Bu iki kluba qarşı böyük cəbhə hazırlanır
Vəziyyət çox pisdi, günü-gündən də lap pisləşir. Yox, söhbət yalnız klublardakı maliyyə böhranından getmir. Pul elə şeydir ki, bu gün var, sabah yoxdur və ya bu gün yoxdur, sabah olar. Azərbaycan futbolunun düşdüyü vəziyyət isə daha ciddi, daha qəlizdir.
Azərbaycan futbolunu ələ keçirmək uğrunda amansız savaş gedir və artıq klublarımızın 60 faizi işğal altındadır. Növbəti mövsümdən klublara maliyyə yardımının verilməsi ideyası da bu planın tərkib hissəsidir. İlkin versiya olaraq, hər kluba dövlət tərəfindən 1,5 milyon manat yardım ediləcəyi deyilsə də, bu rəqəm hətta 3 milyon da ola bilər. Amma...
Dövlətin bu yardımı bütün klublara yox, yalnız AFFA-nın “bayrağı” altına keçməyə razılıq verənlərə ayrılacaq. Yəni, bu pulu alan klublar faktiki AFFA-nın nəzarəti altına keçəcəklər. Necə deyərlər, “sifarişi pulu verən eləyir”. Həmin klublarda Müşahidə Şurası yaradılacaq ki, həmin şuranın tərkibini də AFFA müəyyənləşdirəcək. Hansı əsaslarla? Bizdə başqa nə cürə ola bilər ki – “el adətiylə”. “Neftçi” buna bariz nümunə oldu... “Flaqman”ın Müşahidə Şurasında futboldan uzaq, futbol camiəsində heç bir çəkisi olmayan insanları toplamaqla əsl məqsədlərini açmış oldular. Bu, işğalın ilk mərhələsi idi.
“Sumqayıt” yarandığı gündən AFFA-nın proyekti idi, “Neftçi”ni də ələ keçirdilər. Bu minvalla “Bakı”, “Simurq”, “İnter”, AZAL və aşağıdan gələn daha bir neçə klubu özününküləşdirsələr, “Qəbələ” və “Qarabağ”ı bu çempionatda yaxşı heç nə gözləmir. Niyə?
Çünki, işğalın əsas strategi sayılan AFFA-nın baş katibi Elxan Məmmədovun planlarını pozan əsas klublar məhz “Qəbələ” və “Qarabağ”dır. Məmmədov anlayır ki, bu klubları ələ keçirmək mümkün olmayacaq. Hər iki klubun başında elə şəxslər dayanıb ki, onların artıq təqdimata ehtiyacı yoxdur. İstər Heydərovlar, istərsə də Gözəl ailəsi ölkənin ən ali təbəqəsinə aiddirlər. Onlara məxsus klubları pul hesabına ələ keçirmək çox gülünc görünür, həm də mümkünsüz! Əslində, Mübariz Mənsimovun “Xəzər Lənkəran”ı da AFFA üçün problem sayıla bilərdi. Ancaq iddiasını itirən və sıradan iştirakçıya çevrilən Lənkəran klubu hal-hazırda təhlükə deyil.
Uzun illərdir almanların əliylə millidə milyonları dağıdan qüvvələr indi “Neftçi” kimi “yağlı tikəni” ələ keçiriblər. Bu dəfə də, ssenari eyni olacaq. Böyük büdcə, bahalı əcnəbi məşqçi, bahalı legionerlər... Ancaq bu dəfə qarşıya qoyulan vəzifə bir qədər çətindir. Millidə camaatın başını 8-9 xalla qatmaq mümkün idisə, “Neftçi”də azarkeşləri yalnız çempionluq qane edəcək. Lakin “Qəbələ” və “Qarabağ” kimi hər cəhətdən güclü klubların olması bu planın reallaşmasını xeyli qəlizləşdirir. Ona görə də, bu iki kluba qarşı böyük cəbhə hazırlanır ki, bu mübarizədə yalnız “Xəzər Lənkəran” neytral qalacaq. Qalanları isə bir ideya ətrafında birləşməli olacaqlar.
Klubların pis vəziyyətdə olması kənardan nə qədər acı görüntü olsa da, bu durumdan xeyirinə istifadə eləyənlər də var. Əslində, həmişə belə olub. Müharibələr insanlara ağrı-acı verəndə, bundan öz mənfəəti üçün yararlananlar həmişə olub...
Emin ABBASOV
saytlarin hazirlanmasi