Milli komandamıza qapıçılar bəxş edən məşqçi

16:27 - 14 Aprel 2015

Etibar Tarıverdiyevin 5 istedadı

 

Futbolda belə bir deyim var ki, "yaxşı qapıçı komandanın yarısıdı". Ancaq elə oyunlarda olur ki, qapıçı komandanın əsasını təşkil eləyir.  Qazanılan hər bir qalibiyyətdə qapıçılar müəyyən dərəcədə kölgədə qalsa da, komanda daxilində onun uğuru dəyərləndirilir. Son dünya çempionatına nəzər salsaq, bəzi mütəxəssislərin də bildirdiyi kimi, “qapıçıların çempionatı” şərti adı alan mundial komandada əlcək sahibinin nə dərəcədə önəmli olduğunu bir daha sübut edir.

 

Millimizə nəzərə salsaq görərik ki, daim qapıçı cəhətdən əziyyət çəkməmişik. Yığmamızın məğlub olduğu oyunlarda belə, azarkeşlər qolkiperlərimizdən narazı qalmayıblar. Bu da onun göstəricisidir ki, qapıçılarımız üzrə aparılan işlər uğurlu alınıb və hazırda da müvəffəqiyyətlə davam etdirilir. Misal olaraq son dövrlərdə öz çıxışları ilə azarkeşlərimizin rəğbətini qazanan Kamran Ağayev, Səlahət Ağayev, Aqil Məmmədov, Anar Nəzirov və Andrey Popoviç kimi əlcək sahibləri qapımızın nə dərəcədə etibarlı əllərdə olduğunu göstərir. Bu qapıçıların üzə çıxmasında və yüksək səviyyəyə gəlib çatmasında qapıçılar üzrə çalışan məşqçilərimizin işi yüksək qiymətləndirilməlidir. Bir vaxtlar millimizdə də çalışan, hal-hazırda isə “Sumqayıt”ın qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyevin əməyi danılmazdır. Millimizə dəvət olunan qapıçıların yüksək səviyyədə çıxış etməsi Tarıverdiyevin gördüyü işdən xəbər verir.

 

Etibar Tarıverdiyev barədə öz fikirlərini Sportal.az-la bölüşən millimizin qapıçıları maraqlı fikirlər səsləndiriblər:

 

Kamran Ağayev (“Kayserispor”, Türkiyə)

“Əslində qapıçını oyuna hazırlayan məşqçidən çox şey asılıdır. Baxır, məşqçi qapıçını oyuna necə motivasiya edir. “Xəzər Lənkəran”da ayrılandan sonra 6 ay klubsuz qaldım. Həmin vaxt “Sumqayıtın”ın qapıçılarla işləyən məşqçisi Etibar Tarıverdiyev mənə fərdi məşqlər keçdi. Həmin vaxt o eyni zamanda milli komanda da çalışırdı. Portuqaliya yığması ilə səfər oyunu öncəsi mənə fərdi məşqlər keçdi. Fiziki formamı bərpa etmək üçün Etibar müəllim əlindən gələni etdi. Onun əziyyətini itirə bilmərəm. Həm insan həm də məşqçi kimi yaxşıdır. Məşqlər zamanı onda belə bir özəllik müşahidə etdim ki, Etibar müəllim qapıçılarla çalışanda yorulmaq bilmir. Əsas da qapıçılarda hansı cəhətlər çatışmır onun üzərində işləyir. Açığı, işini layiqincə yerinə yetirən məşqşidir. Digər yandan o,nizam-intizamlı və işinə məsuliyyətlə yanaşır. Əfsuslar olsun ki, belə mütəxəssislər futbolumuzda çox deyil.

 

Aqil Məmmədov (“Neftçi”)

“2013-cü ildə Bakıda keçirilən hərbçilərin dünya kubokunda milli komandaya cəlb olunmuşdum. Həmin vaxt “Bakı”da çıxış edirdim. Klubumda mütəmadi oynamadığım üçün hardasa oyun praktikası baxımından əziyyət çəkirdim. Dünya kuboku oyunlarına məni xüsusi proqram üzərində hazırlaşdırdı. Yarış öncəsi toplanışda müxtəlif növdə məşqlər keçdi. Bunun məntiqi nəticəsi olaraq sonda dünya çempionatının ən yaxşı qapıçısı seçildim. Bir sözlə, onun çəkdiyi əziyyət sonda mənim uğur qazanmağımda böyük rol oynadı. Həmin uğurun ardını “Bakı”da davam etdirdim. Etibar müəllimlə işləmək mənə xoş idi”.

 

Anar Nəzirov (“Qəbələ”)

“Sumqayıt”da keçirdiyim 6 ayda onadn çox şey öyrəndim. Açığı, onun məşqlərindən həzz alırdım. Vaxt elə gəlib keçirdi ki, məşqdən doymaq olmurdu. Çünki Etibar müəllimin verdiyi məşqlər yorucu olmurdu. Onun məşqləri mənim yüksəlişimə təsir etdi. Özüm də görürdüm ki, hardasa getdikcə artırıram. Milli komandaya dəvət alandan sonra da istəyim daha artdı. Onun başçılığı aıtında etdiyim məşqlərin mənə böyük köməyi dəydi”.

 

 

Səlahət Ağayev (“İnter”)

“Etibar müəllimin özünəməxsus iş metodu var. O, qapıçıların daha çox zəif cəhətlərini aradan qaldırmağa çalışır. “Sumqayıt”da oynadığım müddətdə mən bunun şahidi oldum. O da ölkədə ən yaxşı qapıçı məşqçilərdən biridir. Hər halda onun məşqçi kimi qapıçıları hazırlamaq üçün necə zəhmət çəkdiyini gördüm”

 

Andrey Popoviç (“Sumqayıt”)

 

“Türkiyənin “Dovşanlıspor” klubundan “Sumqayıt”a keçəndə formada deyildim. Orada o qədər çətinliklərlə üzləşmişdim ki, psixoloji cəhətdən hazır deyildim. Bu baryeri necə aşacağımı öz-özlüyümdə düşünürdüm. Lakin Etibar müəllim sağ olsun ki, mənim özümə gəlməyimdə kömək oldu. Açığı, məni qapıçı kimi yenidən ayağa qaldırdı. Bunun da əsas sirri Etibar müəllimin qapıçılarla xüsusi proqram üzrə işləməsidi. Qapıçılara müxtəlif növlü tapşırılar verməklə məni əvvəlki formama qaytardı. Mənim qapıçı kimi yetişməyimdə onun böyük zəhməti var. Çünki, Bakıya gəldiyim gündən o, dayanmadan əziyyət çəkib və qapıçı kimi püxtələşməyimdə əvəzsiz rolu var. Məhz bunun bəhrəsidir ki, mən hal-hazırda milliyə dəvət alıram. Hər dəfə özü də mənə bildirir ki. daim üzərində çalışmalısan və daha da artırmalısan. Sözsüz ki, onun bu tövsiyələri mənim gələcəkdə daha da güclü qapıçı kimi tanınmağıma şərait yaradacaq”.

 

Şahin Oğuz 

Xəbər xətti