"Qəbələ" İdman Klubundan 8 medal

13:51 - 25 Dekabr 2015

3 qızıl, 2 gümüş və 3 bürünc

 

Cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub. İki gün davam edən yarışda “Qəbələ” İdman Klubunun üzvləri də iştirak edib.

 

Sportal.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan yarışda "Qəbələ" həm kişilər, həm də qadınların yarışında təmsil olunub. “Qəbələ” 28 cüdoçu ilə qatıldığı çempionatda 8 medal qazanıb. Bunlardan üçü kişilərin yarışına təsadüf edib. 60 kq çəki dərəcəsində Vüqar Şirinli, +100 kq çəki dərəcəsində Uşanqi Kokauri bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 100 kq çəki dərəcəsində qüvvəsini sınayan Cəlil Şükürov isə yalnız finalda uduzaraq, gümüş medala yiyələnib.

 

Qadınların mübarizəsində cüdoçular 5 mükafat əldə edib. Şəhanə Alməmmədova 57 kq çəki dərəcəsində hamıdan güclü olub. 48 kq çəki dərəcəsində çıxış edən Aişə Qurbanlı yalnız finalda uduzaraq, gümüş mükafata yiyələnib. Fəridə Qurbanova (63 kq), Nərminə Əlizadə və Lalə Gülbalayeva ( hər ikisi 70 kq) Azərbaycan çempionatını 3-cü pillədə başa vurublar.

Beləliklə, cüdoçular yarışı 3 qızıl, 2 gümüş və 3 bürünc medalla yekunlaşdırıblar.

Xəbər xətti