Bizim hakimlərlə hara kimi getmək olar? YAZI

15:05 - 16 Oktyabr 2014

Premyer Liqada bu mövsüm ilk 7 turun oyunları 10 referiyə tapşırılıb. Ən çox təyinat alan Əliyar Ağayev və Ömər Paşayevdir. Hər ikisi 5 dəfə ədalət təmsilçisi olublar və bir dəfə də olsun ciddi səhvlə yadda qalmayıblar. Elvin Əsgərov və Ramil Diniyevin  aktivində 4, Fariz Yusifovun 3, Vüsal Əliyev, Rəhim Həsənov və Rauf Cabbarovun 2, İnqilab Məmmədovun isə 1 oyunu var. Rauf Cabbarovun ilk turda idarə etdiyi “Sumqayıt” – “Qarabağ” oyununun nəticəsi qonaqların legioner limitini pozduğuna görə ləğv edilib və “Sumqayıt”a 3:0 hesabı ilə texniki qələbə verilib.

 

 

BƏRBAD İDARƏÇİLİK
2-ci turda baş tutan “Qəbələ” – “Araz Naxçıvan” oyununda buraxdığı kobud səhvlərə görə Rəhim Həsənov, elə həmin turun digər qarşılaması olan “Qarabağ” – “İnter” matçında isə matçın yekun nəticəsinə təsir etdiyi səhvə görə Fariz Yusifov bir neçə oyunluq cəza almışdı. Fariz ayyarımlıq “istirahət”dən sonra yenidən Preymer Liqaya qaytarılsa da, Rəhim hələ ki, 1-ci Divizionda gün keçirməklə məşğuldur. Həsənov burada da zəif idarəçiliklə yadda qalıb. Yadınızdadırsa, 2-ci turda baş tutan “Şahdağ” – “Qaradağ Lökbatan” oyununda qonaqların futbolçusu Timur Dadaşovun ayağı rəqibin kobud oyunu nəticəsində sınmışdı və hakim buna görə əlini cibinə aparmamışdı. Bundan başqa 5-ci turda keçirilmiş “Şuşa” – “Neftçala” qarşılaşmasında da Rəhim iş başında olmuş və kobud səhvlərlə yadda qalmışdı. Ümumiyyətlə, mövsüm Rəhim Həsənov üçün uğurlu başlamayıb. UEFA bayrağı altında təyinat aldığı oyunlarda da aşağı qiymət alan beynəlxalq dərəcəli referimiz bu gedişlə uzun müddət Premyer Liqaya həsrət qalacaq.

 

 

MƏMMƏDOVUN GÖZÜ GÖRMÜR?
4 oyunda hakimlik edənlərin də işində hər hansı problem yaşanmayıb. Yalnız Orxan Məmmədovdan savayı. Sonuncu turun mərkəzi qarşılaşması olan “Neftçi” – “Qarabağ” matçında meydan sahiblərinin “evini yıxan” Məmmədov yəqin ki, bir neçə tur “dincələcək”. Orxan haqqında daha bir məlumat ondan ibarətdir ki... Hakimlər ildə 2 dəfə “Modern Hospital”da müayinə olunurlar, hakimlər başdan-ayağa həkim nəzarətindən keçirlər. “Neftçi” – “Qarabağ” oyunundan sonra isə Orxanın gözündə problemlər olduğu aydınlaşıb. Bu üzdən Məmmədov məcburən “Modern”ə göndərilib. Ki, görmə qabiliyyətini yenidən yoxlatdırsın. Müalicə üçün Orxanın xeyli vaxtı olacaq. Belə səhvlərə görə hakimlər ən azı 5 oyunluq cəzalandırılırlar.

 

 

Vüsal Əliyevdə də vəziyyət o qədər ürəkaçan deyil. 5-ci turda keçirilən “Bakı” – “Sumqayıt” oyununda qonaqların təmiz penaltisini təyin etməyən Vüsalın “qanının arasına” “gənclik şəhəri” təmsilçisinin qalib gəlməsi girib. Belə ki, əgər “Sumqayıt” qalib gəlməsəydi, o halda referi matçın yekun nəticəsinə təsir etmiş səhvlə yadda qalacaqdı. İndiki halda isə nəticəyə təsir etmiş səhv edib ki, bu da qiymətinin aşağı olması ilə yanaşı onun bir neçə oyunluq təyinatlardan məhrum olması deməkdir. Vüsal 5-ci turdan sonra yalnız aşağı dəstə oyunlarında görünüb.

 

 

YUSİFOV - 2 TURDA 3 OYUN
Maraqlı və bir qədər gülməli bir məqamı nəzərinizə çatdırım. Diqqətlə fikir versək, 1-ci turda baş tutan 5 oyunun 2-də Fariz Yusifov hakimlik edib(!?). Məsələ burasındadır ki, ilk turda sənədləşmə işində yaranan problemlər üzündən “Bakı”nın “Simurq” ilə oyunu təxirə salınmışdı. Həmin vaxt oyunu Əliyar Ağayev idarə etməli idi. Fariz Yusifov isə “Araz Naxçıvan” – “Neftçi” oyununa təyinat almışdı. Təxirə salınmış oyun oktyabrın 2-də keçirildi və iş başında olan Fariz faktiki 1-ci turda 2 oyunda meydanda olmuş oldu. Əslində, burada qeyri-adi bir şey yoxdur. Turun oyunları ayrı-ayrı vaxtlarda keçirildiyindən Hakimlər Komitəsinin təyinatını normal qəbul etmək olar. Amma...

 

 

Ammasını indi izah edim. 2012/13-cü illər mövsümünə nəzər salsaq, 6-cı turda keçirilən 2 oyunda Vüsal Əliyev ədalət təmsilçisi olub. Sual oluna bilər, necə? Məsələ burasındadır ki, həmin turda “Xəzər Lənkəran” – “Bakı” (1:1) oyunu sentyabrın 24-də keçirilib. “Sumqayıt” – “Neftçi” qarşılaşması isə təxirə salınıb və dekabrın 6-da baş tutub. Və həmin oyuna da Vüsal təyinat alıb. Bunu biz mətbuat nümayəndələrinin hadisələrin gedişatından xəbərdar olduğumuzdan bəlkə də normal qəbul edə bilərik. Bəs, arxivdə var-gəl edən sıravi oxucular? Onlara kim izah edəcək?
 

 

 

ƏYALƏTLƏRDƏN HAKİM YOXDU
Bir acınacaqlı faktı da diqqətinizə çatdırmaq istəyirəm. İlk 7 turda oyunlara təyinat alan hakimlərin hamısı Bakını təmsil edir. Başqa sözlə, bölgələrdən hakimlər yoxdur. Doğrudur, “10-luğ”a daxil olanların əksəriyyəti müxtəlif rayonlarda anadan olublar. Məsələn, Fariz Yusifov əslən İmişlidən, Vüsal Əliyev Naxçıvandan, Elvin Əsgərov Göyçaydan, Ramil Diniyev Beyləqandan, İnqilab Məmmədov Fizulidəndir. Amma bu o demək deyil ki, onlar uyğun olaraq İmişli, Naxçıvan və digər şəhərləri təmsil edirlər. Bu məntiqlə yanaşsaq, Ermənistan və ya Gürcüstanda anadan olan hakimə həmin ölkələri təmsil etdiklərini söyləməliyik.
 

 

 

ANARLAR HANI?
Bir vaxtlar Premyer Liqada sayılıb-seçilən hakimlərdən olan Anar Niyazov və Anar Salmanov uzun müddətdir ki, əsas dəstədə oyunlara təyinat almırlar. Niyazov bir neçə il əvvəl buraxdığı ardıcıl kobud səhvlərdən sonra 1-ci Diviziona “qeydiyyata götürülüb”və daha sonra ancaq qalmaqallarla yadda qala bilib. Ötən ilin əvvəllərində “Qaradağ Lökbatan” – MOİK oyunu zamanı birincilərin baş məşqçisi Adil Mahmudovla aralarında olan “sms”ləşməni yada salmaq kifayətdir. Bir ara təcrübəli referinin hakimlikdən gedəcəyi də gözlənilirdi. Sonda bağışlanılan keçmiş beynəlxalq dərəcəli hakimimiz gününü aşağı dəstə oyunlarında keçirir.

 

 

Onun adaşı isə özünü 2012/13-cü illər mövsümünün sonunda Azərbaycan Kubokunun 1/4 finalında “Neftçi” və “Qarabağ” arasında keçirilən ilk oyunda ağdamlıların qapısına səhv penalti təyin etməklə “yandırdı”. Uzun müddətə cəzalanan Salmanov hələ də bağışlanmayıb. Anar Salmanov FİFA referisidir və Əliyar Ağayevlə birlikdə 2-ci kateqoriyaya daxildir. UEFA-dan təyinat alan Anara Hakimlər Komitəsinin hələ də güvənməməsi başadüşülən deyil. Hər halda indiki hakim qıtlığında təcrübəli referiyə şans vermək mümkündür.

 

 

FİFA referilərimizlə bağlı onu deyə bilərəm ki, Preymer Liqa ilə müqayisədə görünən mənzərə ürəkaçan hesab edilə bilər. Əliyar Ağayev Avropada özü haqqında müsbət imic formalaşdıra bilib. Anar Salmanovun da vəziyyətini normal hesab etmək olar. UEFA bayrağı altında keçirilən son oyunlarda hər iki referimiz hakim-inspektorlar tərəfindən yüksək qiymətlərə layiq görülüblər. Əliyarın Azərbaycan çempionatında da vəziyyəti normaldır. Anar isə UEFA tərəfindən mütəmadi təyinatlar alsa da, bayaq da qeyd etdiyim kimi, özümüzünkülər tərəfindən hələ də bağışlanmayıb. Digər tərəfdən Salmanovun növbəti il də UEFA-nın bayrağı altında keçirilən oyunlara təsdiqlənməsi və yaranan hakim qıtlığı onun tezliklə Premyer Liqada görünməsinə şərait yaradır. Rəhim haqqında isə bir qədər əvvəl məlumat vermişəm. Qısası, ona tezliklə vəziyyətini düzəltməyi arzulamaq qalır.

 

 

Yeri gəlmişkən, bu yaxınlarda FİFA 24 perspektivli hakimin siyahısını müəyyənləşdirib və onları noyabrın 18-də İsveçrənin Sürix şəhərində başlayacaq 5 günlük seminara çağırıb. Təəssüf ki, FİFA bizim hakimlərə dəvət göndərməyib. Doğrudur, “24-lük”də cəmi 3 referi Əliyar və Anarın daxil olduğu 2-ci qrup beynəlxalq dərəcəli hakimlərdir. Amma nəzərə alaq ki, onların bəziləri 2018-ci ildə keçiriləcək dünya çempionatını idarə edəcək hakimlərin siyahısına daxil ediləcəklər, bu mənada təəssüflənməyə dəyər.
 

 

 

KİMLƏRƏ ÜMİD ETMƏK OLAR?
Mövsüm başlayarkən, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan hakimliklə bağlı geniş müsahibə götürmüşdüm. Məmmədov ilk turlarda hakim səhvlərini təbii qarşılamağın lazım olduğunu bildirməklə yanaşı, getdikcə onların azalacağını söyləmişdi. Lakin 7 tur arxada qalıb və onların yarıdan çoxunda hakimliklə bağlı problemlər ortaya çıxıb. Həmin söhbət zamanı komitə sədri səhv edən hakimin sərt şəkildə cəzalandırılacağını, onların yerinə aşağı dəstədə hakimlik edənlərin gətiriləcəyini və hətta lazım olarsa, bir turda eyni hakimin 2 oyuna təyinat alacağını da söyləmişdi.

 

 

Bu gedişlə deyəsən, Xaqani müəllimin son fikri həyata keçəcək. Hazırda elə bir vəziyyət yaranıb ki, Premyer Liqa oyunlarına təyin olunmaq üçün təcrübəli hakim tapmaq müşkülləşib. Onların əksəriyyəti cəzalıdırlar. Üstəlik, perspektivli hakim Rauf Cabbarov bu yaxınlarda müvəqqəti olaraq işindən ayrılacaq və əməkdaşı olduğu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən İngiltərəyə göndəriləcək. Bəs, təcrübəliləri kimlər əvəz edə bilər? 3-nün adını çəkə bilərəm. Əslində, həmin trionun tərkibini Xaqani Məmmədovdan eşitmişdim və hamısı Xaqani müəllim kimi Məmmədov soyadını daşyır – İnqilab, Mahir və Fərid. Artıq İnqilab Premyer Liqada “siftə” edib.

 

 

Bunun ardınca 1-ci Divizionda “Zirə” – “Turan-T” (0:1) matçında baş hakim olan İnqilab səhvlərlə yadda qalıb və  qiyməti aşağı olub. Bu məqam onun hələ Premyer Liqaya hazır olmaması anlamına gəlir. Fəridlə Mahirin də yaxınlarda yüksək dəstə oyunlarına təyinat alması gözləniləndir. Onların işlərinin öhdələrindən necə gələcəkləri isə zaman məsələsidir. Qısası, ildə 2 dəfə xaricdə təlim-məşq toplanışı keçən hakimlərimizin vəziyyəti üzəkaçan deyil. Ürəkaçan olması üçün lazım olan işlər isə Hakimlər Komitəsinin səlahiyyətindədir.
 

 

 

İNQLABIN FARİZƏ ÇATMASINA HƏLƏ ÇOX VAR
7 turda meydanda olan referilərin statistikasına nəzər salsaq, Fariz Yusifovun karyerası ərzində oyun sayına görə açıq-aşkar lider olduğunu görərik. Təcrübəli hakim indiyə kimi 228 Premyer Liqa oyununa təyinat alıb.  Vüsal Əliyev ondan 7 oyun geridədir. Qalanları isə hələ 100 oyun həddini aşmayıblar. İndiyə kimi Rəhim Həsənov 84, Əliyar Ağayev 83, Rauf Cabbarov 73, Elvin Əsgərov 50, Orxan Məmmədov 45, Ramil Diniyev 24, bu mövsümün liderlərindən olan Ömər Paşayev isə 18 oyunda fit çalıb. İnqilab Məmmədova gəlincə, 7-ci turda baş tutan “Bakı” – “Araz Naxçıvan” oyunu onun hakimlik karyerasında ilk Premyer Liqa sınağı idi.
 

 

 

MARAQLI MƏQAMLAR VƏ “ƏN”LƏR
Əliyar Ağayevin idarə etdiyi 5 oyunun hamısında meydan sahibləri qalib gəlib – “İnter” – “Qəbələ” 4:0, “Simurq” – AZAL 2:0, “Xəzər Lənkəran” – “İnter” 1:0, “Neftçi” – “Xəzər Lənkəran” 1:0, “Qarabağ” – “Simurq” 1:0. Üstəlik, bu oyunlarda qonaqlar bir dəfə də olsun qol vura bilməyiblər. Vüsal Əliyev təyinat aldığı hər iki oyunda təmsilçilərdən biri “Bakı” olub və hər iki oyunda da “zolaqlılar” məğlubiyyətlə barışıblar – “Bakı” – “Qəbələ” 0:2, “Bakı” – “Sumqayıt” 1:2.
Fariz Yusifov hər 3 oyunda 1-ci hissənin əsas vaxtına 1, 2-ci hissəyə isə 4 dəqiqə əlavə edib.
5-ci turda keçirilən “Simurq” – “Qəbələ” oyununun 2-ci hissəsi 50 dəqiqə davam edib. Baş hakim Ömər Paşayev 45 dəqiqəyə 5-ini də artırıb. Ən tez başa çatan 2-ci hissə 6-cı turda Rauf Cabbarovun hakimlik etdiyi “İnter” – “Bakı” oyunu olub – 45+1 dəqiqə. Ən “qəddar” hakim Ömər Paşayevdi. Ömər 5 oyunda üst-üstə 37 dəfə sarı, 2 dəfə isə qırmızı vərəqəyə əl atıb, 1 penalti təyin edib. Ən mülayim referi isə Vüsal Əliyevdir – 2 oyuna 6 xəbərdarlıq. Hər oyuna orta hesabla 3 “sarı”.

 


Ən çox “ağ nöqnə”ni Orxan Məmmədov göstərib – 3 dəfə. Ramil Diniyev və Rauf Cabbarov komandaları 2 dəfə 11 metrlik zərbə ilə cəzalandırıb. Ən intizamsız oyun 4-cü turdakı “Qəbələ” – AZAL və 5-ci turdakı “Simurq” – “Qəbələ” qarşılaşmaları olub. Rauf Cabbarov və Ömər Paşayev futbolçulara 10 dəfə xəbərdarlıq edib, onların 1-i meydandan qovulub. Bu azmış kimi Rauf 2, Ömər isə 1 dəfə penalti təyin edib. 2-ci turda baş tutan “Simurq” – AZAL qarşılaşmasını ən sakit oyun hesab etmək olar. Referi Əliyar Ağayev oyunboyu cəmi 1 dəfə əlini cibinə atıb və qeyri-idman hərəkətinə görə meydan sahiblərinin futbolçusu Draqan Çeranı “sarı”ya “qonaq edib”.
 

 

İlqar TAĞIYEV “Het-trik news” qəzeti

Xəbər xətti