Mahir Mədətov: "Nikolay Adamdan cavab gözləyirəm"
"Bakı"nın gənc futbolçusu Mahir Mədətovun Sportal.az-a müsahibəsi:
- Sabah Premyer Liqanın 30-cu turunda "İnter"lə qarşılaşacaqsınız. Hazırlıqlar necə gedir?
- Hər şey yaxşı gedir, komandada maliyyə problemləri olmasına baxmayaraq, komanda olaraq hər kəs canla, başla məşq edirik. Çalışırıq ki, problemləri bir kənara qoyub oyuna köklənək. Bu qarşılaşmada meydana xal qazanmaq üçün çıxacağıq.
- Son iki ardıcıl oyunda komanda xal qazanır. Bu motivasiya baxımından sizə kömək olur?
- Əlbəttə. Düzdü, "Sumqayıt"la oyunda qələbə qazanmaq istəyirdik, amma alınmadı. Ancaq bu vəziyyətdə "Qarabağ" kimi komandadan xal almaq bizə xüsusi motivasiya verir
- Ötən ayın sonlarında 19 yaşlılardan ibarət milli komandamız AÇ-nin seçmə mərhələsinin elit raundunda 3 oyunda məğlub oldu. Bir kapitan kimi, bu uğursuzluğun səbəbi nə idi?
- Həm İngiltərə, həm də Fransa ilə oyunda komanda olaraq yaxşı təsir bağışladıq, düzdü, son matçda Danimarkaya qarşı çox pis oynadıq. Məncə, belə səviyyədə turnirə ilk dəfə düşdüyümüz üçün nəticə yaxşı alınmadı. Bizim əsas hədəfimiz elit-raunda vəsiqə qazanmaq idi. Çünki neçə illər idi, millimiz bu mərhələyə yüksələ bilmirdi, bu il isə həm 17 yaşlılar, həm də biz bu uğuru qazandıq. Onu da qeyd edim ki, biz səviyyə olaraq heç bir komandadan zəif deyildik. Lakin sonda futbolçuların fərdi ustalığı öz sözünü deyirdi.
- Həmin oyunlarda "Ayntraxt" klubunun rəsmiləri sənin oyunlarını izləmək üçün ora gəlmişdilər.
- Oyunlarımı izləmək üçün stadiona gəldiklərini bilirdim, amma onlarla heç bir söhbətim olmayıb. O an "Ayntraxt" haqda düşünmürdüm, çünki milli komanda üçün ordaydım və çalışırdım ki, bütün fikrimi milli komandanın oyunlarına cəmləyim.
- Ümumiyyətlə, "Ayntraxt"a keçidin nə yerdədi? Transfer reallaşa bilər?
- "Ayntraxt"da oynamğı çox istəyirəm. Amma hələlik mən də Nikolay Adamdan cavab gözləyirəm. Bir-iki şəxsi işlərim var, onları həll edikdən sonra baş məqşçi ilə əlaqə saxlayacam.
- Mətbuatda adın "Lans"la da hallanır...
- "Lans"dan çox "Ayntraxt"da oynamağı istəyirəm. "Lans"a gedəcəyim deyilsə də, hələ qərarımı verməmişəm. Fransa futbolu və çempionatını elə də sevmirəm, amma nə də olsa Azərbaycandan daha üstün səviyyədədi. Hələlik düşünürəm, ani qərar verib geriyə düşmək istəmirəm. Bir az səbrli olub doğru qərar verəcəyimə inanıram.
- "Qarabağ"a keçidin gündəmdə idi. Əgər "Lans" və "Qarabağ" arasında qalsaydın, hansı seçimi edərdin?
- Gündəmdə olsa da, hələlik rəsmi bir şey yoxdu. Hazırda "Bakı"nın oyunçusuyam, mövsümün başa çatmasına 6 tur var. Bundan sonra fikirləşəcəm. İndi "Bakı"nın düzəlməsini istəyirəm. Amma onu deyim ki, "Qarabağ" heç də "Lans"dan geri qalmır. "Lans" güc futbolu oynayırlar və fiziki göstəricilərin hesabına qalib gəlirlər. Amma onların "Qarabağ" kimi gözəl futbol oynadığını görməmişəm.
- Yaşar Seyidov bildirib ki, "Bakı" I Diviziona düşsə, orda da oynayacaq. Düşünmürsən ki, sənəd məsələsində problem yaransın?
- İlk olaraq onu qeyd edim ki, məni bir futbolçu kimi "Bakı" yetişdirib və üzə çıxarıb, bu həmişə də belə olaraq qalacaq. Bunu heç kim dana bilməz. Hazırda da komandada bütün futbolçular çalışır ki, komanda I Diviziona düşməsin. Bunu heç kim istəmir və əminəm ki, "Bakı" növbəti mövsümdə Premyer Liqada mübarizəni davam etdirəcək. I Diviziona düşəsi olsa, müqaviləm komanda ilə bu il başa çatır və komandamla vidalaşmalı olacam. Çünki hazırda gəncəm və məni karyera maraqlandırır. Əgər divizionda oynasam, siz də mənlə razı olarsınız ki, karyeramın üzərindən xətt çəkmiş olaram. Amma inanmıram ki, "Bakı" gənc futbolçuları divizionda oynadaraq, onların qarşısını kəssin. Bir daha qeyd edim, "Bakı"nın Diviziona düşəcəyinə inanmıram.
saytlarin hazirlanmasi