Cümə xeyirli gündür, deyirlər. Srağagün səhəri hər birimiz Foqtsun yığmamızdan ayrılması xəbəri ilə açdıq. Çoxları bunu toy-bayrama çevirdi. Zaman Foqtsun gedişinin bayram olub-olmadığını göstərəcək. Hər halda, “3 aydan sonra Foqtsun ölənlərinə rəhmət rəhmət oxuyacaqsız” deyənlərin də sayı az deyil.
AFFA rəhbərliyi daim Foqtsun tərəfində olub. Olmalıdırlar da. Təbii ki, onların da öz arqumentləri var. Foqts dünya futbolunda iz qoymuş birisidir. Yığmamızda hansı nəticəni göstərməsindən asılı olmayaraq, bunu danmaq olmaz. Faktdır ki, komandamız hansı xarici ölkəyə gedibsə, orada yerli publikanı maraqlandıran ilk şəxs məhz alman olub. Bildiyim qədər ilə Foqts özü də sonuncu dəfə müqaviləsinin uzadılmasını istəməyib. Amma yekunda razılaşıb. İcraiyyə Komitəsinin 11 üzvündən 11-i də ona yekdilliklə səs verib. Elə AFFA rəhbərliyi Foqtsun yola salınması mərasimini də yaxşı təşkil etdi. Almana “qovuldu” damğası vurulmadı. AFFA-nın rəsmi saytında yer alan açıqlamada da deyilir ki, Rövnəq Abdullayev Foqtsu fikrindən daşındırmağa çalışsa da, alman sözündən dönməyib. Uzun sözün qısası, yığmada çalışan ən uzunmüddətli mütəxəssis olan Foqtsun erası başa çatdı.
Dünən isə millinin müvəqqəti olaraq Mahmud Qurbanova tapşırıldığı bəlli oldu. Bu, gözlənilən qərar idi. Çünki, yığma komanda klub deyil və burada baş məşqçi seçimi heç də qısa müddətdə reallaşmır. Komandanı Norveçlə noyabrdakı matça məhz “professor” çıxaracaq. Ondan sonra isə ilin sonunda, ən pis halda gələn il yanvarının əvvəlində yeni baş məşqçinin adı bəlli olacaq. Çoxları Qurban Qurbanovun, Böyükağa Hacıyev və ya Kaxaber Sxadadzenin bu postu tutacağını iddia etsələr də, reallıq tam başqadır. Elə Mahmud Qurbanovun müvəqqəti olaraq komandanın başına keçməsi də buna bariz nümunədir. AFFA yenə də yığmanı əcnəbi mütəxəssisə tapşıracaq və həmin şəxs ən azı Berti Foqts qədər tanınmış olacaq.
Haşiyəyə çıxaraq, dünən “İnter” – “Simurq” matçı zamanı stadionda diqqətimi çəkən bir məqamı bölüşmək istəyirəm. Azərbaycan xalqı “kreslo”ya böyük önəm verəndir. Hansısa bir şəxs vəzifəyə təyin olunursa, daim ətrafında xeyli insan olur. Vay o günə ki kreslon əldən gedə... Buna kimi dəfələrlə stadionda qarşılaşdığım Mahmud Qurbanova diqqət dünən tam fərqli idi. Bu dəfə hər kəs onunla salamlaşmağa, təbrik etməyə tələsirdi. 90 dəqiqə boyunca Qurbanovu futbola rahat baxmağa qoymadılar. Vəzifə belə şeydi...
Yığma mövzusuna qayıdaraq qeyd edim ki, bu gün futbolumuzun vəziyyəti ürəkaçan durumda deyil. Açıq-aşkar ölkədə səviyyəli futbolçu qıtlığı var. Odur ki, yığmanı kim çalışdırır, çalışdırsın, bu gün ondan böyük uğurlar gözləməyə dəyməz. AFFA rəhbərliyi də gözəl bilir ki, “məqsədimiz qrupda üçüncü olmaqdır” fikri yalnız quru iddiadır.
Qurban Qurbanov, Böyükağa Hacıyev, Kaxaber Sxadadze – hər biri bacarıqlı və özünü sübut etmiş məşqçilərdi. Amma bu gün yığmaya onlar da uğur qazanadıra bilməz. Səbəbi keyfiyyətli yerli futbolçuların azlığıdır. Adını çəkdiyim hər 3 mütəxəssis klubda uğur qazanıb. Gəlin diqqət yetirək. Böyükağa Hacıyevin “Neftçi”sini Avroliqaya kim daşıdı? Saşa Stamenkoviç, Bruno Bertuççi, İqor Mitreski, Erik Ramos, Flavinyo, Nikolas Kanales, Julius Vobay. Düzdür, “ağ-qaralar”ın qazandığı uğurda Mahir Şükürov, Rəşad Sadiqov, Cavid İmamverdiyev kimi yerlilərin də az rolu olmayıb. Amma göründüyü kimi, o zaman “Neftçi”nin əsasını əcnəbilər təşkil edirdi. Bu gün də eyni sözləri “Qarabağ” haqda demək mümkündür. İbrahim Şehiç, Ansi Aqolli, Admir Telli, Çumbinyo, Riçard Almeyda, Muarem Muarem, Reynaldo, Leroy Corc, üstəgəl Rəşad Sadıqov, Maksim Medvedyev, Qara Qarayev, Vüqar Nadirov və başqaları. Elə Kaxaber Sxadadze də Avroliqa matçlarında əsasən gəlmələrə güvənir. Avrokubok matçında “bankirlər”in tək-tük yerli futbolçusu meydana çıxır. Təbii ki, buna görə heç kim gürcü mütəxəssisi qınaya bilməz. Həm Qurbanov, həm Hacıyev, həm də Sxadadze də gözəl anlayır ki, azərbaycanlı futbolçularla avrokuboklarda ciddi uğur qazanmaq qeyri-mümkündür. Odur ki, gəlin özümüzü aldatmayaq. Baş məşqçi əvəzetməsi heç nəyi dəyişməyəcək. Ən yaxşı halda qrupda 9 deyil, 11 xal yığacağıq. Xorvatiyaya 0:6 deyil, 1:3 hesabı ilə uduzacağıq. Uğur qazanmaq üçün yeni futbolçu nəsli yetişməlidir. Bunu isə nə milli komandanın baş məşqçisi edir, nə AFFA prezidenti ilə baş katib.
İbrahim CƏFƏR “Het-trik news” qəzeti
saytlarin hazirlanmasi