Hüseyn Məhəmmədov Rəşad Sadıqovun qarşısını ala bilmədi, millinin futbolçuları qələbə qazandı

16:10 - 29 Aprel 2015

"Kim qol vurursa-vursun, Rəşadın qol vurmağına imkan vermək olmaz"

 

Qara Qarayev, Rəşad Sadıqov, Əfran İsmayılov, Mirhüseyn Seyidov, Eltun Yaqublu, Fərhad Vəliyev... Onları həmişə yaşıl meydanlarda görməyə alışmışıq. Millininin oyunlarında, avrokuboklarda, çempionat matçlarında onlara azarkeşlik edirik.

 

Bu, geniş publikaya görünən tərəfidi. Görünməyən tərəf isə bu futbolçuların özlərinə məxsus futbol oyunlarıdır. Bu oyunlar isə adətən böyük meydanlarda yox, kiçik meydanlarda təşkil olunur.  

 

Belə oyunlardan biri ötən gün axşam keçirilib. Bir tərəfdə Rəşad Sadıqovun, o biri tərəfdə isə gənclərdən qurulmuş komanda. Şərtə görə, hər komandanın heyətində 1 həvəskar oyunçu olmalıydı. Oyun altı-altıya (bir qapıçı və beş oyunçu) keçirilirdi.

 

Rəşad Sadıqovun komandasını kiçik milli də adlandırmaq olardı. Fərhad Vəliyev, Qara Qarayev, Mirhüseyn Seyidov, Əfran İsmayılov, Eltun Yaqublu və “doktor” deyə çağırdıqları həvəskar. Qarşı tərəfdə isə əsasən Premyer Liqa və birinci divizonda çıxış edən gənc futbolçularla yanaşı təcrübəli Hüseyn Məhəmmədov da var idi. Bəribaşdan deyək ki, təcrübəli qapıçı oyuna əlavə rəng qatırdı. “Qusik” qurtarışları ilə yanaşı, özünəməxsus atmacaları ilə də matçı izləyənlərə kef yaşadırdı. İlk baxışdan Sadıqovun komandası daha əzəmətli görünsə də, reallıqda kiçik futbol böyükdən çox fərqlənir. Və burada ad-sandan daha çox belə meydançalarda oynamağa alışıqlıq, vərdişlər daha böyük rol oynayır.

 

Düzdür, Sadıqovun komandası oyun başlayan kimi təşəbbüsü ələ aldı. Xüsusilə, Qara Qarayev və Mirhüseyn Seyidov ikilisi hərəkətliliyi və fərdi oyunuyla rəqibi çaş-baş salmağa çalışırdı. Lakin hiss olunurdu ki, onların bu tərzdə oynaması Rəşadı qane eləmir. Kapitan onlardan komanda oyununa üstünlük vermələrini istəyirdi. Rəqib komanda daha çox müdafiə olunmağa üstünlük verirdi ki, matçı izləyənlər ilk qolu düz 35 dəqiqə gözləməli oldular. Buna qədər topla “döyülən” Məhəmmədov daha tab gətirmədi. “Qusik” Mirhüseyn Seyidovun zərbəsini tordan çıxarmalı oldu. Az sonra Əfran İsmayılov ikinci qolu vurdu. Vəziyyətin getdikə ağırlaşdığını görən “Qusik”in səsi bütün meydançanı bürüdü:  “Rəşada zərbə vurmağa imkan verməyin, kim qol vurursa-vursun, Rəşadın qol vurmağına imkan vermək olmaz”. Ancaq alınmadı. “Qusik”lə təkbətək çıxan Rəşad qapıçını aldadıb komandasının 3-cü qolunu vurdu. Hüseyn Məhəmmədovgilin komandasında ən təhlükəli epizodun qəhrəmanı Səid müəllim oldu. Lakin həvəskar oyunçunun zərbəsi tirə dəydi. Qapı tiri olmasaydı, Fərhad Vəliyev bu qolu əngəlləyə bilməyəcəkdi. Beləliklə, oyun Rəşad Sadıqovun komandasının 3:0 heablı qələbəsi ilə sona çatdı.

Xəbər xətti