Azərbaycan futbolu biznes layihə deyil, sosial layihədir YAZI

14:40 - 16 Sentyabr 2014

1 manatlıq biletlə futbol inkişaf edə bilməz

 

Yadımdadır, tədbirlərin birində AFFA prezidenti Rövnəq Abdullayev belə bir fikir söyləmişdi: “Azarkeşlər meydana gəlsin, 1 manat verib bilet alsınlar, futbolumuzun inkişafına təkan olsunlar”.

 

Rövnəq bəy, 1 manatlıq biletlə futbol inkişaf edə bilməz! Misal üçün, “Qəbələ”nin hər oyununa 15 min adam gəlir. Ayda orta hesabla iki ev oyunu olur. Bu isə bilet satışından 30 min manat deməkdir. Bir mövsüm üçün ortalama 300 min manat edir. Bu məbləğ “Qəbələ”nin bir futbolçusunun illik maaşıdır sadəcə.

 

Avropada stadionlara 60-70 min azarkeş gəlir. Biletlərin qiyməti 35-40 avrodan başlayaraq 150-200 avroya qədər dəyişir. Rövnəq bəy, sizcə, sosial durumu yüksək olmayan vətəndaşlarımızın 100 manat verib bilet almağa imkanı varmı? Yox! Təsəvvür edin, “Mançester Yunayted” ötən mövsüm bilet satışından 108,1 milyon funt sterlinq qazanıb. Bir sözlə, bilet puluna futbolu inkişaf etdirmək söhbətini unudun, yaxın 5-10 ildə alınmayacaq.  

 

Xames Rodrigesi transfer eləyən “Real” cəmi iki həftəyə futbolçunun adı həkk olunmuş futbolka satışından 38 milyon avroya yaxın gəlir əldə etmişdi. Məlumat üçün deyim ki, həmin futbolkanın qiyməti 97 avrodur. “Qarabağ”ın Avropa Liqasında oyunlarına 30 min adam gəlir, bundan 20-30 dəfə çox adam da televiziya vasitəsilə komandanın oyunlarını izləyir. 100 min adam 100 manatdan Reynaldonun futbolkasını alsaydı, klub 10 milyon qazanc əldə edərdi. Ancaq bu gün 100 min adamın 100 manatdan futbolka almağa imkanı varmı?

 

Azərbaycan futbolunun real durmunu əks etdirən daha bir acı misal: “Mançester Yunayted” “adidas”ın formasını geyinmək üçün həmin şirkətdən 750 milyon funt sterlinq alır. Bizim klublar isə “adidas”a pul verib onlardan forma alırlar...

 

Həmin "Mançester Yunayted" ötən mövsüm teleyayımdan 135,8 milyon funt sterlinq qazanıb. Bizdə isə klublar telekanallara pul verirlər ki, oyunları yayımlansın... 

 

Azərbaycan futbolundan pul qazanmaq mümkün olmasa da, stadionlara azarkeş yığmaq olar. Bunun üçün Bakıda yalnız bir komanda oynamalıdır: “Neftçi”. Qalanları isə bögələri təmsil etməlidirlər. Oyununa 3-5 adam gələn “İnter” Gəncəni təmsil etsəydi, hər oyununa rahat 10-15 min adam gələrdi. “Bakı” Tovuzda, AZAL Şəmkirdə, elə “Qarabağ”ın özü də Ağdamda oynasaydı, Premyer Liqa matçlarında azarkeş qıtlığı olmazdı. Sizə çatdırmaq istədiyim də budur ki, pul qazanmaq mümkün olmasa da, insanları stadionlara yığmaq olar.

 

Emin ABBASOV

Xəbər xətti