Berbatovla Bakıya revanş arzusu ilə

12:37 - 13 Sentyabr 2015

Qrup mərhələsinə start

 

Tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksələn “Qəbələ”ni qarşıda daha məsul oyunlar gözləyir. Belə ki, Roman Qriqorçukun yetirmələri sentyabrın 17-də qrup mərhələsində mübarizə başlayırlar. Həmin gün Bakıda, “Bakcell Arena”da Yunanıstanın PAOK klubu ilə keçiriləcək matç saat 22:00-da start götürəcək.

 

Sportal.az xəbər verir ki, bu məqalədə “Qəbələ”nin PAOK-la oyununa toxunmaqla yanaşı, “C” qrupundakı digər rəqiblərimiz – “Borussiya” (Dortmund, Almaniya) və “Krasnodar”ın (Rusiya) da təqdimatına yer ayıracağıq.

 

Berbatovla Bakıya revanş arzusu ilə

 

Heç şübhəsiz ki, qarşıdakı oyun yunanlar üçün revanş xarakteri daşıyır. Məsələ burasındadır ki, “Qəbələ” Avroliqanın pley-off mərhələsində bu ölkənin digər təmsilçisi “Panatinaikos”u üstələyib (0:0; 2:2). Buna görə də PAOK “böyük qardaş”ının aqibətini yaşamamaqdan ötrü, istər-istəməz, qələbəyə köklənəcək, Bakıdan sərfəli nəticə ilə dönməyə çalışacaq. Ancaq Saloniki futbolçularına səfər matçının çox ağır olacağını bəri başdan əminliklə söyləmək mümkündür. Təsnifat mərhələsində daha güclü rəqibləri məğlub edən “Qəbələ” doğma azarkeşlər önündə uğurun davamını gətirmək, qrup mərhələsinə məhz 3 xalla başlamaq niyyətindədir.

 

Maraqlıdır ki, Azərbaycan klubları ilə ilk dəfə üzüzə gələcək PAOK-un Qafqazla müəyyən bağlılığı var. Kluba 2012-ci ildən etibarən yunan əsilllı rusiyalı iş adamı İvan Savvidis himayədarlıq edir. Onun gəlişindən sonra “qara-ağlar”ın uğurları bir qədər də artıb. Ümumiyyətlə, əsası 1926-cı ildə qoyulan klub Yunanıstan Superliqasında 2 dəfə qızıl, 6 dəfə isə gümüş medallara yiyələnib. Komanda düz 17 dəfə ölkə kubokunun finalında çıxış etsə də, cəmi 4 matçdan qalib ayrılıb.

 

PAOK-un avrokuboklarda ən böyük uğuru isə 1973/74 mövsümündə UEFA Kubokunun 1/4 fi nalına qədər irəliləməsidir. Son illərdə isə Saloniki təmsilçisi bir qayda olaraq, Avroliqanın qrup mərhələsində yarışmağa adətkardır. Daha dəqiqi, PAOK son 6 ildə 5-ci dəfə qrup mərhələsinə yüksəlir. 2010/11, 2011/12 və 2013/14 mövsümlərində isə yunanlar hətta 1/16 fi nalda iştirak hüququ qazanıblar. PAOK son Yunanıstan çempionatını 5-ci pillədə başa vurmaqla, Avroliqanın II təsnifat mərhələsinə vəsiqə qazanıb. “Qara-ağlar” qrup mərhələsinə qədər Xorvatiyanın “Lokomotiva” (1:2, 6:0), Slovakiyanın “Spartak” (1:0, 1:1) və Danimarkanın “Brondbü” (5:0, 1:1) klublarını mübarizədən kənarlaşdırıblar.

 

Komandaya yaxın keçmişdə “Yuventus”da parlaq oyunu ilə yadda qalan İqor Tudor baş məşqçilik edir. Heyətdə Xorvatiya, İsrail, Braziliya, Slovakiya, Bolqarıstan, Portuqaliya, Bosniya və Herseqovina, Kapo-Verde, İsveç, Albaniya və Avstraliyadan ümumilikdə 13 legioner var. Onların arasında ən məşhuru isə sözsüz ki, bu günlərdə “Monako”dan transfer olunan Dimitar Berbatovdur. 34 yaşlı hücumçu karyerasının ən yaxşı illərini 2008- 2012-ci illərdə “Mançester Yunayted”də keçirib (108 oyuna 48 qol). PAOK Avroliqanın qrupuna yüksəlsə də, ölkə çempionatına zəif başlayıb: 2 turda cəmi 1 xal.

 

Avropa "nəhəng"inə qarşı

“Borussiya”nın geniş təqdimata ehtiyac yoxdur. Dortmundluların muzeyində demək olar bütün növ medallara, kuboklara rast gəlmək olar: 8 qat Almaniya çempionu, 6 gümüş, 5 bürünc medal, Superkubokun 5 qat qalibi. Bundan başqa, qitə miqyaslı yarışlarda da “Borussiya” öz sözünü deyə bilib. Komanda 1997-ci ildə Çempionlar Liqasının qalibi olmaqla bərabər, həmin il Qitələrarası Kubokda da uğur qazanıb. Həmçinin, almanlar 1965/66 mövsümündə UEFA kubokuna sahib çıxıblar. Avrokubokların finallarında qalan 3 cəhd isə uğursuz nəticələnib. Söhbət ÇL (2012/13) və Avroliqanın (1992/93 və 2001/02) həlledici matçlarındakı məğlubiyyətlərindən gedir. “Borussiya”, xüsusilə, 2008-15-ci illərdə, almaniyalı Yurgen Kloppun rəhbərliyi altında parlaq oyunu ilə seçilib. Bu mütəxəssis azərbaycanlı futbol həvəskarlarına da yaxşı tanışdır. Çünki onun komandası 2010/11 mövsümündə Avroliqanın pley-off mərhələsində “Qarabağ”la qüvvəsini sınayıb (4:0; 1:0). Y.Klopp “era”sı bu ilin mayında başa çatıb. Dortmund klubunun Bundesliqada 7-ci yeri tutması baş məşqçi postunda dəyişikliyi zərurətə çevirib. Kloppun yerinə digər almaniyalı Tomas Tuxe təyin olunub.

 

Cari mövsüm Avroliqada III təsnifat mərhələsindən mübarizəyə qoşulan “Borussiya” Avstriyanın “Volfsberq” (1:0, 5:0) və Norveçin “Odd” (4:3, 7:2) komandalarına futbol dərsi keçib.

 

Avroliqanın sensasion komandası

Rusiya “Krasnodar”ı nəinki “C” qrupunun, bütovlükdə Avroliqanın ən gənc klubu sayılır. 2008-ci il fevralın 22-də əsası qoyulan komanda qısa zamanda kifayət qədər özünü göstərə bilib. Yarandığı ilk ildə II divizionda zona 3-cüsü olan Krasnodarın eyniadlı təmsilçisi liderdən 11 xal geri qalıb. Lakin bəzi komandaların çempionatda iştirakdan imtinası gənc kollektivin I diviziona yüksəlməsinə şərait yaradıb. İki il I divizionda oynayan
“Krasnodar”ın üzünə bəxt 2010-cu ildə yenidən gülüb. Birdən-birə 2 klubun Premyer Liqada çıxışını dayandırması krasnodarlıların avtomatik olaraq, ən elit çempionata qalxması ilə nəticələnib. Rusiya Premyer Liqasında 2011-ci ildən yarışan sözügedən komanda ilk medalını yalnız son mövsümdə qazanıb (3-cü yer).

 

2014-cü ildə isə “Krasnodar” ölkə kubokunun finalına qədər irəliləməyi bacarıb. Oleq Kononovun yetirmələri ötən il debüt etdiyi Avroliqada sensasiyaya imza atıb. Ruslar İspaniyanın “Real Sosyedad” kimi adlı-sanlı komandasını məğlub edərək, qrup mərhələsinə yüksəlib və burada 3-cü pillədə qərarlaşıb. Bu il ikinci dəfə Avroliqaya qatılan “Krasnodar”ın Slovakiyanın “Slovan” (2:0, 3:3) və Finlandiya HİK (5:1, 0:0) klublarından üstün olması ardıcıl ikinci dəfə qrup mərhələsində iştiraka imkan verib.

 

"Qəbələ" İK qəzeti

Xəbər xətti