Əyalət təmsilçisindən uğurlu nəticələr
“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın yeniyetmə futbolçular arasında təşkil etdiyi liqalarda 8 oyun keçirib.
Sportal.az xəbər verir ki, bu qarşılaşmalarda 6 qələbə qazanan təmsilçilərimi 2 görüşdə heç-heçəylə kifayətlənib.
U-17 səfərdə “Sumqayıt”la qarşılaşıb. Məhsuldar heç-heçəyə (2:2) nail olan komanda 1 xal əldə edib. 12 turdan sonra 31 xalla yarışın vahid lideri olan “Qəbələ” I dövrənin son matçında “İnter”i qəbul edəcək.
Cari mövsümdə xal itirməyən U-16 ardıcıl 12-ci qələbəsini qazanıb. Komanda səfərdə “Xəzər Lənkəran”ı məğlub edib – 2:1. 12 matçda 36 xal toplayan “Qəbələ” çempionatın vahid lideridir. Komanda 2015-ci ilin son oyununda “Sumqayıt”ı sınağa çəkəcək. U-15 ardıcıl qələbələrinin sayını 18-ə çatdırıb. “Qırmızı-qaralar” II dövrəyə “Turan” İB üzərində ev qalibiyyəti ilə başlayıb – 5:0. 54 xalla yarışın lideri olan “Qəbələ” 2015-ci ilin son matçında “Ağsu”nun qonağı olacaq.
Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 “Xəzri” İK üzərində 7:1 hesablı qələbə qazanıb. “Qırmızı-qaralar” 12 oyundan sonra 29 xal toplayaraq, qış fasiləsinə 2-ci pillədə yollanıb. U-12, U-11 və U-10 komandalarının çıxış etdiyi Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında X turun oyunları keçirilib. Oğuz UGİM-i ilə qarşılaşan U-12 10:0 hesabı ilə qalib gəlib. “Qırmızı-qaralar” 9 oyunda 25 xal toplayaraq 1-ci yerdə qərarlaşıb. Komanda ili “Daşqın”la qarşılaşma ilə tamamlayacaq. U-11 Liqasında 9-ci qələbəsini qazanan “Qəbələ” bu dəfə Mingəçevir UGİM-ini 13 cavabsız qolla keçib. Komanda 27 xalla çempionatının lideridir. Klubumuzun U-10 komandası Mingəçevir UGİM-ini 12:2 hesabı ilə məğlub edib. 10 matçda 30 xal qazanan “qırmızı-qaralar” yarışın lideridir. U-19 Qızlar Liqasında çıxış edən “Qəbələ” 9-cu oyununda “Vətən”lə sülh bağlayıb – 2:2. Hesabında 11 xal olan komanda 9 turdan sonra 4-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi