Foqts "Qarabağ"a nə üçün nifrət edirdi?
Bilirdik ki, Foqts buradan gedəndən sonra Azərbaycanda gördüyü, bildiyi nə mənfi hal varsa, hamısını Almaniyada danışacaq. Özü də dəfələrlə AFFA-ya söz atmışdı.
Ona görə, mən heç inanmıram ki, Foqts AFFA-dan təzminat almamış gedib. Onun kimi pula düşgün birisinin belə rahatlıqla istefaya getməsi inandırıcı deyil. Böyük ehtimalla, qeyri-rəsmi şəkildə olsa da, onun pulunu veriblər.
Futbolçuları pula görə futbol oynamaqda suçlasa da, ən böyük pulgir elə Foqtsun özü idi. Bir tərəfdən deyirdi ki, Azərbaycanda futbolçu yoxdur, mən necə işləyim? O biri tərəfdən də, ildə iki milyon pulu qoyub cibinə heç nə olmayıbmış kimi kefinə baxırdı. Adamdan soruşan da yoxuydu ki, futbolçu yoxdursa, heç nə alınmayacaqsa, bu pulu sənə nəyə görə veririk? Danışmağa qalsa, bunu azarkeşindən tutmuş jurnalistinə qədər hamı deyir də.
Nə qədər acı olsa da, etiraf etməliyik ki, Foqts AFFA-nı avam yerinə qoymuşdu. Ona “geniy”, “mujik” deyə-deyə, gətirib otuzdurmuşdular Azərbaycan futbolunun boynuna. Yenə də hər şey gedib çıxır bizim futboldan uzaq AFFA rəhbərliyinə. Foqtsu bura gətirəndə haqqında geniş dosye hazırlanmalı idi. Almaniyadan kənarda harada işləyib? Şotlandiyadan niyə qovulub? Nə üçün Nigeriyadan deportasiya edilmişdi? Ölkədən kənar karyerası başdan-başa qaranlıq məqamlarla dolu olan biri hansı xidmətlərinə görə Azərbaycana gətirildi?
Foqtsun adına aldananların çoxu bilmirdi ki, bu adamın müasir futboldan xəbəri yoxdur. 90-cı illərin konsepsiyası ilə çalışan adamın tələb etdiyi futbolu daha dünyanın heç bir geridə qalmış ölkəsində də oynamırlar. Foqts heç cür qəbul edə bilmirdi ki, indi 1996-cı il deyil, 2014-dür. Bəli, illər sürətlə keçsə də, Foqts həmin sürətlə ayaqlaşa bilməmişdi.
Sadəcə, Azərbaycan Foqtsun təsəvvüründə Mozambik kimi bir ölkəydi. Qoca elə düşünürdü ki, burada heç kimin futboldan başı çıxmır və o, nə desə, hamı tərəfindən quran ayəsi kimi qəbul olunacaq. Gəlib buraları görəndən sonra başa düşdü ki, alınmayacaq. Amma bu pul sevdası ki var, ondan çox adam özünü qoruya bilmir. Foqts da, pul qazansın deyə, min-bir yolla 6-7 il başını girələdi burada, sonda da dedi ki, alınmır!
Foqtsun daha bir böyük problemi də “Qarabağ”, daha dəqiq desək, Qurban Qurbanov idi. Çünki Foqts Almaniyada pivə içəndə, Qurban Qurbanov Raykard, Klopp, Qvardiola kimi məşqçilərin yanında müasir futbolun sirlərinə yiyələnirdi. Qurbanov yerli futbolçulardan qurulmuş komanda ilə Avroliqada pley-off-a çıxanda, Foqts anlamışdı ki, bu ölkədə də savadlı mütəxəssislər var. Etiraf eləməsə də, Foqts illər boyu məhz Qurban Qurbanovun yetişdirdiyi futbolçular hesabına az-çox nəticə qazanırdı.
Lakin Qurbanova təşəkkür etmək əvəzinə, Foqtsun “Qarabağ” nifrəti gündən-günə artırdı. Təlim-məşq toplanışlarında “Qarabağ”ın futbolçularına eyni masa arxasında əyləşməyə icazə vermirdi. Məşq zamanı “Qarabağ”lı futbolçuların bir-birinə ötürmə verməsini də yasaqlamışdı. Artıq hamı anlayırdı ki, “Qarabağ”ın hər bir uğuru Foqtsun ürəyinə xəncər kimi sancılırdı. Ona görə də, hər imkan düşəndə “Qarabağ”ın ünvanına hansısa xoşagəlməz fikir deyirdi.
Və budur. Foqts Almaniyaya qayıdan kimi yenə “Qarabağ”a söz atıb. Foqts bildirib ki, Azərbaycanın Avroliqadakı komandası bu turnirdəki oyundan sonra 4-5 gün məşq etmir.
Bu həyasızlığın bir sərhəddi varmı? Birincisi, “Qarabağ” Azərbaycanda tək-tük komandalardandır ki, hətta oyun günləri məşq eləyir. İkincisi, Foqts bu məlumatı haradan alıb? Və ən əsası, əgər diqqətlə baxsaz, “Qarabağ”ın Avroliqanın qrup mərhələsində çıxış etməsinə baxmayaraq, heç bir oyunu təxirə salınmır. Ağdam klubu demək olar ki, hər üç-dörd gündən bir oyuna çıxır. Çətin “Neftçi” oyunundan sonra Milana yola düşdü, indi də “Qəbələ” matçından çıxıb Ukraynaya gedir, oaradan da qayıdıb bir neçə gündən sonra “Xəzər Lənkəran”la oynayacaq. PFL yalnız qrupa düşmək ərəfəsində “Qarabağ”ın “Araz Naxçıvan”la oyununu təxirə salıb. Cəmi 1 oyun!
Bütün bunların kökündə isə paxıllıq dayanır. Foqts heç cür həzm eləmir ki, gənc Azərbaycanlı məşqçi sürətlə inkişaf eləyir. Heç cür həzm eləmir ki, Qurban Qurbanovun müasir futbol anlayışı daha yüksəkdir. Məsələ burasındadır ki, Foqtsu məşqçi kimi qəbul etmirdilər. Həm futbolçular, həm də mütəxəssislər görürdülər ki, bu adamın savadı çox aşağıdır. Bu isə elə bir şeydir ki, futbolçu məşqçinin savadsız olduğunu görsə, onu qəbul etməyəcək. “Qarabağ”da bu baxımdan işləmək daha çətindir. Qurban Qurbanovun savadı aşağı olsaydı, Belçika futbolunu görən Reynaldo, Hollandiya futbolunu görən Leroy, Portuqaliya çempionatını görən Almeyda onu heç cür qəbul etməzdi. Amma bu futbolçuların hamısı başlarını aşağı salıb Qurbanovun tapşırıqlarını yerinə yetirirlər. Çünki anlayırlar ki, bu adam müasir futbolu bilir.
Foqts bizim üçün bir dərs oldu. Dərs oldu ki, heç kimə layiq olduğundan artıq dəyər vermək olmaz. Belələrinə dəyər verməklə, özümüzü ucuz tutmuş oluruq.
Emin ABBASOV
saytlarin hazirlanmasi