Son illərdə Türkiyə millisinin dünya və Avropa çempionatlarının final mərhələlərinə vəsiqə qazana bilməməsi, ölkənin ən nüfuzlu klubları olan “Fənərbaxça”, “Beşiktaş” və “Qalatasaray”ın Çempionlar Ligası və Avroliqada nəzərə çarpacaq heç bir uğurunun olmaması, Türkiyə futbolunda enişin başladığını və sürətlə davam etdiyini göstərir. Futbolun texniki, və taktiki tərəflərini bir kənara qoyub, problemin digər yönlərini araşdıracağımız bu yazıda Türkiyənin və dünyanın məşhur futbol adamlarının da fikirlərinə yer verəcəyik.
Türkiyə coğrafi ərazi olaraq Avropa və Asiyanın kəsişdiyi yerdə yerləşən, Rusiya və Almaniyadan sonra Avropada ən çox əhaliyə sahib olan ölkədir. Lakin həm milli komanda, həm də klublar səviyyəsində yuxarıda adı keçən ölkələrin çox gerisində qalan Türkiyə futbolunun əsas problemlərindən biri,bəlkə də birincisi,insan resurslarından düzgün istifadə edilə bilməməsidir. Futbolu peşəkar futbolçular oynadığı üçün,biz də onlardan başlayaq və sıra ilə media və azarkeşlərlə bağlı problemləri də izah etdikdən sonra türkiyəli futbol idarəçilərindən bəhs edib mövzumuzu tamamlayaq.
Xarakter olaraq duyğusal və çılğın olan Türkiyə əhalisi küçədə, bazarda və ya hansısa əyləncə mərkəzində bir futbolçu gördüyü zaman onunla maraqlanmağa, söhbət etməyə, şəkil çəkdirməyə cəhd göstərirlər. Bu,təbii bir prosesdir. Ancaq əhalinin sahib olduğu duyğusallıq və çılğınlıqdan daha çox eqoya malik olan türk futbolçu isə bu münasibəti doğru istiqamətdə anlamır və zamanla özünü cəmiyyətdən üstün görməyə başlayır. Hər necə olursa-olsun insanlar mənə hörmət edir, məni görəndə münasibət qurmaq üçün hər yola əl atır düşüncəsi ilə yaşayan futbolçu artıq futbolu unudur və öz üzərində işləməməyə başlayır. Son illərdə gənc yaşlarında parlayıb ancaq bir-iki il içində sönüb gedən futbolçuların adını bura yazsaq, yəqin ki,söz israfı etmiş olacağıq.
Futboçuda bu eqonu yaradan azarkeşlər olsa da, klub idarəçilərinin də bu problemlərin yaranmasında böyük “əməyi” var. Belə ki, klublar azca yaxşı oynayan türk futbolçularını əllərində saxlamaq üçün onlara külli miqdarda pul ödəyirlər. Nəticədə “onsuz da pulumu qazanıram da” deyən gənc oyunçular qapıldıqları eqonun təsiri ilə özləri üzərində işləmirlər və sönüb gedirlər. Ancaq idarəçilər parlamağa başlayan oyunçulara gələn xarici təklifləri dəyərləndirsələr və bu oyunçular gedib xarici klublarda, daha doğrusu,Avropada oynasalar,onlar öz üzərlərində işləməyə başlayacaqlar. Çünki Avropada alacaqları maaşın böyük bir qismini vergi olaraq dövlətə ödəyəcəklər. Daha çox pul qazanmaq üçün daha çox işləyəcəklər. Ancaq tarixən ticari zəkası ilə seçilən türklər (türkiyəli futbolçular) məsələni kökündən həll edirlər. Türkiyədə qalıb pullarını qazanırlar. 76 milyon əhalisi olan bir ölkənin Avropada sadəcə bir futbolçusunun oynaması sizcə təsadüfdür?
Media...Nəinki türk futbolunun, hətta Türkiyənin ictimai-sosial, siyasi və eləcə də, iqtisadi həyatının bəlası... Siyasətə girmədən bu hissəni izah etmək çətin olsa da, əlimizdən gələni edib yazıdan sıxılmamağınıza çalışacağıq. Ronaldinyo “Barselona”nı tərk etdiyi gündən Türkiyəyə gəlir. Yəqin ki, vizasında problem çıxdığı üçün hələ də gəlib çıxa bilmir. Kristiano Ronaldo isə artıq bir neçə dəfə gəlib. Kişi istirahətini edib qayıdıb. Ancaq Türkiyə mediası bu xəbərləri elə yayımlayır ki, güya ki, Ronaldo gəlib Türkiyədə hansısa klubda oynayacaq. Əlbəttə,insanların bir hissəsi bu cür xəbərlərə inanmasa da, inanan milyonlarla insan var. Və ya hansısa iki klub idarəçisi bir restoranda Robben və ya Benzema haqqında söhbət etsələr və bunu bir jurnalist eşitsə, səhəri gün mediada başlıq atılır: “Benzema “Qalatasaray”da”və ya “Kanarya “Robbeni renklerine bağlamak üzere”... Hər gün yüzlərlə belə xəbər oxuyan insanlar yavaş-yavaş sevdikləri klubdan soyumağa başlayır və nəticədə futbola böyük bir zərbə gəlir. Son zamanlarda Türkiyə çempionatının oyunlarına az azarkeş gəlməsinin səbəblərindən biri məhz bu amildir. Əlbəttə ki, keyfiyyətsiz futbol və baha qiymətə satılan biletlər də digər təsiredici amillərdir.
Yaxın günlərdə “Qalatasaray”ı İstanbulda 4-0 məğlub edən “Borussiya”nınbaş məşqçisi YurgenKlopp türk futbolunun ən böyük problemini mətbuat konfransında sadəcə bir cümlə ilə izah etdi.
Türk Jurnalist: -“Siz Dortmund klubuna gələrkən, klub çox da yaxşı vəziyyətdə deyildi. Klubu bu səviyyəyə çatdıra bilmək üçün nələr etdiniz? Türk klubları nə etməlidir ki, bu səviyyəyə çatsın?”
Klopp: -“Bizim klubun prezidenti və digər klub idarəçiləri türk mentalitetində olsaydı, biz bu səviyyəyə gəlib çata bilməzdik.”
Kloppun bu sözlərindən sonra türkiyəli klub idarəçilərindən bəhs etməyə ehtiyac olmadığını düşünərək, yazımızı burada tamamlayırıq.
Tural Həsənov
Qeyd: Təklifləriniz və maraqlı futbol söhbətləriniz olarsa aşağıdakı elektron ünvanımıza yaza bilərsiz.
saytlarin hazirlanmasi