycan dilində soruşur - “necəsən”?. İndi desəm ki, Azərbaycanı Gürcüstandan çox sevirəm, yalan olar. Səmimi olmaq lazımdır. Gürcüstanda böyüyüb, boya-başa çatmışam. Atamın, yaxınlarımın qəbri oradadır. Qısası, Gürcüstan mənim vətənimdir və onu heç nəyə dəyişmərəm.
H - Hərbi xidmət. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmalı idim. Futbolçu olduğuma görə 4 il “otsroçka” verdilər. 1986-cı ildə əsgərliyə getdim. Podmoskovyedə, Balaşixada xidmət keçmişəm. O vaxt çoxları “stroybat”da xidmət etmək istəyirdilər. Deməyəcəm necə oldu, amma “stroybat”a düşdüm. Bizim hərbi hissədə gürcülər və azərbaycanlılar çox idi. Bir dəfə gürcülər təklif etdilər ki, rotalararası oyun keçirək. Qarşılaşmanı batalyon komandirinin müavini də izləyirdi. Neçə qol vurduğum yadımda deyil. Oyundan sonra yanına çağırıb futbolçu olub-olmadığımı soruşdu. Dedim ki, bəli, futbolçuyam. Mənə yerli komandalardan birində oynamağı təklif etdi. Nəsə, razılaşmadım. Hərbi xidmətdən sonra “Skuri”yə qayıtdım. O vaxt “Skuri” Gürcüstan birinciliyinin 1-ci dəstəsində çıxış edirdi və yaşı 24-ü keçmiş futbolçuları götürmürdülər. Bəxtimdən hələ 24 yaşım tamam olmamışdı və yenidən komandaya qoşuldum. Əgər həmin vaxt yaşım 24-ü keçmiş olsaydı, bəlkə də futbolla vidalaşacaqdım.
X - Xəyanət. Həyatımda pis işlə məşğul olmamışam ki, kimsə mənə xəyanət eləsin. Xəyanət insanlığa yaraşmayan hərəkətdir. Bu yaşıma kimi kiminsə mənə xəyanət etdiyini xatırlamıram. Elə özüm də, kiməsə xəyanət etməmişəm. İnanmırsınız?.
İ - İynə. Ən qorxduğum şey iynədir. “Şəmkir”də olarkən ağır zədə almışdım. Komandanın həkimi müalicə məqsədilə dizimə iynə vurmalı olurdu. Hər seansda 2-3 nəfər əl-qolumu güclə tuturdu (gülür).
J - “Jiquli”. İlk avtomobilim “Jiquli” olub. Rəhmətlik atam 1981-ci ildə almışdı. O zaman hər adamda avtomobil yox idi və “03”ü olanlara başqa cür münasibət var idi. Ondan sonra çox avtomobil dəyişmişəm. Ən sevdiyim marka “BMV”dir. İndi avtomobilim yoxdur, piyada gəzirəm.
K - “Kəpəz”. Gürcüstan çempionatında yeni mövsüm təzə başlamışdı. “Merani”də idim. Oyunların birindən sonra başqa matça baxmağa getmişdik. Birdə uşaqlar dedi ki, səni axtarırlar. Məni soruşan adamların heç birini tanımırdım. Sonradan bildim ki, “Kəpəz”in sponsoru Rza Məmmədovun yaxınlarıdır. Mənə hücumçu lazım olduğunu deyib, “Kəpəz”ə oynamağı təklif etdilər. Şərtlər cəlbedici idi. Yalnız birindən başqa. Müəyyən müddət komandada baxışda olmağımı istəyirdilər. Özümə güvənirdim və baxışa ehtiyac görmürdüm. Hər halda, xətirlərinə dəymədim, 3 günlük razılaşdım. Ertəsi gün Gəncəyə gəlib Rza müəllimlə görüşdüm. Müqavilənin detallarını müəyənləşdirdikdən sonra komandanın axşam məşqinə qatıldım. “Metallurq”də oynadığım vaxt bir dəfə Qazaxda “Göyəzən”lə yoldaşlıq oyunu keçirmişdik. Həmin oyunda bizə qarşı oynamış Qoşqar Hacıyev, “Ekoş” (Elxan Şahniyarov - İ.T.) və Hüseyn Məhəmmədov da “Kəpəz”də idilər. Məni çox isti qarşıladılar. Elə bil bütün futbolçularla çoxdan tanış idim. Məşqdən əvvəl “kvadrat” oynayırdıq. Demə, komandanın baş məşqçisi Mehman Allahverdiyev kənardan bizi izləyirmiş. Sonradan öyrəndim ki, heç məşq başlamamış Rza müəllimə xəbər göndərib ki, gürcünü komandaya götürmək lazımdır.
Gəlişim ilk günlər “Kəpəz”ə düşərli olmadı. Komanda ardıcıl 3 oyun heç-heçə elədi. Oyunum heç cür alınmırdı. Artıq bəziləri məndən narazı idilər. Yadımdadır, növbəti oyunu Gəncədə “Neftçi” ilə oynayırdıq. Matçdan əvvəl ailəmi Gəncəyə gətirmişdim və oyuna stadiondan baxırdılar. Onların olması mənə əlavə ruh yyüksəkliyi verdi. İlk qolumu vurdum. Ondan sonra oyunum alınmağa başladı. Həmin il çempion olduq, kuboku götürdük.
Q - Qol. Bütün qollar gözəldir. Bunu indi gənc futbolçulara deyirəm. Amma 2 qol var ki, onlar mənim üçün daha əzizdir. “Kəpəz”də olarkən, “Şəmkir”lə səfərdə oynayırdıq. Heç-heçə “Şəmkir”ə sərf edirdi. Matçda əlavə olunmuş dəqiqələr gedirdi, hesab isə 1:1 idi. Cərimə zərbəsi qazandıq. Uşaqlardan kimsə qapıya zərbə vurdu və top Mehman Yunusovun ayağına dəyərək mənə tərəf gəldi. Boş qapıya vurdum. Həmin qələbə sayəsində çempion olduq.
Bir il sonra isə eyni hadisə “Şəmkir”də olarkən “Kəpəz”lə oyunda baş verdi. Gəncəlilərdən bizdən 1 xal irəlidə idi və heç-heçə onlara sərf edirdi. Oyunun son dəqiqələrinə kimi 1:1 idi. Yenə də hakimin əlavə etdiyi dəqiqələrdə cərimə zərbəsi vurası olduq. Haradasa, qapıya 30 metr məsafə var idi. Qapıda Hüseyn Məhəmmədov dayanmışdı. Topu birbaşa “doqquzluğ”a göndərdim - 2:1. Maraqlıdır, “Kəpəz”in heyətində son dəqiqədə “Şəmkir”ə qol vurdum və “Kəpəz” çempion oldu. “Şəmkir”də də son dəqiqələrdə “Kəpəz”ə qol vurub qızıl medalları götürdük.
L - Lətifə. Lətifə danışmağı da, dinləməyi də xoşlayıram. Gürcülərlə bağlı lətifələr çoxdur. Danışında maraqlı olur. Bizim ləhcə lətifəyə əlavə rəng qatır. Birini danışacam, amma bilmirəm Azərbaycan dilinə tərcümə edəndə gülməli olacaq, ya ağlamalı? Deməli, gürcüdən soruşurlar:
- Ən xoşladığın quş hansıdır?
- Qartal?
- Nəyə görə qartal?
- Dimdiyi xoşuma gəlir.
M - Məşqçilik. 40 yaşıma kimi futbol oynamışam. Bir neçə il də oynaya bilərdim. 2005-ci ildə Gürcüstanda məşqçilər üçün seminarlar təşkil olunmuşdu. Həmin semianarlarda iştirak edib kateqoriya almaq istəyirdim. Aslan Aslanova fikrimi bildirəndə razı olmadı. Dedi ki, sən hələ oynaya bilərsən, bizə lazımsan. Gördüm ki, buraxmaq istəmir, heç kimə demədən Gürcüstana yollandım. Məşqçi olmağı çox istəyirdim. Seminarlarda iştirak elədim, kateqoriya aldım. O vaxt hamımızın yaxşı tanıdığı Kaxaber Sxadadze “Syoni”nin baş məşqçisi idi. Məni özünə köməkçi götürdü. Məşqçi kimi karyeram uğurlu alındı, “Syoni” ilə Gürcüstan çempionu olduq. Növbəti mövsüm Kaxa “Syoni”ni tərk elədi. Mən də məcbur olub oradan ayrıldım. “Syoni”də olarkən Çempionlar Liqasında “Bakı” ilə düşmüşdük. Fasilədə Kaxa ilə Böyükağa Hacıyev arasında söz davası oldu. Buna görə UEFA Kaxanı cəzalandırdı. Bakıdakı cavab oyununda komandanı meydana mən çıxarmışdım. Bilirdiniz? (gülür). Sizə maraqlı bir hadisəni danışım. Çoxları elə bilirlər ki, Azərbaycanda ilk dəfə məşqçi kimi “Standard”da işləmişəm. Amma elə deyil. İlk iş yerim “Qəbələ” olub. Ramiz Məmmədov “Qəbələ”yə baş məşqçi təyin olunanda məni özünə köməkçi götürdü. Bir aya yaxın onunla bir yerdə işlədim. Amma müqavilə bağlamamışdım. Elə oldu ki, oğlum bərk xəstələndi. Yarım ilə yaxın onun müalicəsi ilə məşğul oldum, bir neçə dəfə Moskvaya apardım. Ramiz müəllimi sağ olsun, problemləri həll edəndən sonra bir neçə dəfə geri qayıtmamı istədi. Amma, alınmadı.
“Standard”a gəlməyimin maraqlı tarixçəsi var. Qoşqar Hacıyev zəng elədi ki, belə bir komanda var və məşqçi kimi işləyə bilərəm. Razılaşdım və “Standard”a gəldim. Həmin vaxt komandanın baş məşqçisi yox idi və rəhbərlik baş məşqçi axtarırdı. Onlarla danışdım ki, mən bu vəzifənin öhdəsindən gələ bilərəm. Özümü bir məşqçi kimi sübut eləmək üçün əla fursət idi. Təklifimi qəbul etdilər və müqavilə bağladıq. Məşqçi kimi “Standard” Azərbaycanda ilk rəsmi klubum olub. Amma bunadək bayaq da qeyd elədim, qeyri-rəsmi “Qəbələ”də işləmişəm.
N - “Neftçi”. Bu komandanı hələ SSRİ dövründən tanıyırdım. Gürcüstan komandaları ilə çox qarşılaşıb. Yaxşı komanda idi, texnikalı futbolçuları varıydı. SSRİ dövründə olmasa da, Azərbaycanda olduğum vaxt “Neftçi”yə qarşı çox oynamışam. İlk qolumu da “Kəpəz”in heyətində onlara vurmuşam. “Kəpəz”lə çempion olduqdan sonra sponsor komandadan imtina etdi. “Neftçi”yə keçmək variantı var idi. Amma “Şəmkir”i seçdim. “Neftçi”dən imtina edib “Şəmkir”i seçməyim... Zaman seçimimdə doğru olduğumu göstərdi.
O - Oyun. Ən yaddaqalan oyunum Çempionlar Liqasında “Skonto” ilə cavab qarşılaşması olub. “Skonto”ya səfərdə 1:2 hesabı ilə məğlub olmuşduq. Bakıdakı qarşılaşmada isə son dəqiqələrdə hesab 1:1 idi. Qol vurdum və oyun əlavə vaxta getdi. Burada da 2 top vuraraq “Skonto”nu məğlub etdik. Həmin oyunda “het-trik” etmişdim. “Şəmkir” Çempionlar Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu olaraq tarixə düşdü. Doğrudan da yaddaqalan oyun idi.
Ö - Övlad. Böyük oğlum Mikanın 18 yaşı var. Futbolla məşğuldur. “Norçi-Dinamo”da oynayır. Mənim kimi hücumçudur. Məşqçisi deyir ki, ondan yaxşı futbolçu alına bilər. Amma bir qədər tənbəldir. Oğul atasına oxşayar (gülür). Kiçik oğlum isə “Dinamo”nun Futbol Akademiyasındadır. Məndən və böyük qardaşından fərqli olaraq, məsuliyyətlidir, tənbəllik eləmir. Adı bilirsiniz nədir? Xviça. Vaxtilə, mənə bu adı qoymaq istəyiblər. Qismət olmayıb. Mən də öz oğluma bu adı vermişəm. Xviça anadan olanda “Şəmkir”lə Aluştada toplanışda idik. Fevralın 12-də zəng elədilər ki, bəs, ikinci oğlun dünyaya gəlib. Həyat yoldaşımla məsləhətləşdikdən sonra uşağın adını Xviça qoyduq. Böyük oğlum onda balaca idi. Əl çəkmirdi ki, qardaşının adını “Papa” qoyaq. “Papa” gürcü dilində “ana” deməkdir. Birtəhər başa sala bildik ki, ay bala, uşağa “Ana” adı qoymaq olmaz. Allah Şahbaz müəllimə (Şahbaz Süleymanov - İ.T.) rəhmət eləsin. Həmin vaxt komanda ilə bir yerdə idi. Fevralın 15-də kollektivi yığıb mənə ad günü keçirtdi. Həm də Xviçanın anadan olmasını qeyd etdik.
P - Pasport. Azərbaycan pasportunu nəzərdə tutursan? Ancaq oyunlara gedəndə, sərhədi keçəndə məndə olurdu. Qalan vaxtlar AFFA-da qalırdı. 2009-cu ildə vaxtı qurtarıb. Ondan sonra lazım olmayıb. Bir də millidə futbol oynayası deyiləm ki.
R - Ruslan Abdullayev. “Kəpəz”də oynayanda 1-ci dövrəni lider kimi başa vurmuşduq. Son çempion “Neftçi” “Birlik Kuboku”nda iştirakdan imtina etdiyi üçün həmin turnirə çempionatın lideri kimi biz getməli olduq. Həmin ərəfədə rəhmətlik Ruslan Abdullayev komandaya məşqçi kimi gəlmişdi. Ona kimi isə rəhmətlik Rəşid Özbəyov Mehman müəllimə kömək edirdi. Komanda yarışa yaxşı hazırlaşmaq üçün təlim-məşq toplanışı keçirdi. Ruslan müəllim məni o qədər işlətmişdi ki... Deyirdi ki, “davay qruzin, qaç. Səni əsl futbolçu edəcəm. Qol vurmağı bacarırsan, amma tənbəlsən”. Doğrudan da meydanda çox qaçmağı xoşlamırdım. Elə oldu ki, toplanış zamanı xəbər gəldi ki, atam vəfat edib. 1998-ci il yanvarın 18-i idi. İcazə alıb Gürcüstana yollandım. Bizdə belə bir adət var - kimsə dünyasını dəyişəndə 5-6 gün dəfn etmirik. 1 həftə komandadan ayrı qaldım. Atamı dəfn etdikdən sonra birbaşa Moskvaya yollandım. İlk oyunumuz “Flora”ya qarşı idi. Meydana çıxanda özümü quş kimi hiss edirdim. Elə bil bir həftə ayağına top dəyməyən Badri mən deyildim. Ruslan müəllimin məşqləri özünü göstərdi. Oyun 2:2 hesabı ilə başa çatdı. Hər iki qolu mən vurmuşdum.
Yeri gəlmişkən, həmin turnirdə Kiyev “Dinamo”suna 0:5 hesabı ilə məğlub olsaq da, son oyunda “Aktobe”yə 3:1 məğlub edərək 1/4 finala vəsiqə qazandıq. Azərbaycan klubu ilk dəfə idi ki, “Birlik Kuboku”nda qrup mərhələsini adlaya bilirdi. Turnirdən sonra Eduard Malofeyev məni Nalçik “Spartak”ına aparmaq istəyirdi. Razı olmadım. Mənim üçün Azərbaycanda oynamaq çox rahat idi. Həm evimə yaxın idi, həm də Gəncədə hər şey məni qane edirdi.
S - “Saşa”. Mənə ata kimi olub. Neçə il mən və ailəm onun çörəyini yemişik. Gözəl insan idi. Heç kimin xətrinə dəyməzdi, bir sözünü iki eləməzdi. “Saşa”nın evinə tez-tez gedirdik. Böyük oğlum onun evində böyüyüb. Mikanı öz nəvələrindən seçmirdi. Heç oğlum da onu yaddan çıxarmayıb. Xətrimi çox istəyirdi. Həmişə yemək süfrəsi arxasında yanında əyləşdirirdi. Bir əhvalat danışım. Onlarda belə bir adət var idi - qadınlar kişilərlə bir süfrə arxasında əyləşmirdilər. Novruz bayramlarının birində məni ailəmlə birlikdə evinə dəvət elədi. İlk dəfə idi ki, qadınlar da bizimlə bir yerdə oturdu. Bunun mənə qarşı olan hörmətinə görə etmişdi. Həmin məclisdən olan şəkillər indi də qalır. Heyf ki, Tiflisdədir, sizə təqdim edə bilmirəm. Həyat yoldaşı da xətrimi çox istəyirdi. Həmişə mənə öz övladı kimi münasibət göstərirdi. Allah hər ikisinə rəhmət eləsin!
Ş - “Şəmkir”. “Şəmkirə” məni Aslan Aslanov dəvət eləmişdi. Klubun prezidentiydi. “Saşa” isə sponsor idi və mən Şəmkirə gələndə nəyə görəsə komandadan ayrılmışdı. Müqavilənin detallarını Aslan müəllimlə danışmışam. Bir müddət sonra “Saşa” yenidən komandaya qayıtdı və ilk dəfə onunla evində görüşmüşdüm. Yeni komandamla ilk mövsüm ikinci olduq. Növbəti mövsüm Ağasəlim Mircavadov komandaya baş məşqçi gətirildi. Ardıcıl 2 mövsüm isə qızıl medalları qazandıq. Futbol həyatımın ən maraqlı illəri bu klubla bağlıdır.
T - Tərəfdar. Ən sadiq tərəfdarım anamdır (gülür). Maraqlı bir xatirəni bölüşüm. “Dinamo”da olanda oyun günü bizim evdə heç kim işləmirdi. Hamı Badrinin oyununu izləməyə hazırlaşırdı. Balaca bir televizorumuz var idi - “Rekord” Qonşular, qohumlar hamısı bizə yığışırdılar. Eşitdiymə görə, ən yaxşı azarkeşliyi anam edirmiş. Bayaq da qeyd etdiyim kimi atam 1998-ci ildə vəfat edib. Anam isə şükür Allaha, sağ-salamatdır. 83 yaşı var.
U - Universitet. Orta məktəbdə 8-ci sinifə kimi yaxşı oxumuşam. 8-ci sinifdən sonra futbollla peşəkar səviyyədə məşğul olduğuma görə, təhsil arxa plana keçib. Suxumudəki İdman İnstitutuna daxil olmaq istəyirdim. Validyenlərim isə Kənd Təsərrüfatı İnstitutu deyirdilər. Heç birinə daxil olmadım. “Dinamo”da oynayarkən rəhbərlik Tbilisi Universitetinin hüquq fakültəsinə “düzüb-qoşmuşdular”. Oradakı təhsilim yarımçıq qaldı. “Dinamo”dan ayrıldıqdan sonra heç kimə mənim təhsilim maraqlı deyildi.
Ü - Üstün cəhət. İnsanlar dünyaya eyni cür gəlirlər və onların birinin digərlərindən nəsə üstünlüyü olmur. Üstünlük, sonradan qazanılır. Düşünmürəm ki, məni digər insanlardan fərqləndirən üstün cəhətim var. Uzağı, sol ayağım ola bilər. Solaxay futbolçu olmuşam və təvazökarlıq olmasın, sol ayağımla çoxlarının edə bilmədiyini etməyi bacarmışam.
V - Vidadi Rzayev. Fantastik futbolçu idi. Kiminlə oynamaq rahat idi, “Vidoş”la ya Mahmud Qurbanovla? Əlbəttə, Mahmud Qurbanovla. Hər kəsə Mahmud kimi futbolçu ilə bir komandada oynamaq qismət olmur. Bir-birimizi gözüyumulu başa düşürdük. Qollarımın əksəriyyətini onun ötürməsindən sonra vurmuşam. Hər ikisi eyni vaxtda meydanda olanda bir-birilərinə mane olurdular. Həm “Vidoş”, həm də Mahmud eyni oyun sərgilədiklərindən bir yerdə olanda oyunları yaxşı alınmırdı.
Y - Yığma. Azərbaycan yığma komandasına ilk dəfə 1998-ci ildə dəvət almışam. “Kəpəz”lə “Birlik Kuboku”ndan qayıtdıqdan sonra Ruslan Abdullayev mənə millidə oynamaq təklif etmişdi. Razı olmamışdım. Səbəblərini açıqlamaq istəmirəm. Üstündən bir neçə il keçəndən sonra AFFA-nın o vaxtkı prezidenti Fuad Musayev mənim yaxşı formada olduğumu deyərək, komandaya kömək etməmi istədi. Bu dəfə razılaşdım. Maraqlıdır ki, Azərbaycan millisində ilk çıxışım doğma Gürcüstana qarşı olub. Bakıda oynayırdıq və oyun 0:0 hesabı ilə başa çatdı. Onda komandanın baş məşqçisi Əsgər Abdullayev idi. Gürcüstan millisi yaxşı komanda idi. Dəfələrlə qol vurmaq imkanımız olsa da, istəyimizə çata bilmədik. Gürcüstanla oyundan başqa İsveç və Makedoniya ilə oyunlarda da meydana çıxmışam. İsveç çox güclü komanda idi və 0:1 hesabı ilə məğlub olduq. Makedonlara isə qalib gələ bilərdik. İlk hissədə Zaur Tağızadə penaltini vura bilmədi. Zaur əla futbolçu olub. Avropa klublarında rahat oynaya biləcək səviyyədə idi. Əgər Zaur o penaltini vursaydı... Oyunda hücum edən tərəf biz idik, amma onlar qalib gəldilər - 3:0. Çox istərdim ki, millinizə daha çox kömək edim. Qismət olmadı. Bunun da bir çox səbəbləri var idi. Etiraf edim ki, bu səbəblərin yaranmasında adlarını çəkmək istəmədiyim bir çoxları ilə yanaşı, mənim də günahım olub.
Millidən söz düşmüşkən, “Dinamo”da olanda bir dəfə Gürcüstanın milli komandalarının təlim-məşq toplanışına dəvət almışdım. Buna Revaz Dzodzuaşvili imkan yaratmışdı. Boynuma alıram ki, toplanış zamanı özümü göstərə bilmədim. Ondan sonra bir də məni milliyə çağırmadılar.
Z - Zədə. “Şəmkir”də oynayarkən Birləşmiş Ərəb Əmirliklərindən təklif vardı. Dubaya gedərkən aeroportdan geri qaytardılar. “Şəmkir”dən buraxmaq istəmirdilər. Vəziyyəti “Saşa”ya izah elədim. Məni başa düşdü. Abu-Dabidə Nigeriya klubu ilə yoldaşlıq görüşü keçirilirdi. Məşqçi məndən oynamamağımı istədi. Onsuz da hazır müqaviləni imzalamalı idim. Əl çəkmədim. Oyunun sonuna yaxın məni meydana buraxdılar. Bir neçə dəqiqə sonra qapıçı ilə təkbətək çıxarkən müdafiəçi “ayağıma oynadı”. Ağır zədə aldım və Azərbaycana qayıdası oldum. Həmin vaxt “Neftçi” ilə “qızıl oyun” var idi. Minimal hesabla qalib gəlib çempion olsaq da, meydana çıxa bilmədim. Zədə imkan vermədi. Onsuz mənə ehtiyac qalmamışdı, “Neftçi” topu öz qapısına vurmuşdu.
“Əlifba dərsi”ni keçdi:
İlqar TAĞIYEV “Het-trik news”
saytlarin hazirlanmasi