"Qəbələ" üçün ötən ilin akkordları

11:30 - 2 Yanvar 2016

Premyer Liqada 2-ci bürünc

 

Yeni ildə arxaya boylanıb, olub-keç­ənlərə n­əzər salmaq, ə­n yaxın keçmisin yaddaqalan sə­hif­ələrini varaqlamaq niyy­ətindəyik. Çünki 2015-ci il də­ xeyli maraqlı hadis­ələrlə, ugurlarla yaddaqalan olub.

 

Sportal.az ötən ildə “Q­əbə­lə­” İdman Klubu (İK) üçün ə­lamə­tdar olan hadis­ələri sizlərə t­əqdim edir:

 

 

Yeni ildə yeni baş məşqçi

 

“Qəbələ” 2015-ci ilə yeni baş məşqçi ilə start verdi. Ukraynalı mütəxəssis Roman Qriqorçuk ictimaiyyətə 2014-cü il dekabrın 21-də təqdim edilsə də, işə rəsmən 15 gündən sonra – 2015-ci il yanvarın 6-da başladı. Köhnə heyətdən yalnız azərbaycanlı Sənan Qurbanovu (2012-ci ildən “Qəbələ”də çalışır) saxlayan Qriqorçuk həmyerliləri Mixaylo Savka, Stepan Matveyev, Andrey Qluşenko (qapıçılar üzrə) və Anatoli Korotiyanı (məşqçi-analitik) özünə köməkçi götürdü. Məşqçilər korpusunun işi “Qəbələ” rəhbərliyini qane etdiyindən, bu il dekabrın 20-də Roman Qriqorçukla 2015/16 mövsümünün sonuna qədər olan müqavilənin müddəti daha bir illiyinə artırılıb. Razılaşmaya əsasən, ukraynalı çalışdırıcı 2017-ci ilin iyununadək komandanın baş məşqçisi olacaq.

 

Premyer Liqada 2-ci bürünc

Futbol üzrə Azərbaycan çempionatının 2014/15 mövsümünü “Qəbələ” yenə bürünc medalla başa vurub. Əgər 2014-cü ildə bunu rusiyalı baş məşqçi Yuri Syominin rəhbərliyi altında reallaşdırmışdıqsa, ikinci dəfə uğurun memarı ukraynalı Roman Qriqorçuk olub. Məhz Qriqorçukun taktikası “Qəbələ”yə tarixinin, eyni zamanda mövsümün ən uzun qələbə seriyasını (ardıcıl 8 zəfər) gətirib. Nəticədə son turlarda yenə “Neftçi”ni 3-cü yerdən sıxışdıran “qırmızı-qaralar” bürünc medal qazanmaqla, avrokuboklarda iştirak hüququna yiyələniblər.

 

10 illik yubiley

Avroliqanın qrup mərhələsinə vəsiqənin qazanılmasından 4 gün sonra, yəni sentyabrın 1-də “Qəbələ” İdman Klubunun 10 yaşı tamam olub. Düz 10 il öncə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən komandanın əsası daha əvvəl qoyulub. Çünki 1995-ci il iyulun 3-də “Göy Göl” adı ilə yaradılan komanda 10 ildən sonra peşəkar kluba çevrilib. İndiki “Qəbələ” 2005-ci il sentyabrın 5-də AFFA-da da qeydiyyatdan keçərək, Azərbaycan çempionatının I dəstəsində debüt edib. 2006-cı ilin əvvəlində klubun adı dəyişdirilərək “Gilan” qoyulub. İlk mövsümdə Xanları təmsil edən klub I dəstənin çempionu adına yiyələnib və yayda Qəbələyə köçüb. 2007- ci il avqustun 31-də “Gilan” PFK adını "Qəbələ” PFK-ya dəyişdirib. 2013-cü ilin əvvəlindən İdman Klubu kimi fəaliyyətə başlayan “Qəbələ”də döyüş növləri – boks, taekvondo, cüdo, sambo, karate, əlbəyaxa döyüş, həmçinin atıcılıq üzrə bölmələr də mövcuddur.

 

Avropa Liqasında gerçəkləşən xəyallar

Tarixində ikinci dəfə Avroliqada mübarizə aparan “Qəbələ” sensasion nəticələrə imza atdı. Komandamız I təsnifat mərhələsindən pley-offa qədər bütün rəqiblərini (Gürcüstanın “Dinamo”, Serbiyanın “Çukariçki”, Kiprin “Apollon”, Yunanıstanın “Panatinaikos” yarışdan kənarlaşdıraraq, ilk dəfə qrup mərhələsinə vəsiqə qazandı. Burada Avropanın adlı-sanlı klubları ilə qarşılaşan “Qəbələ” “Borussiya” (Dortmund, Almaniya), PAOK (Yunanıstan) və “Krasnodar”la (Rusiya) görüşlərdə 2 xal topladı. Klubumuzun təsnifat və qrup mərhələsində ölkəmizdə qazandırdığı xallar Azərbaycanın UEFA reytinqində bir neçə pillə irəliləməsinə səbəb oldu.

 

Yeni sponsorlar

Azərbaycan çempionatında və avrokuboklarda uğurlu nəticələr hesabına brendə çevrilən “Qəbələ”yə sponsorların da marağı artıb. Tarixin yaddaşına köçməkdə olan 2015-ci ildə klub 2 yeni sponsorla anlaşıb. “Qafqaz” Otellər Qrupu ilə bağlanan müqaviləyə görə, futbol komandaları 2015/16 mövsümünün sonunadək üzərində “Qafqaz Hotels and Resorts” yazılmış formalar geyinəcəklər. Türkiyənin məşhur “Sarar” şirkəti isə “Qəbələ” İK-nın geyim sponsoruna çevrilib. Türklər 2 il – 2015/16 və 2016/17 mövsümlərində daxili və xarici yarışlarda komandaları geyim dəstləri ilə təmin etməyi üzərlərinə götürüblər.

 

Rafael Ağayevin 12-ci çempionluğu

Türkiyənin İstanbul şəhərində keçirilən karate üzrə 50-ci Avropa çempionatında “Qəbələ”nin 2 üzvü qızıl medal qazanıb. Söhbət Rafael Ağayev (75 kq) və Niyazi Əliyevdən (67 kq) gedir. Bütün rəqiblərinə qalib gələn karate dünyasının əfsanəsi Rafael 12-ci, Niyazi isə 2-ci dəfə Avropa çempionu tituluna yiyələnib. Ümumilikdə, çempionatda Azərbaycan idmançılarının qazandığı 3 medalın 2-si “Qəbələ” klubunun payına düşüb.

 

Avropa Oyunlarında "Qəbələ" imzası"

“Qəbələ” idmançıları Azərbaycan idman tarixinin ən mötəbər yarışı sayılan I Avropa Oyunlarına özünəməxsus töhfələrini veriblər. İyunun 12-dən 28-dək davam edən bu tarixi idman hadisəsində “Qəbələ”nin 17 üzvü (5 atıcı, 5 samboçu, 3 cüdoçu, 2 karateçi, 1 taekvondoçu və 1 boksçu) Azərbaycan yığmasının heyətində mübarizəyə qoşulub. Yekunda təmsilçilərdən 5-i I Avropa Oyunlarının mükafatçıları sırasında yer alıblar. Karateçi Rafael Ağayev və boksçu Lorenzo Sotomayor qızıl, samboçular Amil Qasımovla Vasif Səfərbəyov gümüş, daha bir karateçi Niyazi Əliyev isə bürünc medal qazanıb.

 

Avropa kubokunda rekord

“Qəbələ” idmançıları daha bir mötəbər turnirdə Azərbaycan yığmasının tarixi nailiyyət qazanmasında həlledici rol oynayıblar. İtaliyanın Linyano şəhərində gənc cüdoçular arasında keçirilən Avropa Kubokunda təmsilçilərimiz özlərini ən yaxşı tərəfdən göstəriblər. Yarışda “Qəbələ”nin hər 3 cüdoçusu fəxri kürsüyə yüksəlib. Cəlil Şükürov (100 kq) və Rüfət İsmayılov (81 kq) qızıl, Rüfət Tağızadə (60 kq) isə bürünc medal qazanaraq, klubumuzun bu miqyaslı yarışlarda ən yüksək nailiyyətini gerçəkləşdirib. Yekunda 5 qızıl, 1 gümüş, 3 bürünc medala sahib çıxan Azərbaycan millisi komanda hesabında Avropanın ən yaxşısı olub.

 

Qəbələdə atıcılığın çiçəklənmə dövrü

Qəbələ Stend və Ox Atıcılığı Kompleksi 2015-ci ildə 2 nüfuzlu yarışa ev sahibliyi etdi. Öncə mayda “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən II Beynəlxalq Qran-Pri turniri keçirildi. 17 ölkədən 150-dək idmançının qatıldığı yarışda “Qəbələ”nin və Azərbaycan milli komandasının 5 təmsilçisi fəxri kürsüyə yüksəldi. Rəna Ələsgərova, Əlimirzə Quliyev, Niyaz Ağazadə qızıl, Nurlanə Cəfərova və Əli Mustafayev isə bürünc medala yiyələnib. 8-16 avqust aralığında Qəbələdə daha bir məsul turnir - olimpiya
atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsi baş tutub. Rayonumuza 100-ə yaxın ölkədən 2 minədək idmançı və nümayəndə təşrif buyurub. Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvimində dünya və Avropa çempionatından sonra ən nüfuzlu yarış sayılan Dünya Kubokunun final mərhələsində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 17 növdə 34 lisenziyanın sahibi müəyyənləşib.

 

“Ayrılıq, ayrılıq, aman ayrılıq...”

2015-ci ilin ən böyük ayrılığı isə dekabrın 5-də baş verib. “Qəbələ” Futbol Akademiyasının direktoru Stenli Brardın “qırmızı qaralar”dan ayrılmasını nəzərdə tuturuq. Təcrübəli funksioner 2016-cı ilin əvvəlindən etibarən Yaponiyanın “Noqoya Qrampus” klubunda idman direktoru kimi fəaliyyətini davam etdirmək istədiyindən, onunla müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. Brard 2013-cü ilin aprelindən “Qəbələ” Futbol Akademiyasına rəhbərlik edirdi.

 

Akademiyanın hegemonluğu

İldən-ilə nəticələri yaxşılaşan “Qəbələ” Futbol Akademiyası 2015-ci ildə oxşar təsisatlar arasında hegemonluğunu davam etdirib. Azərbaycan çempionatları və kubok yarışlarına qatılan akademiyanın 9 komandasından 7-si mükafatçılar sırasına düşüb. U-17, U-10 qızıl, U-12, U-14, U-15, U-16 gümüş, U-19 isə bürünc medala layiq görülüb. Bundan başqa, U-17 və U-14 çempionatla paralel keçirilən kubok yarışında hamıdan güclü olub. Mükafatların sayına görə , “Qəbələ” Futbol Akademiyası özünəməxsus rekordunu təkrarlayıb: 4 qızıl, 4 gümüş, 1 bürünc.

Xatırladaq ki, akademiyamız 2012/2013 mövsümünü 5 qızıl və 1 bürünc, 2013/2014 mövsümünü isə 3 qızıl, 3 gümüş və 1 bürünclə başa vurmuşdu. 2015-ci ildə medalların həm kəmiyyətinə, həm də keyfiyyətinə görə “Qəbələ” ən yaxın izləyicisi
“Neftçi”ni nəzərəçarpacaq dərəcədə qabaqladı (2 qızıl, 2 gümüş və 3 bürünc).

 

"Qəbələ İK" qəzeti

Xəbər xətti