Yanvarın 5-də...
Rasim Əliyevi döyərək öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.
Sportal.az xəbər verir ki, məhkəmə gələn ilin yanvarın 5-də başlayacaq.
Dekabrın 22-də Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işinin materiallarından futbolçu Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və məhkəməyə göndərilmək mərhələsindədir.
Qeyd edək ki, həbs edilən şəxslərin bir neçəsi futbolçudur. (Report)
saytlarin hazirlanmasi